|
Söz azadlığı carçılarının öz ölkələrindən xəbərləri varmı?
Ötən nömrəmizdə ABŞ-da Hel Terner adlı blogger və radioaparıcının məhkum edilməsi haqda yazmışdıq. Blogger bu ilin iyununda apelyasiya məhkəməsi kollegiyasının 3 hakimini Çikaqo və onun Ouk-Park adlanan şəhərətrafı məhəlləsində odlu silah gəzdirilməsinə tətbiq olunan bəzi qadağaları aradan qaldırmadıqlarına görə hədələyib və öz bloqunda bu barədə məlumat yerləşdirib. O, adıçəkilən hakimlərin ölümə layiq olduqlarını bildirib və qeyd edib ki, bu, milyonların öz azadlıqlarını realizə etməsi üçün kiçik qiymətdir. Bunun ardınca həmin hakimlərin şəkillərini və yaşayış ünvanlarını bloqunda yerləşdirən Terner qısa zamanda həbs edilib.
Bloggerə qarşı federal apelyasiya məhkəməsinin hakimlərini hədələmək maddəsi ilə iş qaldırılıb. Məsələnin ən maraqlı tərəfi ondadır ki, həbs edilən Terner girov müqabilində azadlığa çıxmaq istəsə də, onun bu təklifindən imtina edilib. Bu da Amerika demokratiyası, bu da söz azadlığı, bu da sizin üçün azad ölkə. Nə bilmişdiniz? Hə, bu faktı oxuyandan sonra dünyada "blogger ovu" haqda məlumat toplamağı qərara aldıq. Bəlli oldu ki, söz azadlığının, insanların özünü azad ifadə etmə hüququnu pozan ölkə tək ABŞ deyilmiş. Vaşinqton Universitetinin əməkdaşları tərəfindən hazırlanmış "World Information Access" məruzəsinə əsaslanaraq "BBC News" xəbər verir ki, son beş ildə 64 bloger həbs olunub. Bunlardan 36-sı 2007-ci ildə həbs olunub, yəni 2006-cı ilin göstəricisindən 3 dəfə çox. "World Information Access" məruzə müəllifləri bunu siyasi həyatda internet-gündəliklərin rolunun artması ilə əlaqələndirirlər. Qeyd olunur ki, həbslərin əksəriyyəti siyasi qeyri-müəyyənliklər, məsələn, seçkilər və ya kütləvi etiraz aksiyaları zamanı baş verir. "Blogger ovu"na görə ABŞ, Böyük Britaniya, Fransa, Yunanıstan, Kanada, Asiya və Yaxın Şərq ölkələri liderlik edir. Bloggerlərin hüquq müdafiə təşkilatlarının hesabatı əsasında hazırlanmış siyahıya görə, Böyük Britaniyada 2 (hal-hazırda həbsdədir), ABŞ-da 2, Çində 34 (24 nəfər hal-hazırda həbsdədir, 10 nəfər azadlığa buraxılıb), Tunisdə 19 (3 nəfər hal-hazırda həbsdədir, 16 nəfər azadlığa buraxılıb), Mərakeşdə 3 (3 nəfər azadlığa buraxılıb), Malayziyada 3 (3 nəfər azadlığa buraxılıb), Birləşmiş Ərəb Əmirliklərində 2 (2 nəfər azadlığa buraxılıb), Rusiyada 2 (2 nəfər azadlığa buraxılıb) blogger azadlıqdan məhrumetmə cəzasına layiq görülüb. Bundan başqa, Avstraliya, Kanada, Almaniya, Finlandiya kimi ölkələrin hər birində həbsdə olan bloggerlər var. Bu da insan haqları, söz azadlığı deyib ağzından köpük tökülən demokratik ölkələr. Məlumat üçün qeyd edək ki, bu ilin may ayında BMT-nin İnformasiya Komitəsinin Nyu-Yorkda keçirilən iclasında son iki ildə həbs olunan yurnalistlərin 45%-nin blogger olduğu bildirilmişdi. Həbsdə olan İnternet-yurnalistlərin sayı artmaqda davam edir. Hazırda ən azı 68 blogger, İnternet-reportyor və onlayn nəşrlərin redaktorları həbsdədir. Bu, həbsdə olan bütün yurnalistlərin yarısıdır. Elə isə özlərini demokratik sayan ölkələrdə həbsdə olan bloggerlər haqda ətraflı yazaq. ABŞ. Federal Tədqiqatlar Bürosunun əməkdaşları məlumat veriblər ki, 27 avqust 2007-ci ildə Kevin Koqil adlı şəxs həbs olunub. Səbəb kimi onun "Chinese Democracy" (Çin demokratiyası) albomundan 9 mahnını internetdə yerləşdirməsi göstərilir. Vəkillərin tələbindən sonra mahnılar internet şəbəkələrdən silinib. Lakin blogger həmin mahnıları öz saytında yerləşdirib. Buna görə bloggeri həbs ediblər. Mahnı yerləşdirdiyi üçün. Özü də ABŞ kimi "demokratik" dövlətdə. Böyük Britaniya. 