|
Nizami Cəfərovun fikrincə, Qarabağ probleminin həllinə daha çox yaxınlaşmışıq
"2009-cu il Azərbaycanın ictimai-siyasi həyatı üçün olduqca əlamətdardır". Bu fikirləri yurnalistlərlə söhbətində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov səsləndirdi. Onun sözlərinə görə, ölkəmizin uğurları 2000-ci illərin əvvəlindən başlayan sürətli inkişafla xarakterizə olunur. Bu prosesdə ilk növbədə Azərbaycanda demokratikləşmə prosesinin genişlənməsi başlıca rol oynayır: "Ölkə prezidentinin dediyi kimi, zəngin olmayan, iqtisadi cəhətdən inkişaf etməyən bir ölkədə demokratikləşmə prosesindən danışmaq olmaz. Azərbaycanın ictimai-siyasi həyatındakı bu inkişafın əsas səbəblərindən biri dönməz iqtisadi inkişafın təmin olunmasıdır.
Bu il də dünya iqtisadi böhranının davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında yüksəliş özünü göstərdi. Bu da onunla bağlıdır ki, Azərbaycan iqtisadi-təsərrüfat həyatını, özünün maliyyə həyatını ciddi əsaslar üzərində qurub". N.Cəfərov bildirib ki, Azərbaycanın böyük potensialı var. Amma düynada gedən proseslər istər-istəməz Azərbaycandakı proseslərə də təsir edir: "Bununla yanaşı, Azərbaycanın özünəməxsusluğu var. Sovetlər birliyi dövründə Azərbaycan Rusiyadan sonra özünü iqtisadi baxımdan təmin edən ikinci respublika idi. Yəni əvvəlcədən mövcud olmuş bu potensialı indiki daha mürəkkəb dövrdə reallaşdırmağı bacarmaq Azərbaycanın idarəçilik sisteminin nə qədər elmi prinsiplərlə aparıldığını göstərir". Qeyd edək ki, ötən il Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar prosesi də xeyli intensivləşdi. Bu baxımdan görəsən, bu intensivlik qısa zamanda özünün müsbət nəticələrini verə bilərmi? N.Cəfərovun fikrincə, 2009-cu ilin ən mühüm hadisələrindən biri Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar müzakirələrin intensivləşməsi olub: "Azərbaycan iqtisadiyyatının inkişafı istər-istəməz Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırır. Bəziləri deyirlər ki, münaqişənin həlli üçün başqa yollar axtarmaq lazımdır, düynanın böyük gücləri işə daha fəal qoşulmalıdırlar. Amma mən yenə də birinci olaraq Azərbaycan faktorunu əsas görürəm. Çünki ölkəmizin iqtisadi inkişafı, demokratiya və dövlət quruculuğu sisteminin mükəmməlləşməsi prosesi getməsəydi, dünyadakı böyük güclər bu məsələnin həllində həlledici rol oynaya bilməzdilər. Düşünürəm ki, bu il biz Dağlıq Qarabağ probleminin həllinə daha çox yaxınlaşmışıq. Ümid edirəm ki, növbəti dövr münaqişənin konkret həlli ili olacaq". Ümumiyyətlə, görəsən, ötən il ölkəmizin mədəni həyatında nə kimi yeniliklər baş verib? Komitə sədrinin bildirdiyinə görə, Azərbaycanın mədəniyyəti çox yüksək səviyyədə inkişaf edib: "Biz həmişə demişik ki, Azərbaycanın iqtisadi potensialı onun mənəvi-mədəni potensialına çevrilməlidir və bu istiqamətdə çox böyük işlər görülüb. Azərbaycan dünya mədəniyyətinə inteqrasiya olunur. Ötən il ərzində ölkəmizdə həm Qərbi, həm Şərqi özündə birləşdirən xeyli tədbir keçirildi. Xüsusilə, Bakı şəhərinin İslam Mədəniyyətinin paytaxtı seçilməsi çox mühüm hadisə idi. Bu hadisə yalnız deklorativ xarakter daşımadı. Yəni olduqca çox tədbir keçirildi. Muğam konsertlərindən başlamış kitab nəşrlərinə, sərgilərinə qədər işlər görüldü". Mədəniyyət komitəsinin sədri ötən il rəhbərlik etdiyi qurumun əsasən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə on il əvvəl qəbul olunmuş "Mədəniyyət haqqında" qanun üzərində təhlillər apardığını söyləyib: "Biz ölkədə gedən mədəni inkişafı, mədəniyyət sahəsində qanunvericilik və idarəçilik texnologiyasının təkmilləşməsi üçün çalışmışıq. Bu müzakirələr başa çatmaq üzrədir. Biz qanuna yeni anlayışlar gətiririk. Əgər 1990-cı illərin ortalarında Azərbaycan mədəniyyətinin inkişafı üçün ölkənin maddi vəziyyəti yüksək deyildisə, hazırda mədəniyyətə böyük vəsait sərf olunur. Eyni zamanda, bu sahədə bir sıra yeni münasibətlər yaranıb. Azərbaycan dünya mədəniyyətinə inteqrasiya olunur, öz mədəni irsinə daha hörmətlə yanaşır və onu dünya miqyasına çıxarır. Bütün bunlar qanunvericilikdə əksini tapmalıdır".
İlham QULİYEV
|