Qordon Braunu yenə devirmək istəyiblər
Leyboristlər hökumətinin iki keçmiş naziri baş nazir Qordon Brauna etimadsızlıq göstərilməsi təşəbbüsü ilə çıxış ediblər. Eks-nazirlər Patrişa Hyuit və Cef Hun Leyborist Partiyasından olan millət vəkillərinə məktub yazaraq məsələnin "birdəfəlik həllinə" çağırıblar. Onlar partiya daxilində haçalanma və narazılığın artmasından narahatlıq ifadə ediblər. Lakin partiya onları yox, baş naziri dəstəkləyib. Ölkədə parlament seçkilərinə bir neçə ay qalmış bir vaxtda təsadüf edən bu hadisə özü-özlüyündə Qordon Braunun siyasi nüfüzuna zərbə endirmiş olub. Baş nazirin ofisi yaydığı məlumatda Braunun "işi ilə məşğul olduğu" bildirilib. Parlamentdəki leyborist fraksiyasının rəhbəri isə bu çağırışa "çox az adamın dəstək" verdiyini söyləyib. Yüksək vəzifəli leyborist mənbələri BBC-yə deyiblər ki, bu addım "tamamilə konstitusiyaya ziddir". Gələn seçkilərdə namizədliyini irəli sürməyəcəyini deyən xanım Hyuit bildirib ki, bu, heç də çevriliş cəhdi deyil: "Məktubda dediyimiz kimi, biz məsələnin birdəfəlik həll edilməsini istəyirik". Hun isə iddia edir ki, əgər partiya seçkilərə gedirsə, bu məsələləri birdəfəlik həll etmək lazımdır: "Bu, Leyborist Partiyasının seçkilərə birləşmiş şəkildə getməsini təmin etmək üçün lazımdır. Bizə arxasında partiyanın birləşdiyinə əmin olan lider lazımdır".
Bir neçə kabinet naziri Brauna dəstək versə də, BBC-nin siyasi redaktoru Nik Robinson deyir ki, başqa kabinet üzvləri bunu etməyə tələsməyiblər. BBC-nin digər siyasi şərhçisi Rob Uotson bu hadisəni əhəmiyyətli bir gediş hesab edir: "Seçkilərə cəmi bir neçə ay qalmış partiyanın iki yüksək vəzifəli üzvü əslində, Qordon Braunun baş nazir və partiya lideri kimi vəzifədən kənar edilməsinə səsləyiblər. Rəy sorğuları göstərir ki, Qordon Braunun rəhbərliyi seçkilərdə hakim partiyaya mənfi təsir edir. Amma eyni zamanda, onun kənar edilməsinin partiyanın seçki şanslarına kömək edəcəyi də şübhə altındadır". Ekspert Rob Vatson qeyd edir ki, Qordon Braunun bu qalmaqaldan üzüağ çıxsa da, onun siyasi lider nüfuzuna zərbə vurulduğu şəksizdir: "İki keçmiş nazir leyborist parlamentarilərə bəlkə də sonuncu dəfə Braunu devirmək şansı yaratdılar". Əksəriyyət bu qənaətdədir ki, baş verən hadisə Leyborist Partiyası daxilində güclü parçalanma və gərginlikdən xəbər verir. Hər halda bu əhvalat müxalifət partiyaları üçün bir hədiyyə oldu. Onlar onsuz da iddia edirdilər ki, leyboristlərin hətta ən yüksək rütbəli fiqurları Qordon Braunu daha baş nazir vəzifəsində görmək istəmir.
|