|
Dünən dönüklüyün üzünü gördüm. Əyilmiş, sınmış adamla göz-gözə gələndə nə qəribədir ki, o gülümsədi, mən isə utandım. Özümü bilməməzliyə vurdum. Çalışdığım kollektivlərdən birində daim gərgin ab-hava hökm sürür. Cəmi bir neçə işçi olsa da, nə birgə keçirilən 5 il, nə də ağır iş şəraiti kollektivi bir ailəyə çevirməyib. Əksinə, əsasən kişilərdən ibarət bu kollektiv daim mübarizə şəraitində yaşayır. Buna rəqabət də deyə bilərik. Kiçik bir düzəlişlə - rəqabətin müasir forması. Müasir rəqabət əcdadından əsasən məqsədilə seçilir. Əvvəllər məqsəd daha çox pambıq yığmaq və daha çox dəzgah təmir eləmək idisə, indi "staxanovçuluq" istehza doğurur yalnız.
Modernizə olunmuş rəqabətin daha praktiki hədəfi var: rəhbərliyə daha yaxın olmaq! Müdirin kabineti finiş nöqtəsidir. Hədəf isə hər gün start götürüb direktorun otağına birinci çatmaqdır. Yarışın əsas qaydalarına görə, qalib birinci çatandır. Yarışda iştirak etmək üçün namizəddən iti göz, havada söz tutan eşitmə qabiliyyəti, analitik bacarıqlar, rəhbərliklə təmasa girmək, məlumatı toplamaq və daşımaq xüsusiyyətləri tələb olunur. Və təbii, ən həlledici məqam inandırmaq qabiliyyətidir. Yoxsa uduza bilərsən, əziyyətin hədər olar. Digər tərəfdən, namizədlər öz strategiyalarını quranda kollektivi də unutmamalıdırlar. "İş"in bu tərəfini nəzərə alıb dostluq atmosferi yaratmağı, "öz adamınızam" maskasını daşımağı, müdiri hərdən yüngülvarı tənqid edib azadfikirli müxaliflik görüntüsü yaratmağı bacarmalıdır. O əvvəllər idi ki, sadəlövh karikaturalara inanıb yaltaq və xəbərçiləri yazıq, beli ikiqat bükülmüş, üzündə yağlı ifadəylə təsəvvür edirdik. Onların müasir formatlı "sirdaş"ları indi başlarını dik tutur, inamla yüksək dəyərlərdən və zəngin daxili dünyasından danışır. Rəsmini verdiyim ofislərin əsas söhbətləri də müdir mövzusu ətrafında fırlanır. Necə gəldi, necə getdi - gəldimi, getdimi; kimə nə dedi, niyə belə dedi, niyə onu təriflədi? İclasda stulda rahatlana bilməyən işçiyə "nə yaman yerində qurdalanırsan" deyəndə, müdir əslində nəyi nəzərdə tuturdu? Kim kimə işləyir, filankəs niyə axır vaxtlar müavinlə yaxınlaşıb - bütün bunlar cavabsız ritorik suallara çevrilib. Çox qəribədir ki, indiyə kimi rast gəldiyim kollektivdaxili "şpion"ların hamısı kişi olub. Bəlkə də bu, ilk baxışdan qəribədir. Çünki əvvəla, müdirlərin də əksəriyyəti kişilərdir ki, onların da qadınlarla daha sıx münasibəti həmişə rahat alınmır. İkincisi, kişilər öz ailələrinin əsas qazanc mənbəyi olduqlarından işlərindən daha möhkəm yapışmağa məhkumdurlar. Bəlkə elə buna görə də işlərini itirməmək üçün daha elastik və əyilən olurlar bəziləri. Məsələn, dünən üz-üzə gəldiyim həmkarım kimi. "Qəhrəman"ım çox gəncdir, özü də yenicə ailə qurub. Onun işdəki fəaliyyətini iki tam fərqli hissəyə bölmək olar. Himayəsiz və himayədarlı dövrlərə. Əvvəllər ona hörmətimiz var idi - bacarığına, qabiliyyətinə, insanlığını misal gətirirdik. O da bizim kimi şefə yaxın olanları pisləyir, xəbərçiləri qınayırdı. Amma həmin dövrdə özünün günü qara idi. Hər dəfə imkan düşən kimi danlanır, ən kiçik səhvi şişirdilir, yarıtmazlıqda suçlandırılırdı, eləmədikləri boynuna qoyulurdu. Himayəsizliyin ən ağır nəticəsi isə o idi ki, maaşdan əlavə qazanc imkanları tamamilə məhdudlaşdırılmışdı. Sonra isə kəskin metamorfoza baş verdi. Oğlan tamamilə dəyişdi, müdirin "dilini tapdı". Aralarında əməkdaşlıq körpüləri salındı. Müdirin otağı onun isti sığınacağına çevrildi. İndi bəzilərimizin qınağına tuş gəlsə də, onun iş həyatı daha firəvan olub. Ən məsuliyyətli işlər həvalə edilir. Kefi kökdür, tez-tez təriflənir. Özü də yaxşı qazanmağa başlayıb. Kollektivdəki növbəti metamorfozanın baş verdiyinə inanmırdım. Dünən işgüzar görüş zamanı xəlvəti bizim söhbəti dinlədiyini görməyənə qədər. "Sehrli xalat" filmində qulaqlarını şəkləyib xalatın sirrini öyrənmək istəyən vəzir-vəkillər kimi bizi pusurdu, nə danışdığımıza qulaq asırdı. Eşitdiklərini çatdırıb yeni xal qazanmaq istəyirdi yəqin. Kamil adamlardan biri deyir ki, kimsə rəhbərə yaxınlığına görə kimisə qınayırsa, deməli, əslində, onun yerində olmaq istəyir. Düzdür, inanıram ki, kənarda qalanların bir hissəsi qısqanclıqdan qıcıqlanır, əsəbiləşirlər. Amma həm də inanıram ki, ikinci hissədə qalanların sayı daha çoxdur.
Sehrin
|