Təşkilat "Azadlıq xəritəsi" ilə demokratiya ideyalarına hörmətsizlik nümayiş etdirib
Birləşmiş Ştatların dövlət strukturları tərəfindən maliyyələşən və daima qərəzli bəyanatları və hesabatları ilə ad çıxarmış "Freedom House" təşkilatı ölkəmizlə bağlı növbəti hədyanlara yol verib. Özünü hüquq-müdafiə təşkilatı elan etsə də, dəfələrlə ölkəmizlə bağlı qərəzli, heç bir məntiqə söykənməyən fikirlər yayan qurum bu dəfə daha irəli gedib. Belə ki, əsassız, dəyərli faktlara söykənməyən və qərəzli hesabatları ilə özünü ifşa edən təşkilat bu dəfə ermənipərəst mövqeyini ortaya qoyub. Təşkilatın "Azadlıq" xəritəsi"ndə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim edilib. Üstəlik, təşkilat Azərbaycanı "qeyri-azad" ölkələr sırasında göstərməklə yanaşı, Ermənistanı və Dağlıq Qarabağı "qismən azad" ölkələrlə birlikdə təqdim edir. Əcəba, insan haqlarının qorunmasını əlində dəstəvuz edən təşkilat işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı beynəlxalq təşkilatların məlum qətnamələrini niyə yada salmır?
Qurum BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, Avropa Şurası və digər nüfuzlu təşkilatların Ermənistanın işğalçı olduğunu göstərən çoxsaylı qətnamələrinə nəzər salıb yaddaşını təzələsə, yaxşı olar. Həmin qətnamələrdə Dağlıq Qarabağ de-yure olaraq Azərbaycan ərazisi kimi göstərilib. Belə olan halda "Freedom House" təşkilatının "xəritəsi"ni necə necə obyektiv qiymətləndirmək olar? Təşkilat bununla beynəlxalq hüquqa hörmətsizliyini və separatçılığa, terrora, işğala dəstəyini nümayiş etdirmiş olub. Özü də maraqlısı odur ki, üzdəniraq hüquq-müdafiə təşkilatı Abxaziya, Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanı Respublikanı Moldovanın ərazisi kimi göstərir. "Bu, qərəzdən başqa bir şey deyil" desək, yəqin ki, yanılmarıq.
Qeyd etdiyimiz kimi, "Azadlıq xəritəsi"ndə Azərbaycan "qeyri-azad", Ermənistan isə "qismən azad" ölkə kimi göstərilib. Təşkilatın ölkənin statusunu müəyyən edən kriteriyalarında birinci yerdə "hökumətin başçısı və ya ali milli lider azad və demokratik yolla seçilibmi?" meyarı durur. Halbuki, 2008-ci ilin martında Yerevanın küçələrində tökülən qan heç kimin yadından çıxmayıb. Ermənistan rəhbərliyi prezident seçkilərinin nəticələrinə etiraz edənlərə qarşı silah işlətməkdən belə çəkinmədi. 30-a yaxın insanın qanı töküldü, yüzlərlə insan həbsxanalara atıldı. Bu gün də həmin insanların böyük əksəriyyəti həbsxanalarda çürüyür. Görəsən, "Freedom House" buna görəmi Ermənistanı "qismən azad" ölkələr sırasına daxil edib? Belə bir ölkə ilə müqayisədə Azərbaycanı "qeyri-azad" ölkə kimi qələmə vermək ədalətsizlik deyilmi? Fundamental insan hüquqlarının pozulduğu, demokratik təsisatların fəaliyyətinin iflic vəziyyətinə düşdüyü və ya hakimiyyətin təsiri altına keçdiyi, əhalinin baş götürüb qaçdığı Ermənistanı necə "qismən azad" adlandırmaq olar? Heç bir beynəlxalq qurum, dövlət, hətta Ermənistanın özü tərəfindən tanınmayan, əhalisi yalnız hərbçilərdən ibarət və separatçı reyimin idarə etdiyi bir ərazini demokratiya şkalası əsasında qiymətləndirmək olarmı? Bu, demokratiya ideallarına, demokratik dünyaya hörmətsizlikdir. Beləliklə, "Freedom House"un ədalətsiz, reallıq hissini itirmiş bir təşkilat olduğu bir daha üzə çıxır. Ona rəhbərlik edən şəxslərin isə məkrli dairələrin sifarişi ilə işlədiyi və yaxud öz şəxsi maraqlarına xidmət etdikləri bir daha aydın olur.
Yeri gəlmişkən, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da hesab edir ki, təşkilat özünü çoxdan ifşa etmiş bir qurumdur: "Ona görə də bir yığın ikiüzlü, satılmış və bununla da daha çox pul qazanmağa cəhd göstərən insanların tərtib etdiyi xəritəyə şərh vermək mənasızdır". E.Aslanov APA-ya açıqlamasında vurğulayıb ki, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu müəyyən edə bilməyən və Azərbaycan ərazilərində etnik təmizlik aparmış təcavüzkar dövləti - Ermənistanı "qismən azad" adlandıran qurum ikili standartların klassik nümunəsidir: "Onlar Yerevanda 1 mart hadisələrindən sonra həbs edilən və aralarında 5 deputatın, 1 qəzet redaktorunun, seçkiqabağı nümayişlərə qatılan 16 iştirakçının da olduğu siyasi məhbusları görməzdən gəlir və bununla da arzu ediləni həqiqət olaraq qəbul edirlər. Əhalisinin demək olar ki, hamısını hərbi qulluqçuların təşkil etdiyi, keçirilən seçkilərin və digər demokratik institutların beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığı Dağlıq Qarabağı necə "qismən azad" ərazi hesab etmək olar? Nəyə görə "Freedom House" susur ki, məhz Ermənistan bir milyon azərbaycanlını öz evlərini tərk etməyə və köçkün şəkildə yaşamağa məcbur edib? Erməni milliyyətçilərinin və separatçıların Qarabağ ərazisində Azərbaycanın mədəni irsini məhv etdiyi zaman "Freedom House" harada idi? Əsir düşmüş azərbaycanlı qadın və uşaqların vəhşicəsinə işgəncələrə məruz qaldığı bir vaxtda "Freedom House" niyə yox idi? Niyə "Freedom House" bir dəfə də olsun maraqlanmayıb ki, azərbaycanlı qaçqınların şəraiti necədir? Bütün bunlardan sonra bu təşkilatın hər hansı bir ifadəsinə inanmaq olarmı? Hamıya məlumdur ki, bu təşkilatın üzərində sifariş möhürü var".
E.Aslanovun sözlərinə görə, düzgün metodologiya olmadan, regiona səfər olmadan, real vəziyyəti öyrənmədən və ən əsası, müqayisəli təhlil olmadan hazırlanmış bu cür xəritələrin maliyyə böhranı şəraitində hansı maraqlara xidmət etdiyi aydındır: "Bu gün "Freedom House" Dağlıq Qarabağ separatçılarına 8 milyon dollar maliyyə yardımı göndərənlərin maraqlarına xidmət edir. Onlar Dağlıq Qarabağı narkotiklərin sərbəst daşındığı, terrorçuların məskən saldığı və erməni diasporunun və digər qrupların çirkli pullarının yuyulduğu boz zona kimi görmək istəyənlərdir".
Kamran