Türkiyə prezidenti hesab edir ki, Ermənistanla münasibətlərin Avropa İttifaqına üzvlüklə əlaqəsi yoxdur
Türkiyə prezidenti Abdulla Gül "CNN Türk" telekanalına müsahibəsində Ermənistanla münasibətlərin normallaşmasına toxunub. O bildirib ki, məsələnin Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı heç bir əlaqəsi yoxdur. A.Gül, həmçinin qeyd edib ki, Avropa İttifaqına üzvlük məsələsi olmasa da, bu, Türkiyənin həll etmək istədiyi problemlərdən biridir. Türkiyə prezidenti vurğulayıb ki, Ermənistanla imzalanan protokollardan sonra "səssiz bir siyasət" yürüdülüb: "Biz dondurulmuş problemləri ortaya çıxarırıq və onları həll etməyə çalışırıq. Burada istifadə edilən metodları açıq şəkildə ortaya qoymaq çətinlik yaradır. Bu işdə vaxt məhdudiyyətləri var. Çox ciddi cəhdlər edilir. Açar ölkə olan Rusiya da bu istiqamətdə cəhd göstərir. Mətbəxdə bəzi şeylər bişir". Cənubi Qafqazda gedən proseslərə toxunan prezident qeyd edib ki, Qafqazdakı sülh və sabitlik böyük əhəmiyyətə malikdir: "Qafqazda Qərblə Şərq arasında maneə olmamalıdır".
A.Gül müsahibəsində Türkiyədə hərbi çevrilişin mümkün olmadığını da bildirib. Onun sözlərinə görə, bəzi xarici qüvvələr hərbi çevrilişin olmasını arzu edir, lakin belə bir hadisənin baş verəcəyini düşünmək türk ordusuna qarşı hörmətsizlik olardı. A.Gül onu da bildirib ki, Türkiyədə demokratiya günü-gündən güclənir: "Türkiyə demokratiyası güclənməkdədir və bunun nəticəsində digər ölkələrin Türkiyəyə inamı artmaqdadır". Türkiyə prezidenti onu da qeyd edib ki, Ankara regionda güc sahibidir. Gülün sözlərinə görə, ölkə hakimiyyəti ilə ordu arasında da heç bir problem yoxdur.
Azər NURİYEV
|