|
Elnur Kərimov bıçaqla xəsarət yetirərək qardaşının həyatına son qoyub
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Məhkəmə qərşasında Qəbələ rayonu Vəndam qəsəbə sakini Elnur Kərimov cavab verib. E.Kərimova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, 2009-cu ilin oktyabrında E.Kərimov münaqişə zəminində qardaşı Seymuru bıçaqlayıb. Nəticədə S.Kərimov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Seymurun həyatını xilas etmək mümkün olmayıb. Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində E.Kərimov tutulub. İş üzrə məhkəmə baxışı yanvarın 18-də keçiriləcək.
|