|
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsinə yönəldilmiş tədbirləri davam etdirir. Dünən fond "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Göyçay şəhərində keçirib. Tədbirdə Aran iqtisadi rayonunda və ətraf iqtisadi rayonlarda fəaliyyət göstərən 300-dən artıq sahibkar iştirak edib. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göyçay, Ucar, Zərdab, Bərdə, Yevlax, Ağcabədi, Hacıqabul, Salyan, Saatlı, İmişli, Biləsuvar, Şamaxı, Goranboy, Tərtər, Gəncə, Göygöl, Samux, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib. Belə ki, tədbirdə Bərdə rayonunda fəaliyyət göstərən "Rəşad" Kommersiya - İstehsalat Firmasına 680 min manat güzəştli kredit ayrılıb.
Güzəştli kredit taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün 10 min tonluq anbar kompleksinin tikintisinə yönəldiləcək. Bundan başqa, İmişli rayonunda 50 min tonluq taxıl anbarının tikintisinə 4 milyon manat, Bərdə rayonunda 10 min tonluq taxıl anbarının inşası üçün 1 milyon manat, Daşkəsən rayonunda ət məhsullarının istehsalı və emalı üzrə investisiya layihəsinin maliyyələşdirilməsinə 654,5 min manat məbləğində güzəştli kredit ayrılıb. Ümumiyyətlə, tədbir çərçivəsində 80-dən çox sahibkara 7,3 milyon manat güzəştli kreditlər verilib. Bu güzəştli kreditlər hesabına 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Beləliklə, 2009-cu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış sahibkarlıq subyektlərinin sayı 2035-ə, verilmiş güzəştli kreditlərin həcmi isə 126 milyon manata çatıb.
HƏQİQƏT
|