35 yaşlı məmur Darren Uokeri sərt yazılara görə həbs ediblər. O, Nyukasl Kral Məhkəməsində cəzaya məhkum edilib (mənbə: BBC Nyus). Darren Uokerin zorakılıq səhnələri ilə dolu yazısında virtual qatilin "Girls Aloud" qrupunun beş qız üzvünü qətlə yetirməsini təsvir edib. Motiv təxminən belədir: 2007-ci ildə kraliçaya qarşı təhqirli ifadələr işlədən saytları axtaran Skotland-Yarddan olan kiberpolislərin diqqətini "Girls Aloud" qrupunda çıxış edən qızların qətl seriyasını detalları ilə əks etdirən yazı cəlb edib. Darren Uoker internetdə yerləşdirdiyi 12 səhifəlik yazıda qızların oğurlanmasını, əzabverici və uzunmmüddətli cəzalandırılmalarını detallarına qədər göstərib. Fantastik müəllif məqaləsinə "Girls (scream) Aloud" ("Qızlar möhkəm qışqırın") adı verib. Vebsayt başqa dövlətin ərazisində qeydiyyatdan keçməsinə baxmayaraq, müəllif Britaniya vətəndaşı olduğu üçün onu bu ölkədə mühakimə ediblər. Təkrar edirik, blogger təxəyyülünün məhsulunu dərc etdiyi üçün həbs olunub. Ağlasığmaz iddialarla. Özü də bizə demokratiya dərsi keçən Böyük Britaniyada. Dövlət ittihamçısı hesab edir ki, bu cür səhnələr zorakılığı sürətləndirir. Rusiya. Sıktıvkardan olan blogger Savva Terentyevin həbsi anormal iddialarla bağlıdır. Bloggerin məhkəməsinə 13 hakim cəlb edilib, 5 məhkəmə zalı dəyişdirilib. İttihamlar gülüncdür. Belə ki, Savva Terentyev 15 fevral 2007-ci ildə Boris Suranovun "Yivoy Yurnal" bloquna yazdığı şərhə görə həbs olunub. Şərhdə hüquq-mühafizə orqanları haqda tənqidlər yer alıbmış. Prokuror mətbuata açıqlamasında deyib ki, tənqidlər həddini keçib və polisin nüfuzuna zərbədir. Söhbət Rusiyadan gedir. Amma ağzını açıb danışan, demokratiya, insan haqlarını yada salan yoxdur. Yunanıstan. 40 yaşlı Afina sakini elektron gündəliyə yazdığı qeydlərinə görə həbs olunub. Prokuror bildirib ki, o, tənqid etdiyi yurnalist haqda dediklərində ifrata varıb və həddini aşıb. Belə ki, blogger dostlarını hakimiyyətə yaxın qəzetdə çalışan yurnalisti tənqid etməyə, hətta onu öldürməyə çağırıb. Bu da Avropanın Yunanıstanı. Kanada. Demokratiya, insan hüquqları, söz azadlığı haqda sətirbaşı danışılan Kanada. Bu ölkədə blogger etiraz aksiyasını çəkib, bloqda yerləşdirdiyi üçün həbs olunub. O, cərimələnib və 6 ay həbsdə qalıb. Amma Kanadaya gözün üstə qaşın var deyən yoxdur. Sinqapur. 21 yaşlı sinqapurlu öz səhifəsində İsa Peyğəmbəri zombi kimi təsvir etdiyinə görə həbs olunub. Həmin şəkli səhifədən çıxarmaq xahişinə məhəl qoymayan gəncin işinə polis qarışıb. "Straits Times" qəzetinə açqılama verən gənc yerləşdirdiyi şəkillərin niyə belə ayiotay yaratdığını anlamadığını deyib. Polis hesab edir ki, bu cür yanaşma inanclı insanları təhqir edir və qiyam təhlükəsi yaradır. Yenə də absurd ittiham və məntiqsizlik. Amma dinib-danışan yoxdur. Səudiyyə Ərəbistanı. 