Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Milli Teatr mədəniyyətinin güzgüsü
Teatr Muzeyinin 75 illiyi qeyd olundu

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Şərqdə və Zaqafqaziyada öz profilinə görə yeganə olan bu muzeyin yaradılmasında Bakı Teatr Texnikumunun direktor müavini, Bakı Türk İşçi Teatrının əməkdaşı, teatr xadimi Ağakərim Şərifovun böyük xidmətləri olub. O, 1920-ci ildən başlayaraq teatr tarixinə dair materialları toplamağa başlayıb. 1926-cı ildə Teatr Texnikumunun məzunları ilə Moskvada olarkən oradakı Teatr Muzeyinin direktoru A.A.Baxruşinlə görüşüb, ondan bu sahədə bir sıra məsləhətlər alıb.
Bakıda Teatr Muzeyi yaratmaqla bağlı göstərdiyi təşəbbüsdə Azərbaycanın görkəmli ziyalıları və teatr korifeyləri ona böyük dəstək olublar. Əziz Şərif, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Sidqi Ruhulla və başqaları bu işdə xüsusi fədakarlıq göstəriblər. Beləliklə, 1927-ci ilin noyabr ayında keçmiş Tağıyev Teatrının binasında yerləşən Dram Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yerləşdiyi bina) foyesində muzeyin Sidqi Ruhullanın şəxsi arxivindən ibarət ilk sərgisi açılıb.
1928-ci ildən 1934-cü ilə qədər teatr şöbəsi kimi fəaliyyət göstərən muzey 1934-cü ildə dövlət statusu alıb və noyabrın 25-də Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı keçirilib. 1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilib.
Əsas fondunda 135.000-dən artıq eksponat toplanmış muzeydə görkəmli sənətkarlarımızın 700-ə yaxın şəxsi arxivi, Azərbaycan peşəkar teatrının yarandığı tarixdən bu günə qədər müxtəlif yanrlarda ilk teatr tamaşalarının proqram və afişaları, əlyazmalar, memorial əşyalar, reyissor eksplikasiyaları, rol dəftərləri, müxtəlif tamaşalardan çəkilmiş foto və neqativlər, səhnə əsərlərinə verilmiş dekorasiya və geyim eskizləri, maketlər, obrazlara tikilmiş kostyumlar, rekvizitlər qorunur və nümayiş etdirilir. Muzeyin ekspozisiyası Azərbaycan teatrının ayrı-ayrı inkişaf mərhələlərinin bədii-estetik xarakterini, təbiətini, ruhunu özündə əks etdirən nadir eksponatları sərgiləyir.
Muzey 2004-cü ildə "Teatr tarixinə dair materialların toplanmasına və qorunmasına görə" Teatr Xadimləri İttifaqı tərəfindən "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Dünən muzeyin 75 illik yubileyi qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən təntənəli mərasimə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, teatr ictimaiyyəti, müxtəlif sənət adamları və KİV nümayəndələri qatılmışdı.
Muzeyin direktoru Nuridə Nurullayeva mərasimi giriş sözü ilə açaraq qonaqlara minnətdarlığını bildirdi: "Bu gün tək bizim muzeyin deyil, bütünlüklə teatr kollektivlərinin və teatrsevərlərin bayramıdır. Qeyd etdiyimiz muzeyin 75 illik yubileyi 136 illik teatr tarixini özündə əks etdirir. Teatr Muzeyi milli teatr mədəniyyətinin özünəməxsus və maraqlı tarixinin güzgüsüdür. Bu güzgüdə nəinki bizim teatr sənətinin uzaq və yaxın keçmişi əks olunur, habelə zamanın özü şəkillərdə, portretlərdə, müxtəlif ölçülü eksponatlarda güzgüyə gəlir. Muzeyə səyahət Azərbaycan teatr mədəniyyətinin tarixinə, Azərbaycan xalqının zövq tarixinə və genetik yaddaşına səyahətdir. Cənab prezident muzeyə gəldikdən sonra burda böyük dəyişikliklər baş verib. Ekspozisiyaları dəyişmişik. Mədəniyyət və Turizm Nazirliyi də həmişə bizə dəstək olub".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın teatr tarixinin qorunmasında bu muzeyin böyük əhəmiyyətə malik olduğunu vurğuladı: "Azərbaycan xalqının mənəvi dəyərlərini qoruyub saxlamaq muzey işçilərinə qismət olub. Muzey yaranan gündən teatrsevərlər öz evlərində saxladıqları eksponatları bura təhvil veriblər. Bu cür fədakar, öz mədəniyyətlərinə vicdanla yanaşan insanların isə sayı çoxdur.
