Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Avropa Parlamentinin qətnaməsinə etiraz edildi
Söz azadlığının vəziyyəti ilə bağlı qətnamə birtərəfli hazırlanıb

Milli Məclisin dünənki iclasında Avropa Parlamentinin dekabrın 17-də Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz edildi. İclasda çıxış edən Azərbaycan-Avropa Birliyi Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qeyd etdi ki, sözügedən qətnamə birtərəfli hazırlanıb. Vitse-spiker dedi ki, hər bir ölkədə vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən söz azadlığının qorunması vacibdir. Ancaq Avropa Parlamentinin Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı qətnaməsi o zaman ədalətli hesab olunardı ki, bu qurum heç olmasa bircə dəfə Azərbaycanın bütün hüquqları pozulmuş sayı 1 milyon nəfərə çatan qaçqın və məcburi köçkünlərinin vəziyyəti ilə bağlı da qətnamə qəbul edərdi. Amma qurum indiyədək bu məsələni ümumiyyətlə, müzakirəyə çıxarmayıb. Vitse-spiker dedi ki, Azərbaycan parlamenti bu məsələni cavabsız qoymamalı, Avropa Parlamentinə Milli Məclis adından etiraz ünvanlanmalıdır.
Milli Məclisin sədri Oqtay Əsədov da təklifi dəstəklədi. O qeyd etdi ki, Avropa Parlamentində müzakirəyə çıxarılan qətnamənin ilkin variantında müsbət məqamlar da yer alıb. Amma sonradan həmin məsələlər sənəddən çıxarılıb. Avropa Parlamentinin təmsilçiləri kluarlardakı söhbətlərdə açıq şəkildə bildiriblər ki, onlara Azərbaycanı bir qədər sıxmaq tapşırığı verilib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçisi, millət vəkili Rövşən Rzayev də qətnaməyə etirazını bildirdi. Onun sözlərinə görə, Azərbaycan əsas prioritetinin Avropaya inteqrasiya olduğunu açıq şəkildə bəyan edib. Bu ilin mayında Azərbaycan Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramına qoşulub. Amma Avropa Birliyinin özünün də Azərbaycana ehtiyacı var. Bu baxımdan qurum Azərbaycanla münasibətlərdə ədalətli olmağa çalışmalıdır. Millət vəkili dedi ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünlərinin problemləri ilə bağlı heç bir faktın yer almaması düşündürücüdür. "Avropa Parlamentinin birtərəfli mövqedən çıxış etməsi bizi narahat edir. Milli Məclis buna etiraz etməlidir" - deyə millət vəkili vurğuladı. O qeyd etdi ki, Milli Məclis qətnaməyə etiraz etməklə yanaşı, Avropa Parlamentinin üzvlərini dialoqa dəvət etməlidir.
Millət vəkili Fuad Muradov bu cür qətnamələrin Azərbaycanın getdikcə güclənməsi ilə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycanın gücü artdıqca kənar təzyiqlər də çoxalır. Millət vəkili onu da bildirdi ki, Avropa Parlamentindəki bəzi siyasi qruplar erməni diasporunun təsiri altındadır. Bəzi avropalı parlamentarilər isə şəxsi mövqelərindən çıxış edərək Azərbaycanı zəiflətməyə cəhd edirlər. F.Muradov son illər Azərbaycanın bir çox məsələdə Avropa Birliyinə dəstək verdiyini, amma Avropa Parlamentindən heç bir dəstək görmədiyini də sözlərinə əlavə etdi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da həmkarları ilə razılaşdı. O qeyd etdi ki, bu məsələyə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, Milli Məclis bu haqsızlığa etirazını bildirməlidir. Etirazda Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqe nümayiş etdirməsi tələb olunmalıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, dünyada Azərbaycanı sevən və sevməyən qüvvələr var. Buna görə də Azərbaycanı sevməyən dairələrlə xüsusi iş aparılmalıdır. Azərbaycan bu qüvvələrlə iş prinsiplərini təhlil etməlidir: "Biz aydınlaşdırmalıyıq ki, həmin qüvvələrlə necə işləyirik. Biz Azərbaycanın Avropa üçün əhəmiyyətini avropalılara onların öz dillərində çatdırmalıyıq. Bu o qədər də asan deyil. Bunun üçün hələ çox işləməliyik".
Bitərəf millət vəkili Cəmil Həsənli də həmkarlarının fikirləri ilə həmrəy oldu. O qeyd etdi ki, dünyada Azərbaycana qarşı ikili standartların mövcud olduğu heç kimə sirr deyil: "Bu yerdə mən mərhum Heydər Əliyevin bir fikrini yada salmaq istəyirəm. O deyirdi ki, Azərbaycana qarşı ikili standartlar bir faktdır. Bunu nəzərə alaraq biz Azərbaycanı sevməyən qüvvələrin əlinə əsas verməməliyik". Millət vəkili parlamentin sədrindən xahiş etdi ki, həbsdə olan yurnalistlərin, gənc bloqçuların həbsdən azad olunması ilə bağlı prezidentə müraciət ünvanlansın. Onun fikrincə, yurnalistlərin həbsdə saxlanılması Azərbaycan üçün problemə çevrilib. Onların həbsdə olması azadlıqda olmalarından daha çox təhlükə yaradır.
Cavabında Milli Məclisin sədri O.Əsədov bildirdi ki, o, Eynulla Fətullayev istisna olunmaqla həbsdəki yurnalistlərin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət edə bilər. Spiker dedi ki, ermənilər E.Fətullayevin məqalələrinə istinad edərək Xocalı faciəsini azərbaycanlıların Ayaz Mütəllibovu prezidentlikdən devirmək üçün törətdiklərini, fevralın 26-da azərbaycanlıların deyil, ermənilərin qırıldığını iddia edirlər. Spiker bununla bağlı 15-dən artıq saytda istinada rast gəldiyini bildirdi. "Mən belə bir adamın azadlığa buraxılması üçün müraciət edə bilmərəm" - deyə O.Əsədov məsələyə nöqtə qoydu.
Avropa Parlamentinin qətnaməsi ilə bağlı müzakirələri yekunlaşdıran spiker qeyd etdi ki, bu haqsızlıqların hamısı Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda güzəştə sövq etməyə hesablanmış təzyiqdir. Amma Azərbaycan 90-cı illərdəki ölkə deyil. İndi Azərbaycan dünyada tanınan, güclü iqtisadiyyatı olan bir ölkədir. "Biz artıq öz sözümüzü deməyi bacarırıq. Bu kimi ikili standartlara qarşı etirazımızı bildirməsək, haqsızlıqlar davam edəcək" - deyə spiker vurğuladı. O, bir qədər əvvəl Azərbaycan parlamentinin ABŞ Konqresinə etiraz məktubu göndərdiyini xatırladaraq, Avropa Parlamentinə də etiraz ünvanlanmasını təklif etdi.
Spikerin təklifi yekdilliklə qəbul olundu və etiraz müraciətinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sədrlik etdiyi komissiyaya millət vəkilləri Fəzail Ağamalı, Fuad Muradov, Nizami İsgəndərov, Elman Məmmədov, İkram İsrafil, Rövşən Rzayev və Pənah Hüseyn daxil edildilər.
İş gününün sonunda Milli Məclis Avropa Parlamentinə qətnamə ilə bağlı etiraz bildirən müraciət qəbul etdi.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 26.12.09 | Baxılıb: 274

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •