XİN rəhbəri Piter Balas: "Problemin həllinin yeganə yolu budur"
"Macarıstan Azərbaycanı Cənubi Qafqaz regionunda strateyi tərəfdaş kimi görür". Bu ölkənin xarici işlər naziri Piter Balas bildirib ki, Macarıstan ölkəmizin müstəqilliyini 1991-ci ildə tanıyıb, üstündən bir il sonra isə diplomatik münasibətlər qurulub. 2009-cu il yanvarın 12-də Macarıstanın ölkəmizdəki səfirliyi açılıb. Onun sözlərinə görə, ölkələrimiz arasında çox gözəl siyasi münasibətlər qurulub və Macarıstanla Azərbaycan arasında hər hansı bir fikir ayrılığı yoxdur: "O ki qaldı iqtisadi əməkdaşlığa, imzalanan sazişlər sayəsində hazırda bu məsələ yüksəliş səviyyəsindədir".
Nazir vurğulayıb ki, son illər ərzində iki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərləri baş tutub. Belə ki, prezident İlham Əliyevin 2008-ci ilin fevral və 2009-cu il yanvarında Budapeştə səfərləri həyata keçirilib, Macarıstanın baş naziri və spikeri Bakıda səfərdə olub. Onun sözlərinə görə, onları ən çox heyrətləndirən maliyyə böhranı dövründə Azərbaycanın iqtisadi yüksəliş tempini qoruyub saxlamasıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 85,9 mln. dollar təşkil edib, bu ilin yanvar-sentyabr ayında isə bu rəqəm 62,7 mln. dollar olub:
"Bu rəqəmlər onu deməyə əsas verir ki, birgə səylərimizlə çox şeyə nail ola bilərik". O əlavə edib ki, siyasi və iqtisadi sfera ilə yanaşı mədəniyyət, təhsil və eneryi daşıyıcıları sayəsində də əməkdaşlıq güclənməkdədir. P.Balas əmindir ki, Azərbaycan Avropaya eneryi daşıyıcılarının çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. Nazir bu səbəbdən də Azərbaycanın "Nabukko" layihəsində iştirakına böyük önəm verdiklərini dilə gətirib.
Macarıstan XİN-in rəhbəri Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. O, bu problemin çətinlikləri və incəlikləri ilə bağlı yaxından məlumatlandırıldığını deyib: "Münaqişənin siyasi, tarixi, mənəvi və insan aspektlərini nəzərə alıb, hesab edirik ki, problemin həllinin yeganə yolu Madrid prinsipləri əsasında tapılmalıdır". Onun sözlərinə görə, məsələnin həlli münaqişədə iştirak edən tərəflərin maraqları nəzərə alınmaqla sülh yolu olmalıdır. XİN rəhbəri Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşünün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Biz İlham Əliyev və Sery Sarkisyanın görüşlərini yüksək qiymətləndirir və ümid edirik ki, münaqişə tərəfləri düzgün qərar tapa biləcək".
Yenidən "Nabukko" layihəsinə toxunan nazir bildirib ki, rəsmi Budapeşt bu layihəyə böyük töhfə verib. Hər dəfə bu layihə ilə bağlı beynəlxalq tədbirlərdə məsələ qaldırıb. Məsələn, yanvarda layihə ilə bağlı Budapeştdə keçirilən beynəlxalq sammiti yada salmaq olar. Macarıstan həm də layihə ilə bağlı dövlətlərarası razılaşmanı ilk imzalayan dövlət olub. O əlavə edib ki, Macarıstanın Türkiyədəki səfiri sənədi ratifikasiya üçün Ankaraya da göndərib. XİN rəhbəri əminliklə başa çatmaqda olan ili "Nabukko" üçün əhəmiyyətli il adlandırıb: "Lakin layihənin taleyi 2010-cu ildə həll olunacaq. "Nabukko" layihəsinin artıq gələn ilin sonu üçün maliyyəyə ehtiyacı yaranacaq. Boru kəmərinin dərhal işə düşməsi üçün isə onu qazla doldurmaq gərəkdir. Azərbaycanın rəsmi şəxsləri artıq bəyan ediblər ki, kəmər üçün "Şahdəniz" yatağından ildə 8 milyrad kub metr qaz çıxarmağa hazırdırlar. Lakin burada başqa bir məsələ də var. Layihənin digər mümkün iştirakçı dövlətləri Azərbaycanla siyasi əməkdaşlığa razılığa gəlməyə ümidlidir. Çünki "Nabukko" həm də Avropa Birliyi ilə Xəzəryanı dövlətlər arasında uzunmüddətli əməkdaşlığın simvoludur".
Nazir onu da qeyd edib ki, Macarıstan Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasının tərəfdarıdır. Bu sahədə isə ölkəsi istənilən yardımı etməyə hazırdır. O, 2011-ci ildə ölkəsinin AB-yə rəhbərlik edəcəyi dönəmdə Şərqdəki tərəfdaşları, o cümlədən Azərbaycan üçün maraq kəsb edən məsələləri qurumun gündəliyinə salmaq niyyətində olduğunu açıqlayıb. Qarşılıqlı səfərlərə gəldikdə, nazir ölkəsinin prezidentinin qrafikinin çox gərgin olması səbəbindən Azərbaycana hələ ki gələ bilmədiyini bildirib: "Qarşıdan parlament, sonra bələdiyyə seçkiləri, sonra isə Milli Assambleya sədrinin seçilməsi gəlir". Piter Balas AB-nin irəli sürdüyü "Şərq Tərəfdaşlığı" proqramına toxunub. Onun sözlərinə görə, bu proqram qurumun tərəfdaş dövlətlərinin sosial-iqtisadi inkişafına əlavə impuls verir. Eləcə də qlobal iqtisadi böhranın zərbələrinə tab gətirməyə imkan yaradır: "Şərq tərəfdaşlığı" uzunmüddətli proqramdır və o, bütün problemlərin həlli demək deyil. Proqram ölkələri böyük seçim qarşısında qoyur və həmin ölkələri onların ehtiyacları, maraqları və ambisiyalarının səviyyəsinə uyğun olaraq seçim etmək imkanı verir. İştirakçı-dövlətlər nə qədər aktivlik göstərsələr, "Şərq tərəfdaşlığı da bir o qədər effektli olur. Proqramın özü AB-yə inteqrasiya üçün bir alət demək deyil. Bu sadəcə birgə maraqların inkişafı üçün bir addım irəli getmək deməkdir. Digər tərəfdən, proqram ona daxil olan ölkələrə AB sisteminin necə işlədiyini, eləcə də mümkün Avropaya inteqrasiyanı başa düşməyə imkan verir".
Azər NURİYEV