32 yaşlı İT mütəxəssisi Fuad Əhməd əl- Fərhan həbs olunmasına 10 gün qalmış öz saytında "Fuada azadlıq" banneri yerləşdirib. O, dostlarına müraciət edərək məlumat verib ki, DİN onu izləyir və iki həftə ərzində həbs edəcək. Fuad öz bloqunda siyasi islahatlar aparılmasını istəyib, "azadlıq, bərabərlik və ədalət" şüarı səsləndirib. Sırf siyasi həbs. 2006-cı ildə bu ölkədə başqa bir yurnalist həbs olunub. O, dini ekstremizmi tənqid edirmiş. Bundan başqa, 28 yaşlı blogger Həmid Bina Sale xristianlığı qəbul etdiyi üçün həbsə atılıb. Bu da vicdan məhbusu. Çin. Milliyyətcə uyğur, iqtisadiyyat üzrə professor İlham Tohti Urumçidə baş verən iğtiuşaşları öz bloqunda (Uighur Online) yaydığına və uyğur separatçıları ilə polis arasında qarşıdurmanı qızışdırdığına görə həbs olunub. Danışan, uyğura azadlıq istəyən yoxdur. Bu da ikili yanaşma deyilən nəsnəyə aid daha bir fakt. Belə. İkili yanaşma, diskriminativ baxış, ədalətsiz prinsiplər. ABŞ Dövlət Departamenti və bəzi beynəlxalq təşkilatlar Azərbaycanda gənc bloggerlərin işini siyasiləşdirməyi bacarırlar. Amma özlərində baş verən ciddi hüquq pozuntusunu, söz azadlığının məhdudlaşdırlmasını, əsassız ittihamlarla dolu həbsləri görmürlər. Özünə rəva bilmədiklərini başqasından tələb etmək qədər böyük haqsızlıq yoxdur ki, bunu demokratiya bazarının alverçilərinin ifasında hər dəfə görürük. Cənab "demokratlar", dövləti cinayət törətmiş şəxslərin "siyasi məhbus" adı altında azadlığa buraxılmasını tələb edəndə bu günü fikirləşmirdiniz yəqin ki. Onda heç vecinizə də deyildi ki, bu cür hüquq müdafiəçiliyi Azərbaycan dövlətinin və xalqın milli maraqları baxımından yolverilməzdir. Biz deyirdik ki, heç olmazsa öz qanunlarınıza hörmətlə yanaşın. Məhz Avropa Şurasının "siyasi məhbus"larla bağlı müəyyən olunmuş kriteriyaları var idi. Orada deyilirdi ki, dövləti cinayət törətmiş bu cür adamların azadlığa buraxılması yolverilməzdir. Avropa Şurasının kriteriyalarında da qeyd olunur ki, "siyasi məhbus" hesab olunan şəxslərin əməllərində cinayət tərkibi varsa, beynəlxalq təşkilatlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edə bilməz. Söhbət onların təkrar məhkəməsinin ədalətli aparılmasından və həbsxanalarda ayrı-seçkiliyə yol verilməməsindən gedir. Amma buna məhəl qoyan kim idi? Bizi elə sanksiya ilə hədələdiniz, siyasi tənqid obyektinə çevirdiniz. Yaxşı, sizin hərəkətləriniz, insan haqlarına qarşı sayğısızlığınızdan kimə şikayət edək? Var elə bir instansiya ki, orada bizim də səsimiz eşidilsin? "Qoy daşı günahı olmayan atsın" ifadəsi ki, İsa Peyğəmbərə aiddir. Nə tez yaddan çıxardırsınız? Elə isə biz tələb edirik: "Kiçik kapral Co Qlentona azadlıq!", "Blogger Kevin Koqilə azadlıq!, "Blogger Darren Uokerə azadlıq!", "Blogger Savva Terentyevə azadlıq!, "Blogger Papodopulosa azadlıq!", "Blogger Fuad Əhməd əl- Fərhana azadlıq!", "Blogger İlham Tohtiyə azadlıq!", "Blogger Hel Ternerə azadlıq!"... Onlar siyasi məhbusdurlar və dərhal azadlığa buraxılmalıdırlar! Mən Azərbaycanda olan bütün hüquq müdafiəçilərinə, mətbuata müraciət edirəm. Amerikalı, britaniyalı, yunan, alman, fransız, ərəb, uyğur, yurnalistlərin həyatlarının məhv olmasına imkan verməyək, onları dəstəkləyək. Onlar siyasi məhbusdurlar! Onlar yazılarına görə həbs ediliblər. Onlar azad olunmalıdırlar! Utan demokratiya nağılı danışan dünya, XXI əsrdə siyasi məhbusun var!
S.Nəcəfov
|