|
Ali Bilge Cankorel hesab edir ki, bu bizə xeyir gətirmir
Avropa Şurasının 60 illiyi ilə əlaqədar keçirilən konfransdan sonra ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilge Cankorel yurnalistlərin suallarını cavablandırıb. O, beynəlxalq təşkilatların Azərbaycana ikili standartlarla yanaşmasına münasibət bildirib. ATƏT təmsilçisi hesab edir ki, ikili standartlar ən çox işlənən, müzakirə olunan, tənqid edilən mövzudur. "Dünya durduqca bu mövzu aktual olacaq. İnsan təbiəti özü ailədə, işdə, yaxınları ilə münasibətdə də ikili standartlara yol açır" - deyən Cankorel beynəlxalq təşkilatları, dövlətləri məhz bu prizmadan yanaşmaqla tənqid etmək istəmir. Çünki dövlətlərin maraqları ortadadır. ATƏT təmsilçisi hesab edir ki, bu mövzunu həddindən artıq qabartmaq bizə heç bir xeyir gətirmir. Onsuz da ikili standartlar, başqa məmələkətlərin maraqları qalacaq: "Bizi də başqa ölkələr ikili standartlarda qınaya bilərlər. Hamı bir-birini bu mövzuda tənqid edə bilər".
B.Cankorel iki gün sonra keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı fikirlərini açıqlayıb. ATƏT təmsilçisi hesab edir ki, Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq həm inzibati, həm də idari baxımdan mümkün olduğu normalara uyğun təşkil olunub. Rəsmi orqanlar lazım gələn tədbirləri görüblər. "MSK bəzi şikayətləri qəbul edib və narazılıqlar aradan qaldırılıb. Burada ən çox imzaların saxtalığı ilə bağlı şikayətlər diqqəti cəlb edib. Hesab edirəm ki, gələcəkdə bu şikayətlərin qaynağı olan səbəbləri aradan qaldıracaq tədbirlər həyata keçirilməlidir" - deyən Cankorel bu qənaətdədir ki, bələdiyyə seçkilərindən də önəmli olan parlament seçkilərinə qədər bəzi xırda anlaşılmazlıqlar aradan qaldırılacaq: "Dünyada bələdiyyələrin getdikcə önəm qazanması prosesini izləyirik. İnanıram ki, yaxın zamanda bu prosesi Azərbaycanda da görəcəyik". ATƏT təmsilçisi müxalifət nümayəndələrinin seçkiyə az sayda namizədlə qatılmasını kifayət qədər təşkilatlanmama, bələdiyyə seçkilərinə önəm verməməklə bağladı: "Demokratik seçimdə bərabər güclərin qatılması lazımdır. Lakin burada müxalifətin gücü yetərli deyil. Bu bir prosesdir. Əminəm ki, Azərbaycan yeni uğurlara imza atacaq".
S.NƏCƏFOV
|