|
Xarici qüvvələrin "köməyi" ilə
Ermənistanın paytaxtı yenidən müxalifətçilərin qanına bulaşıb. Bu dəfə Yerevanın Vaqarşyan küçəsində siyasi məhbus Nikol Paşinyanın lehinə keçirilən aksiya zamanı Erməni Milli Konqresinin 6 üzvü döyülüb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Erməni mətbuatının yaydığı məlumata görə, aksiya iştirakçılarına 30 nəfər hücum edib. Onların əlində dəmir dəyənək və beşbarmaq olub. Hücum edənlərə Vaan adlı şəxs rəhbərlik edib. Bəzi məlumatlara görə, o, Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü olub. Onlar deputatlığa namizəd Ara Simonyanın tərəfdarlarıdırlar. Hakimiyyət tərəfindən dəstəklənən bu şəxs güclü biznes şəbəkəsinə malikdir.
Ermənistanda nəşr edilən "Aykakan yamanak" qəzetinin baş redaktoru, siyasi məhbus Nikol Paşinyan parlamentdə növbədənkənar deputat seçkisində iştirak edəcək. O, artıq öz namizədliyini irəli sürüb. Erməni parlamentində vakant yer müxalifətçi Xaçatur Sukiasyanın deputat mandatından imtina etməsindən sonra yaranıb. Erməni Milli Konqresinin koordinatoru Levon Zurabyan bildirib ki, deputatlığa namizədin tərəfdarlarının döyülməsi hakim reyimin növbəti bir cinayətidir: "Baş verən insidentə qiymət verilməsi üçün biz vəziyyəti analiz etməli və faktları toplamalıyıq". O bildirib ki, EMK baş verən insidentlə bağlı xüsusi bəyanatla çıxış edəcək. Helsinki Milli Komitəsinin Ermənistan bürosunun rəhbəri Avetik İşxanyan isə bildirib ki, Ermənistanda istənilən seçki ya soyuq müharibə şəraitinə, ya da qarşısıalınmaz aktiv hərbi hərəkətlərə gətirib çıxarır. Onun sözlərinə görə, belə bir insident Ermənistanda vətəndaşların seçki hüququnun pozulması ilə nəticələnir. A.İşxanyan baş verən insidentin arxasında deputatlığa namizəd Ara Simonyanın durduğunu xüsusi vurğulayıb. Milli təhlükəsizlik nazirinin keçmiş müavini Qurgen Yegizaryan isə gənc müxalifətçilərin döyülməsini Ermənistan hakimiyyətinin Avropadan aldığı kart-blanşın nəticəsi kimi görür: "İndi hakimiyyətin əl-qolu açılıb və bu işdə xarici qüvvələrin yaxından köməyi olub. Lakin bu vətəndaşların hüquqlarının və demokratik prinsiplərin pozulması və ən əsası azad olunan torpaqların qaytarılması bahasına edilir". "Armenia today"a açıqlamasında eks-nazir müavini onu da qeyd edib ki, Avropa istənilən qanun pozuntusuna göz yummağa hazırdır: "Çünki masa üzərinə Artsax torpaqları məsələsi qoyulub". Q.Yegizaryan insidenti törədənləri də kəsin tənqid edib: "Gör bu insanlar nə qədər qudurub ki, 18-20 yaşlarındakı uşaqlara dəmir dəyənəklərlə hücum ediblər. Seçki təbliğatında qanuna zidd bir şey yoxdur. Hətta Roma imperiyası zamanı Sentriuon seçkilərin azad keçirilməsinə qarşı çıxanları sərt cəzalandırırdı. Burada isə terror aktı var. İnsanları təkcə qorxutmaq deyil, Nikol Paşinyanın təbliğatını apardıqları üçün məhv etmək istəyiblər". O, baş verənlərdə qeyri-adi bir şey olmadığını da deyib: "Biz 2008-ci ildə 10-dan artıq insanın ölümü ilə nəticələnən hadisələrlə, eləcə də həbsxanalarda onlarla insanın qalması faktı ilə barışmışıq. Avropa isə öz istədiyini almamış susmaqda davam edəcək. Söhbət Qarabağın azad olunmuş torpaqlarının geri qaytarılmasından gedir".
Azər NURİYEV
|