Səbəb ermənilərin çətin iqtisadi durumudur
Rusiyanın baş naziri Vladimir Putin Ermənistana səfər etməyi planlaşdırsa da, bu ölkədəki iqtisadi böhran bu plana mane olur. Bunu yurnalistlərə Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib. Tiqran Sarkisyanın sözlərinə görə, Rusiyanın hökumət başçısının Yerevana getmək planları mövcudluğunu qorusa da, səfərin dəqiq müddəti hələ müəyyənləşməyib. "Böhran dövründə hər gün yeni sürprizlər ortaya çıxır. Niyyət isə təbii ki, var".
Qeyd edək ki, Ermənistanın baş naziri rusiyalı həmkarını Yerevana bu ilin fevralında dəvət etmişdi. Ekspertlər qeyd edir ki, Kremlin Yerevana çoxsaylı kreditləri və maliyyə yardımları da bu ölkəni fəlakətdən xilas edə bilməyəcək. Artıq müxalifət yarıtmaz iqtisadi siyasətlə bağlı etiraz aksiyaları keçirmək qərarına gəlib.
Erməni Milli Konqresində təmsil olunan Xalq Partiyasının lideri Stepan Dəmirçiyan ölkədəki iqtisadi tənəzzülü ölkə rəhbərliyinin apardığı yarıtmaz siyasətdə gördüyününü vurğulayıb. Onun sözlərinə görə, hökumətin idxala tətbiq etdiyi monopoliya iqtisadi tənəzzülü yaradan başlıca faktordur. "Panarmenian"ın yaydığı məlumata görə, Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət xaricdən gələn maliyyə vəsaitlərinin də azalmasına səbəb olub. Hökumətin apardığı iqtisadi siyasət barədə danışan S.Dəmirçiyan vurğulayıb ki, bu siyasət effektsizdir: "Belə ki, idarəetmə orqanları qeyri-peşəkarlara etibar edirlər. Onlar isə uğursuzluq yaranacağı təqdirdə heç bir məsuliyyət daşımayacaqlar".
Yeri gəlmişkən, beynəlxalq təşkilatlar Ermənistanda inflyasiyanın durmadan artacağı proqnozunu verirlər. Beynəlxalq Valyuta Fondunun Ermənistandakı daimi nümayəndəsi Ninke Oumes bildirib ki, 2009-cu ilin sonlarında Ermənistanda inflyasiya 5,5 faizi ötə bilər. Onun sözlərinə görə, bir neçə ay öncə BVF ilin sonunda Ermənistanda inflyasiyanı 5,2 faiz səviyyəsində proqnozlaşdırmışdı və ümid edirdi ki, o, məqsədli büdcədə 4 faiz, plyus-minus 1,5 faiz həddində qalacaq. "İndi bizə belə gəlir ki, bu, olduqca nikbin proqnozdur və inflyasiya planlaşdırılan 5,5 faizi ötəcək" - deyə N.Oumes bildirib. BVF-in proqnozlarına görə, 2009-cu ilin yekunları üzrə ÜDM-in azalması 15,6 faiz təşkil edəcək. O qeyd edib ki, fondun mütəxəssisləri bu proqnozu sentyabrda hazırlayıblar və o, demək olar ki, dəyişməyib: "Baxmayaraq ki, biz 15 faiz və 15,5 faiz söyləmişdik, lakin söhbət praktik olaraq ilin sonu üçün eyni proqnozdan gedib". O əlavə edib ki, fondun proqnozlarına görə, 2010-cu ildə Ermənistanda ÜDM 1,2 faiz artacaq.
Xəbər verildiyi kimi, Dünya Bankı 2009-cu ildə Ermənistanda ÜDM-in həcminin 12-14 faiz azalacağını, inflyasiyanı 6 faiz səviyyəsində proqnozlaşdırır. Əvvəlcə DB bu il Ermənistanda ÜDM-in 9-11 faiz azalacağını, inflyasiyanın 3 faizdən az olacağını proqnozlaşdırmışdı. Ermənistan Mərkəzi Bankı 2009-cu ilin yekunları üzrə inflyasiyanı 5,4 faiz, ölkənin Maliyyə Nazirliyi cari ildə istehlak qiymətlərini 3-4 faiz səviyyəsində proqnozlaşdırır. 2008-ci ildə Ermənistanda istehlak qiymətləri 5,2 faiz artıb. N.Oumes bildirib ki, BVF-nin ilkin proqnozlarına görə, Ermənistan büdcəsinin kəsiri böhrandan qabaqkı, yəni 3 faizdən aşağı səviyyəyə 2013-cü ildən tez çatmayacaq.
N.Oumesin sözlərinə görə, 2010-cu il büdcəsinin ÜDM-nin 6 faizi səviyyəsində təsdiqlənmiş büdcə kəsiri yüksək olsa da, inandırıcıdır: "Bizim üçün kəsirin səviyyəsinin tədricən azalması çox vacibdir, bu, borcların həddindən artıq çoxalmasından qaçmağa imkan verir. BVF-nin qiymətləndirmələrinə görə, 2009-cu ildə ölkə büdcəsinin kəsirinin ÜDM-ə nisbətdə 7,5 faiz təşkil edəcək. Bundan başqa o bildirib ki, BVF Ermənistanda vergi nümayəndəliyi institutunun tətbiqinin əleyhinədir. Onun sözlərinə görə, fondun mütəxəssisləri ümid edirlər ki, ölkədə 2010-cu ilin əvvəllərindən qüvvəyə minəcək vergi nümayəndəliyi institutunun tətbiqi haqda qanun effektiv olacaq. Hərçənd ki dünya təcrübəsi bunun daha böyük korrupsiyaya yol açdığını göstərir. "Biz inanırıq ki, bu təqdirdə məqsədin iri müəssisələrdən vergi yığımı təmin etmək olduğundan Ermənistan hökuməti burada daha yaxşı niyyətlərə əsaslanır. Lakin biz bu qərarın əleyhinəyik" - deyə N.Oumes bildirib.
Azər NURİYEV