 Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını dekabrın 17-də Dövlət Departamentinə təqdim edib. Azərbaycanın Vaşinqtondakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir bununla bağlı Azərbaycan tərəfinin dərin narahatlığını ifadə edib. Y.Əliyev bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. Odur ki, ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti ABŞ-ın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir. Bununla əlaqədar Azərbaycan tərəfi ABŞ hökumətini bu məsələ ilə bağlı açıqlama verməyə çağırıb.
Notada qeyd olunub ki, rəsmi Bakının razılığı olmadan bu proqramların reallaşdırılması ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı reyimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi "ədalətli, tərəfsiz vasitəçi" imicini sarsıdacaq. Amerika tərəfi notaya ən qısa müddətdə cavab verəcəyini bildirib. Qeyd edək ki, səfir Y. Əliyev bu məsələ ilə bağlı Azərbaycan tərəfinin narahatlığını dekabrın 15-də də dövlət katibi Hillari Klintonun diqqətinə çatdırıb.
|