Bu muzeyə gələndə bir şey mənə çox təsir etdi. 30-40 və 50-ci illərdə teatr səhnəsində oynayan insanların simasına baxdım. O simalarda nə qədər işıq, nə qədər ziya, nə qədər nikbinlik yaşayır. İctimaiyyətin fikrini qabaqlayan bir amil vardısa, o da teatr idi. O dövrdə internet, müasir texnologiya vasitələri yox idi. Amma cəmiyyət öz qabaqcıl fikirlərini ifadə etmək üçün teatrı seçmişdi. Həmin mühiti həmişə qoruyub saxlamaq lazımdır. O insanların cəmiyyətə nə verdiyini muzeydə qorunub saxlanan eksponatlar aydın göstərir. Teatr Muzeyinin ayrı-ayrı teatrların fəaliyyətinə öz töhfəsini verməsi sevindirici haldır". Ə.Qarayev vurğuladı ki, prezidentin muzeylərin bərpa və rekonstruksiyası ilə bağlı məlum sərəncamından sonra müasir texnologiyaların istifadəsi ön plana gəlib. Belə ki, prezident muzeyin ekspozisiyaları ilə tanış olarkən Teatr Muzeyinin yenidən qurulmağa ehtiyac olduğunu vurğulayıb. "Muzeyin müasir texnologiyalarla təchiz olunması o deməkdir ki, teatr tariximizi təkcə gələcək nəsillərə çatdırmırıq, virtual olaraq muzeyə gəlməyən adamlara da çatdırırıq. Gənclər teatrın tarixini mütləq bilməlidirlər, yoxsa yeni qurulan teatrlara müasirlik gətirə bilməyəcəyik. Bunun üçün ilk növbədə öz kökümüzə güvənməliyik". Nazir TXİ rəhbərliyinə onların arxivində qorunan dəyərli eksponatların Teatr Muzeyinə verilməsini tövsiyə etdi. "Əgər teatrın 136 illiyindən danışırıqsa, muzey bu tarixi özündə dolğun əks etdirməlidir. Teatr tarixi təkcə arxivdə saxlanılmalı, nümayiş olunmamalıdır. İnsanlar bundan xəbərdar olmalı, məlumatlanmalıdır". Ə.Qarayev həmçinin bu sahədə ciddi tədqiqatlara ehtiyac olduğunu da vurğuladı: "Tədqiqatçılar ciddi tənqidi yazılar, elmi araşdırmalar, publisist yazılar ortaya qoymalıdırlar. Əminəm ki, bu yöndə dəyərli tədqiqatlar aparılacaq və bizim teatr tariximiz dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılacaq. Bu muzey teatrımızın aynası rolunu oynamalıdır".
Nazir həmçinin muzeydə ekspozisiyaların yenidən qurulması üçün vəsait ayrılmasından ötrü tapşırıq verdiyini də diqqətə çatdırdı.
"Musiqi dünyası" yurnalının baş redaktoru, professor, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov yubiley münasibəti ilə iştirakçıları təbrik etdi. Sonra onun hazırladığı virtual saytın təqdimatı keçirildi.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov rəhbərlik etdiyi təşkilatın Teatr Muzeyi ilə çox doğma münasibətdə olduğunu diqqətə çatdırdı: "Bizim yaxın işbirliyimiz var. Elə vaxt olur ki, hansısa material lazım olanda biz onlara, onlar da bizə müraciət edirlər. Bu muzeydə Azərbaycan teatrının çox dəyərli nümunələri, əl yazıları saxlanılır. Onlar tapıntıdır. Bizim də gözəl arxivimiz var. Əgər Əbülfəs müəllim qeyd edirsə, biz birləşərik. Çünki bu, hamımızın işidir". TXİ sədri muzeyin bir neçə əməkdaşını Teatr Xadimləri İttifaqının fəxri fərmanları ilə təltif etdi.
Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov Teatr Muzeyinin yubileyini təkcə muzeyin həyatında deyil, ümumən ölkəmizin mənəvi həyatında böyük hadisə adlandırdı: "Bu gün mənəviyyatımızın bayramıdır. 75 illik tarix bəlkə özündə 200-300 illik bir tarixi əks etdirir. Mən bu muzeyə öz tərcümeyi-halımla bağlı bir ocaq kimi baxıram. "Turan Cavid muzeyin direktoru olduğu vaxtlarda mən tələbə idim. Həmişə bu muzeyə gedib-gəlirdim.
Teatr Muzeyinin ildönümü burada qorunan insanların ildönümüdür. O insanlar səhnəyə ideal yer kimi baxırdılar. Onlar adlarının yanında artist kəlməsinin işlənməsindən qürur duyurdular. Ona görə də muzey müqəddəs insanların toplaşdığı bir yerdir. Muzeydə çalışan fədakar insanlar isə mədəniyyətimizi qoruyub saxlayırlar. Biz də buna dəyər verməliyik, qorumalıyıq". Millət vəkili Teatr Muzeyinin ayrıca binasının olmasını arzuladı: "İstərdim ki, Teatr Muzeyinin ayrıca binası, səhnəsi olsun. Aktyorlar bura öz evləri kimi baxsınlar. Muzey 80 yaşını həmin yeni binada qarşılasın!"
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov muzey komissiyasının üzvü kimi tez-tez Teatr Muzeyi ilə əlaqə saxladığını bildirdi: "Bu muzeydə bir çox görkəmli rəssamın da portreti, yaratdığı əsərlər var. Ona görə də bu yubiley bütünlüklə incəsənətimiz üçün bayramdır". Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova da yubileyi tarixi gün kimi dəyərləndirdi: "Bu gün həmçinin virtual saytın təqdimatı bir tarixə bərabərdir. Sayt Azərbaycanın yüksək teatr mədəniyyətini və tarixini bütün bəşəriyyətə bəyan edir. Bu tarixdə Teatr Muzeyi mühüm yer tutur. Muzey bütün teatr hərəkatını, peşələri birləşdirir. İnsanın həyatında olduğu kimi muzeyin tarixində də 75 əlamətdar bir rəqəmdir. Ancaq muzeyin işçiləri çox gəncdirlər. Onlar daim axtarışdadır. Bu işçilər şərəfli bir vəzifəni yerinə yetirirlər". C.Səttarova komitə adından Teatr Muzeyinin bir neçə əməkdaşını fəxri fərmanla təltif etdi.
Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov təbrik sözlərindən sonra rəhbərlik etdiyi kollektiv adından Teatr Muzeyinə hədiyyə təqdim etdi. Opera və Balet Teatrının təbrikini isə Xalq artisti Mənsum İbrahimov öz ifası ilə səsləndirdi. Daha sonra Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrının təbrikləri səsləndi, musiqi nömrələri və poeziya nümunələri ifa olundu.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 17.12.09 | Baxılıb: 228

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •