|
"TeliaSonera" şirkəti daha bir inqilabi yeniliyə imza atıb. Şirkət dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. İlk olaraq Stokholm və Oslodakı abonentlər bu xidmətdən yararlana biləcəklər. "Biz abonentlərinə 4G xidmətləri göstərən ilk operator olduğumuza görə fəxr edirik. Geniş zolaqlı mobil qoşulmadan istifadə bu ölkələrdə sürətlə inkişaf edir və abonentlər getdikcə daha yüksək sürət və ötürmə imkanına ehtiyac duyurlar. Elə məhz buna görə də biz 4G xidmətlərini həm Stokholm həm də Osloda təqdim edirik" - deyə, "TeliaSonera"nın mobil xidmətlər bölməsinin rəhbəri Kennet Karlberq bildirib. O əlavə edib ki, 4G-ni ilk olaraq təqdim etməklə şirkət digər bazarlarda da bu texnologiyanı tətbiq etməyə unikal təcrübə qazandırır. Qeyd edək ki, 4G ən sürətli mobil rabitə texnologiyası olmaqla hazırda sürətli hesab olunan 3G texnologiyasından on dəfəyə qədər sürətlidir.
Bu yeni texnologiyanın əlavə imkanları abonentlərin yüksək sürətli və iri həcmli məlumat ötürülməsini tələb edən veb-konfrans, onlayn oyunlar və ya veb-TV kimi internet üzərindən göstərilən xidmətlərdən faydalanmasını asanlaşdıracaq. "TeliaSonera"nın iki şəhər üzrə 4G şəbəkəsi Stokholm və Oslonun mərkəzi hissələrini əhatə edir və mobil məlumat ötürmə üçün istifadə olunur. "TeliaSonera" şirkətlər qrupunda göstəricilərinə görə qabaqcıl yer tutan "Azercell Telekom" MMC 4G-nin dünyada ilk dəfə olaraq sözügedən şəhərlərdə tətbiq olunmasını bütün telekommunikasiya sahəsi üçün əlamətdar bir hadisə kimi qiymətləndirir. İnanırıq ki, qısa bir zamanda "Azercell Telekom"un abonentləri də həm 3G, və gələcəkdə bizim təqdimatımızda 4G texnologiyalarından geniş faydalana biləcəklər.
|