|
Bahar Muradova əmindir ki, seçkilər demokratik qaydalara uyğun tərzdə keçiriləcək
"Ümumi parlament fəaliyyətində 2009-cu ilin özünəməxsus keyfiyyətləri mütləq oldu və bu, parlamentarizmin Azərbaycanda daha da möhkəm yer alması, ictimaiyyəti narahat edən məsələlərin parlamentin gündəminə gəlməsi, ən ciddi məsələlərin parlament tribunasında səslənməsi ilə yadda qalan bir il oldu". Bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Milli Məclisin ötən birillik fəaliyyətini dəyərləndirərkən qəzetimizə söyləyib. B.Muradova bildirib ki, Milli Məclisin iclasları ötən il çox məsuldar olub. Qanunverici orqanda nəzərdə tutulan bir çox qanun layihəsinə baxılıb, bəziləri növbəti sessiyada baxılması üçün hazırlanıb.
Vitse-spiker Avropa Şurası qarşısında götürülən öhdəliklərdən biri olan "nativ xidmət haqqında" qanunun qəbulu ilə bağlı sualı da cavablandırıb. B.Muradova deyib ki, Azərbaycan AŞ tərəfindən götürdüyü öhdəliklərə sadiqdir və çox qısa bir müddətdə bunu sübut edib. Bu gün bütün qanunlarımızın Avropa standartlarına uyğunlaşması buna sübutdur. Lakin elə öhdəliklər var ki, Azərbaycandakı mövcud durumla bağlı yerinə yetirilməsi müvəqqəti olaraq gecikir: "Bunu təbii, normal hesab edirəm. Çünki Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir və Azərbaycan vətəndaşlarının hərbi xidmət keçməsi ilə bağlı qanunvericilik dövrün reallıqlarına tam uyğun gəlir. Ancaq bu sahədə Azərbaycandakı vəziyyət müsbətə doğru dəyişəcəyi təqdirdə biz bu öhdəliyimizi də yerinə yetirməyə hazırıq". B.Muradova 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərilə bağlı fikirlərini də açıqlayıb. O bildirib ki, bələdiyyə seçkilərinə hazırlıq çox yüksək səviyyədə həyata keçirilib. Hazırda təbliğat-təşviqat işləri başa çatmaq üzrədir. "Hesab edirəm ki, həm siyasi partiyalar, həm fərdi qaydada namizədliyini irəli sürmüş şəxslər qanunun yaratdığı bütün imkanlardan yararlanaraq öz təbliğat-təşviqat işlərini qanunlara uyğun şəkildə qura bildilər. Hər kəs nə etmək istədiyini, xalqa necə xidmət etmək, hansı problemləri hansı yollarla aradan qaldırmaq istədiyini insanlara tam çatdıra bildi" - deyən vitse-spiker əmindir ki, seçkilər demokratik qaydalara uyğun, azad və hər bir insanın öz fikrini sərbəst şəkildə çatdıra biləcək tərzdə keçiriləcək.
S.NƏCƏFOV
|