|
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi "Euronews" rəhbərliyinə müraciət edib
Azərbaycan ictimaiyyətinin "Euronews" televiziya kanalına etirazları davam edir. Müxtəlif qeyri-hökumət təşkilatları, media qurumları telekanalın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair qeyri-obyektiv reportayına etiraz edirlər. Dünən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi telekanalın rəhbərliyinə müraciət edib. Təşkilatın rəhbəri Şamil Sabiroğlunun (Ələkbərli) imzaladığı müraciətdə bildirilib ki, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin üzvləri, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağdakı doğma yurd-yuvalarını itirmiş qaçqın və məcburi köçkünlər "Euronews" kimi nüfuzlu bir kanalın hazırladığı reportayı narahatlıqla izləyib:
"Reportay Azərbaycanın mövqeyinin əks olunmadan, beynəlxalq yurnalist standartlarına riayət edilmədən hazırlanıb. Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq hesab edirik ki, azərbaycanlıların rəyi öyrənilmədən belə bir verilişin nümayiş etdirilməsi yurnalistika, peşəkarlıq standartlarına ziddir və bu, telekanalın nüfuzuna xələl gətirir". Təşkilat hesab edir ki, telekanal əməkdaşlarının Azərbaycanın nə rəsmi strukturlarına, nə də ictimai təşkilatlarına heç bir məlumat vermədən, Azərbaycan sərhədlərini pozmaqla Dağlıq Qarabağa Ermənistan ərazisindən daxil olması qanunlara ziddir və müəyyən şübhələrə əsas yaradır. Reportayda Qarabağda işğaldan sonra tikilmiş kilsələrin nümayiş etdirilməsi, bununla da bölgənin xristian bölgəsi kimi təqdim edilməsi, bölgədə yaşamış olan yerli Azərbaycan türklərinə məxsus maddi mədəniyyət abidələrinin heç birinin göstərilməməsi, süyet boyu maşında Ermənistan bayrağının müxbirləri müşayiət etməsi yurnalist etikasından və standartlarından kənar elementlərdir. Müraciətdə bildirilir ki, Ermənistan hərbi birləşmələrinin təcavüzü nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti həyata keçirilib, azərbaycanlılara məxsus tarixi və mədəniyyət abidələri məhv edilib və ya erməniləşdirilib. Təcavüzkar Ermənistan Dağlıq Qarabağdan başqa, ermənilərə heç bir aidiyyəti olmayan 7 rayonu da işğal edib. Xankəndində (Stepanakert) yerləşən Rusiyaya məxsus 366-cı alayın 1992-ci il fevralın 26-da Xocalıya hücumu zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər qətliamın qurbanı olub, müxtəlif işgəncələrlə öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. "Mən yurnalist kimi həmin qanlı gecənin şahidi olmuşam. Xocalı soyqırımı zamanı lentə alınan bəzi fotoların müəllifiyəm. Erməni hərbçiləri, muzdlular və onların əlaltıları kimsəyə aman vermədilər. Yüzlərlə dinc sakin erməni vəhşiliyinin qurbanı oldu. Bizim əlimizdə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın, indiki dövlət başçısı Sery Sarksiyanın, müdafiə naziri Ohanyanın və digər məsul şəxslərin Xocalı soyqırımında bilavasitə iştiraklarına dair məlumatlar var. Bu və digər faciələr haqqında məlumat verilmədiyi halda Dağlıq Qarabağın müstəqil respublika olduğu barədə əhaliyə yanlış informasiya ötürülür" - deyə Şamil Sabiroğlu vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, daim tərəfsiz, obyektiv, qərəzsizlik kimi peşəkarlıq standartlarına diqqət yetirən "Euronews" telekanalı bundan sonrakı fəaliyyətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı videomateriallarda haqlı iradları nəzərə alacaq, Azərbaycan tərəfinin mövqeyinin də beynəlxalq ictimaiyyətə çatdırılması üçün lazımi tədbirlər görəcək: "Çox istərdik ki, Qarabağda, Xocalıda evlərini, yaxınlarını itirmiş məcburi köçkünlərin mövqeyini, yaşayış tərzini də işıqlandırasınız. Aldığımız məlumata görə, bu verilişdən sonra sizin əməkdaşlarınızın Azərbaycana səfəri planlaşdırılır. Biz bu səfər çərçivəsində sizi şəhid və itkin ailələri ilə görüşdürmək, Qarabağ problemi barədə dolğun məlumat vermək üçün qəbul etməyə hazırıq".
F.ABASOĞLU
|