Qazaxıstan ATƏT-in sammitini keçirmək istəyir
ATƏT-ə sədrliyə başlayan Qazaxıstan qurumun sammitinin bu il Astana şəhərində keçirilməsi təşəbüsü ilə çıxış edib. "Qazeta.kz" saytının yaydığı məlumata görə, bu təşəbbüs ATƏT-in bir çox ölkəsi tərəfindən dəstəklənib. ATƏT-in sonuncu zirvə toplantısı 10 il əvvəl - 1999-cu ildə İstanbulda keçirilib. Bu mötəbər Avropa təşkilatının Qazaxıstandakı daimi nümayəndəliyindən alınan məlumata görə, keçirilməsi planlaşdırılan sammit 35 il əvvəl Helsinkidə başlanmış prosesə yeni həyat vermək məqsədi güdür. Qazaxıstanın xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev bildirib ki, Helsinki Yekun Aktının 35 illiyinin, İkinci Dünya müharibəsinin başa çatmasının 65 illiyinin qeyd ediləcəyi 2010-cu ildə belə zirvə toplantısının keçirilməsi təşkilatın bütün fəaliyyətinə güclü təkan verəcək: "Bu gün, ATƏT-in İstanbul zirvə toplantısından 10 il keçdikdən sonra elə an gəlib çatıb ki, məhz ölkələrimizin liderləri mövcud çağırışları dəyərləndirməli və ATƏT məkanında təhlükəsizliyin təmin olunması və əməkdaşlığa dair mühüm prioritetləri müəyyənləşdirməlidirlər". Qeyd edək ki, ATƏT-ə sədrlik 2010-cu il yanvarın 1-dən Yunanıstandan Qazaxıstana keçib. Artıq yanvarın 14-də ATƏT-in Daimi Şurasının iclasının keçirilməsi planlaşdırılıb.
Həmin iclasda Qazaxıstanın xarici siyasət idarəsinin başçısı bu mötəbər təşkilatda sədrliyin prioritet istiqamətlərini açıqlayacaq. K.Saudabayevin fikrincə, Avropa təhlükəsizliyinin yeni arxitekturasının yaradılması məsələsi xüsusi aktuallıq kəsb edir: "Artıq səkkiz ildir ki, beynəlxalq birlik Əfqanıstanda vəziyyətin sabitləşməsinə nail ola bilmir. Bu gün Avropa milli planda tamamilə başqa, çoxcəhətli və qeyri-yekcins olub ki, bu da münaqişə vəziyyətlərinin, eləcə də böyük münaqişələrin əmələ gəlməsinə səbəb olur". Qazaxıstan XİN-nin başçısı hesab edir ki, hamı tərəfindən məqbul sayılan tolerantlıq məsələsi ATƏT-in bütün üzvləri üçün çox aktual səviyyəyə yüksəlib. Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Cənubi Qafqaza səfər etməyi planlaşdırır. Qazaxıstanın ATƏT-də sədrliyinin rəsmi saytında məlumat verilir ki, 2010-cu ildə K.Saudabayevin Cənubi Qafqazla yanaşı Balkana, Şərqi Avropaya və Mərkəzi Asiyaya səfərləri nəzərdə tutulur. Səfərlərin dəqiq tarixləri hələlik məlum deyil. Bundan əlavə, Qazaxıstanın ATƏT-də sədrliyi çərçivəsində iştirakçı dövlətlərin konkret sahələrdə səylərinin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə uzun sürən münaqişələr və böhranların nizama salınması, ekologiya, nəqliyyat, dözümsüzlük və ayrıseçkilik, seçkilərin müşahidə olunması və seçki problemi sahələri üzrə şəxsi nümayəndələrin təyin edilməsi barədə qərar qəbul edilib. Qazaxıstan KİV-nin məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələrin aradan qaldırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə ölkənin ən təcrübəli diplomatlarından biri olan Bulat Nurqaliyev təyin ediləcək. B.Nurqaliyev 2010-cu il yanvarın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi postunda işləyib.
Azər NURİYEV
|