|
Dünya ədəbiyyatında yaşanmışlar, yaranmışlar hər zaman bugünkü gündə bizim diqqət mərkəzimizdədir. Ədəbiyyat aləmi həmişə gözəllikləri ilə zəngindir. Bu zənginlikləri yaradan, ədəbiyyatda yeri olan və ədəbi həyata layiq aşıqlardan biri də Aşıq Əmrah Gülməmmədovdur. Aşıq ədəbiyyatı ümumi ədəbiyyatın bir növüdür dedikdə, biz aşıq ədəbiyyatını yaşadanların, ona can verənlərin rolunun nə dərəcədə əhəmiyyətə malik olmasını vurğulamalıyıq. Aşıq Əmrah Gülməmmədovun aşıq ədəbiyyatına, saz-söz sənətinə töhfəsi təqdirəlayiq dərəcədədir. Bunu isə ən çox ədəbiyyata, şeiriyyətə, ədəbi dəyərlərə qiymət verən şəxslər yaxşı başa düşür. İlk növbədə onu qeyd etməliyik ki, hətta bizlərin arasında Aşıq Əmrah Gülməmmədovu, onun kimi şeiriyyətə, ədəbiyyata yeni nəfəs, yeni can gətirən aşıqları, şairləri, digər ictimai xadmləri tanımırıq. Əsas məqsədim bunu bir faciə kimi qeyd etmək deyil. Yəni adi həyatdakı faciələrin kifayət qədər çoxluğunu nəzərə alıb, pak aləmdə bir faciə damğasının mövcudluğunu belə qeyd etmək istəməzdim.
Dirili Qurbani ədəbi-bədii məclisi Aşıq Əmrah Gülməmmədov haqqında öz xüsusi yığıncağını keçirib. Məclisin elm bölməsinin rəhbəri Tariyel Abbaslı aşıq haqqındakı fikirlərini, görüşlərini yığıncaq iştirakçıları ilə bölüşüb. Aşığın ədəbiyyatdakı mövqeyi o dərəcədə əhəmiyyətlidir ki, hətta Azərbaycan dövləti aşığın 100 illik yubileyini qeyd edib, Mədəniyyət və Turizm Nazirliyinin bu yöndə müəyyən tədbirləri olub. Borçalı Aşıq Məktəbinin yetirməsi olan Aşıq Əmrah Gürcüstan dövlətinin də diqqət mərkəzində olub. Həmin dövlətin Mədəniyyət Nazirliyinin dəstəyi ilə aşığın 100 illik yubileyi 2009-cu ilin mart ayında qeyd olunub və bu səpkidə bir neçə yaradıcılıq gecələri təşkil edilib. Bu məqamda Dirili Qurbani məclisi tərəfindən anılan digər bir aşıq haqqında şahidi olduğum gecə barədə məlumat vermək istərdim. Bu onun barəsində elmi, ədəbi-bədii söhbət açılan mərhum Aşıq Əli Səfəroğlu idi. Məclisdə Azərbaycan Mədəniyyət və İncəsənət Universtitetinin müəllimi, Əməkdar incəsənət xadimi Aşıq Əhliman Şirvanlının aşıq haqqında xatirələri dinlənilib. Aşıq Əhliman hal-hazırda Əli Səfəroğlunun 4 kitabının çıxdığını və 200-ə qədər şeirinin hələ də işıq üzü görmədiyini qeyd edib. Daha sonra Yusif Dirilinin Əli Səfəroğludan gətirdiyi sitatda - "Söz" şeirində aşıq yaradıcılığında "sözün qüdrəti" fonunda söhbətlər aparılıb. Bu məqamda şair Kərəm Kürqıraqlını xatırlasaq, yaxşı olar. Kərəm müəllimə görə, Aşıq Əli Səfəroğlu əsl xalq şairi idi. Hətta şair aşığı Bəhmən Vətənoğlu ilə müqayisə edib. Aşıq Əhliman Şirvanlı ilə Aşığın keçirdiyi aşıq məclislərini, saz-söz deyişmələrini xatırladıb. Qurbani ədəbi-bədii məclisi özlüyündə aşıq məclisi deyil, həm də söz məclisi, şairlər məclisidir. Hər ayın ilk bazar günü keçirilən məclisdə ədəbiyyatımızda mövqeyi, sözünün çəkisi batmanlarla ölçülən şəxslər-şairlər, aşıqlar haqqında elmi-bədii, ədəbi söhbətlər açılır. Məclisin daimi üzvü olanlar, dinləyici və hətta qonaq kimi gələnlər belə Dirili Qurbani ədəbi-bədii məclisinin ədəbi sahədə fəaliyyətindən, yeni yaranan aşıq və şairlərə dəstəyindən razılıqlarını bildirirlər, bu məclisin adına layiq fəaliyyətindən söhbət açırlar.
Babək Nəsirov "Dirili Qurbani" Məclisinin ictimai əlaqələr üzrə bölmə rəhbəri
|