Yean-Klod Frekon: "Bələdiyyə seçkiləri yaxşı təşkil olunub"
"Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri yaxşı təşkil olunub". Bu barədə dünən seçkiləri müşahidə edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Müşahidə Missiyasının keçirdiyi mətbuat konfransında Azərbaycan üzrə məruzəçi fransalı Yean-Klod Frekon məlumat verdi. O qeyd etdi ki, seçkilər praktiki nöqteyi-nəzərdən sakit amosferdə keçib. Seçki məntəqələri əvvəlki seçkilərlə müqayisədə daha yaxşı təchiz olunub, müşahidələrin aparılması üçün şərait yaradılıb. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə 1 nəfərin bütün ailə üzvlərinin yerinə səs verməsi, seçki kabinəsinə eyni vaxtda 2 nəfərin daxil olması halları xeyli azalıb. Burada problem yaradan əsas məqam yaşlı nəslin nümayəndələrinin latın əlifbasını bilməmələridir. Belə olduqda komissiya üzvləri və ya yaxınları onlara yardım etməli olurlar.
Müşahidəçi dedi ki, budəfəki seçkilərdə məntəqə seçki komissiyalarının sədrlərinin işə daha peşəkar yanaşmasının da şahidi olublar. Müşahidəçilər əvvəlcədən təyin olunan məntəqələrə deyil, özlərinin seçdiyi məntəqələrə baş çəkiblər. "Baş çəkdiyimiz məntəqələrin üzvləri bizi görəndə təəccüblənirdilər" - deyə Y.K.Frekon vurğuladı.
Fransalı müşahidəçi təmsil olunduğu missiyanın üzvlərinin 8 ölkəni təmsil etdiklərini bildirdi. Onun sözlərinə görə, 11 konqres üzvündən ibarət missiya 100-dən artıq seçki məntəqəsində prosesin gedişini izləyib. Y.K.Frekon seçkiləri müşahidə etmək üçün yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirdi. O qeyd etdi ki, Mərkəzi Seçki Komissiyası müşahidənin aparılması üçün lazım olan bütün məlumatları missiya üzvlərinə vaxtında çatdırıb.
Konqresin Azərbaycan üzrə məruzəçisi seçkidən öncə müxalifət partiyalarının təmsilçiləri ilə görüşün baş tutmamasında günahkar olmadıqlarını bildirdi. Onun sözlərinə görə, müxalifətçilərlə görüş nəzərdə tutulan vaxtda keçirilməyib. Buna səbəb missiya üzvlərinin digər görüşlərinin nəzərdə tutulandan çox çəkməsi və Bakıdakı tıxac problemi olub. Bu səbəbdən missiyanın üzvləri həm hakimiyyəti təmsil edən Yeni Azərbaycan, həm də müxalifət partiyalarının təmsilçiləri ilə təyin olunan görüş yerinə gec çatıblar. Qrafikə uyğun olaraq birinci görüş Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə keçirilib. Bundan inciyən müxalifətçilər missiya üzvləri ilə görüşmədən görüş yerini tərk ediblər. "Görüşün baş tutmamasında Avropa Şurasının Bakı Ofisinin də heç bir günahı yoxdur" - deyə Y.K.Frekon vurğuladı.
Məruzəçi müşahidə missiyasının seçki prosesində bir sıra çatışmazlıqlar da aşkarladığını bildirdi. Onun sözlərinə görə, birinci mənfi məqam seçki öncəsi ölkədə qaynar seçki əhval-ruhiyyəsinin olmamasıdır. Bunun əsas səbəblərindən biri də seçkidə iştirak edənlərə televiziyalarda pulsuz efir vaxtının verilməməsi olub. Çünki qanunvericiliyə görə, pulsuz efir vaxtı yalnız namizədləri ən azı bələdiyyələrin 50 faizində qeydiyyatdan keçmiş partiyalar üçün nəzərdə tutulub. Missiya üzvləri bu məsələni Ədliyyə Nazirliyində keçirdikləri görüşdə xüsusi qabardıblar. Nazir müavini gələcəkdə bu məsələyə baxa biləcəklərini vurğulayıb.
Missiyanın müşahidə etdiyi digər məqam Azərbaycan müxalifətinin parçalanmış və pərakəndə vəziyyətdə olması olub. Y.K.Frekon dedi ki, seçkilərin sönük keçməsinin bir səbəbi də elə bu olub.
Müşahidə missiyası Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin az olması və maliyyə imkanlarının məhdudluğunu da üzə çıxarıb. Məruzəçi qeyd etdi ki, bu baxımdan Azərbaycanda Avropa Yerli Özünüidarəetmə Xartiyasına əməl olunmur. Missiya bununla bağlı Azərbaycan hakimiyyətinə müraciət edərək bələdiyyələrin səlahiyyətinin artırılmasını və onlara əlavə maliyyə qaynaqlarının verilməsini təklif edib. Y.K.Frekon dedi ki, əlbəttə ki, bütün bunları birdən-birə etmək çətindir. Buna görə də Azərbaycan hakimiyyəti inkişafa tədricən nail olmalıdır.
Qeydə alınan digər məqam məntəqələrdə müşahidə aparanların hansı təşkilatı təmsil etməsinin müəyyənləşdirilməsindəki problemlər olub. Namizədlərin çox olduğu dairələrdə seçki bülletenlərinin böyüklüyü də seçicilərə müəyyən problemlər yaradıb. Missiya gələcəkdə seçki bülletenlərinin keyfiyyətinin artırılması təklifi ilə çıxış edib.
Müşahidə missiyasında təmsil olunan Niderlanddan olan müşahidəçi Emil Kourmanşop seçici fəallığının aşağı olmasını problem kimi qeyd etdi. Onun sözlərinə görə, Niderlandda mer kimi çalışdığından insanların yaşadıqları ərazi üçün məsuliyyət daşımasının mühüm amil olduğunu yaxşı bilir. Bu baxımdan Azərbaycan hakimiyyəti əhalinin bələdiyyələrə marağını artırmalıdır. Bunun üçün bələdiyyələrə əlavə səlahiyyətlər verilməlidir.
Mətbuat konfransında o da bildirildi ki, Avropa Şurasının müşahidə missiyası seçkinin nəticələri ilə bağlı yekun hesabatını yanvarın 15-də Yerli və Regional Hakimiyyətlər Konqresinin Bürosunun iclasında açıqlayacaq. Martda isə seçkinin nəticələri ilə bağlı yekun yazılı hesabat təqdim olunacaq.
İlham QULİYEV