|
Konqresin qərarı ABŞ-ın demokratik imicinə zərbə vurur
Azərbaycanda ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasına 8 milyon dollar məbləğində yardım ayırmasına etirazlar davam edir. Dağlıq Qarabağın azərbaycanlı icması, siyasi partiyalar, QHT-lər, media ABŞ-ın bu qərarını böyük haqsızlıq kimi qiymətləndirir. Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyalar ABŞ Nümayəndələr Palatasının 2010-cu ildə Dağlıq Qarabağa 8 milyon dollar məbləğində yardım göstərilməsi haqda qərarı ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət qəbul edib. Bu barədə məlumat verən Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, müraciəti parlamentdə təmsil olunan 12 partiya - Yeni Azərbaycan, Sosial Rifah, Ana Vətən, Müsavat, Ədalət, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Ümid, Xalq, Demokratik İslahatlar və Vətəndaş Birliyi partiyaları imzalayıblar.
Müraciətdə deyilir ki, ABŞ-ın öz büdcəsindən ayrı-ayrı dövlətlərə maliyyə yardımı göstərməsi onun qoşulduğu beynəlxalq konvensiyalara, saziş və müqavilələrə uyğun olaraq həyata keçirilməlidir: "Lakin Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistana 41 milyon, işğal olunan torpaqlardakı Dağlıq Qarabağ reyiminə 8 milyon məbləğində yardım göstərməsi ABŞ-ın beynəlxalq ictimai nüfuzuna zərər gətirməkdən başqa bir şey deyil". Müraciətdə daha sonra bildirilir ki, Azərbaycan parlamentində təmsil olunan siyasi partiyalar ABŞ Konqresi tərəfindən bu cür yanaşmanı - işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağ reyiminə hər il yardım göstərməsini Qafqazda sülhün və sabitliyin tənzimlənməsinə kölgə salan, bölgədə ABŞ hökuməti haqqında mövcud olan demokratik imicə xələlə gətirən, dinc yanaşı yaşamaq prinsipinə zidd olan fəaliyyət kimi qəbil edir. "Bu kimi ikili standartlar üzrə münasibətlərə son qoyulmalıdır" - deyə bəyanatda bildirilir. Partiyalar ABŞ səfirliyindən xahiş edib ki, bu etiraz ABŞ-ın əlaqədar hökumət qurumlarına çatdırılsın. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də ABŞ Konqresinin qərarına etirazını bildirib. Millət vəkili deyib ki, ABŞ Dövlət Departamentinin yaydığı hesabatlarda Dağlıq Qarabağ ərazisi nəzarətsiz zona kimi təqdim olunub. Hesabatda qeyd olunub ki, bəzi çirkli bizneslə məşğul olan şəxslər həmin ərazidə narkotik ticarəti ilə məşğul olurlar. Şura sədri ABŞ-ın Azərbaycandakı səfirliyinin yardımların guya minatəmizləmə işlərinə sərf olunacağı ilə bağlı izahatını da qəbul etməyib: "Mən sual edirəm: Ermənistanın nəzarəti altında olan əraziyə minaları kim basdırıb?" A.Quliyev deyib ki, Azərbaycan cəmiyyəti baş verənlərə etirazını davam etdirməlidir: "Hələ imkan var ki, qanun layihəsi keçməsin. Dünya azərbaycanlıları, Türkiyə diasporunun lazımi etirazları olarsa, inanıram ki, qanun layihəsi qəbul olunmaz". Ümumilikdə, Azərbaycan ictimaiyyəti ABŞ Konqresinin qərarını ölkənin ərazi bütövlüyünün pozulmasına, separatçılığa dəstək, haqsızlıq və ədalətsizlik kimi qəbul edir. Doğrudan da bütün dünyada terrorla mübarizəni prioritet vəzifə elan etmiş ABŞ-ın işğal altındakı nəzarətsiz ərazilərdəki hərbi xuntaya maliyyə yardımı ayırması heç cür başa düşülən deyil. Bu, ABŞ-ın separatçılığı himayə etməsi kimi də qiymətləndirilə bilər. Amma əslində, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişə tərəflərinə münasibətdə bitərəfliyini qoruyub saxlamalıdır. Konqresdə qəbul edilən qərar ABŞ-ın xarici siyasətində ziddiyyətlərin və tərəfkeşliyin olduğunu üzə çıxarır. ABŞ bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünə təhdid edən hərbi xuntaya maliyyə yardımı ayırır. Dağlıq Qarabağ separatçılarına maliyyə yardımının ayrılması ABŞ-ın dünyadakı demokratik imicinə də ciddi zərbə vurur və rəsmi Vaşinqtona qarşı inamsızlığı gücləndirir. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson ayrılan maliyyə yardımının işğal altındakı ərazilərin minalardan təmizlənməsinə yönəldiləcəyini bildirib. Amma əslində, faktlar bunun doğru olmadığını göstərir. Dağlıq Qarabağdakı separatçı reyim ABŞ-ın ayırdığı yardımlardan ayaqda qalmaq üçün istifadə edir. Nəzərə alsaq ki, son 17 ildə ABŞ separatçı reyimə üst-üstə 200 milyon dollar pul ayırıb, bu məbləğin separatçılar üçün böyük əhəmiyyət daşıdığını bir daha sübut etmiş olarıq. Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı reyimin varlığını qorumasında ABŞ həmişə xüsusi rol oynayıb. Rəsmi Vaşinqton bu qondarma reyimin rəhbərlərinin ölkə ərazisinə səfərlərinə göz yumub, onlar isə bu səfərləri zamanı dilənçiliklə 10 milyonlarla dollar vəsait toplayıblar. Əslində, bunun özü də dolayısı yolla ABŞ-ın Qarabağ separatçılarına dəstəyi kimi qiymətləndirilə bilər. Bir sözlə, ABŞ Konqresinin çox böyük haqsızlığa yol verdiyi göz qabağındadır. Azərbaycan vətəndaşları, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu ədalətsizliyə etirazlarını bildirməli və ABŞ-ın separatçılara dəstək siyasətindən əl çəkməsini tələb etməlidirlər. Bu prosesdə ABŞ-da yaşayan soydaşlarımız da xüsusi fəalllıq nümayiş etdirməlidirlər.
İ.QULİYEV
|