|
Bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı isə 2,7 faiz artıb
Qeyri-yaşayış sahələri bazarında bağlanan əqdlərin dinamikasında azalma müşahidə olunub. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, noyabr ayında da bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda kimi olub. Belə ki, qeyri-yaşayış sahələrini fərdi tikililər, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrinin və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillər təşkil edib: "Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası sentyabr ayına nisbətən bir qədər də azalıb. Noyabr ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın həm orta satış qiymətində, həm də icarə qiymətlərində 0,2 faiz qiymət azalması qeydə alınıb. 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti təklif üzrə oktyabrda qeydə alınan 2992 ABŞ dollarından 2998 dollara qalxıb".
Qiymətlərin zonalar üzrə təhlili göstərir ki, birinci və dördüncü zonalarda müvafiq olaraq 0,2 faiz və 0,5 faiz qiymət azalması qeydə alınıb. İkinci və üçüncü zonalarda isə hər ikisində 0,4 faizlə qiymət artımı müşahidə edilib. Ay ərzində orta qiymətlərdə ən çox artım Səbail rayonunda qeydə alınıb və bu artım 1,2 faiz təşkil edib. Ən çox qiymət azalması isə 1,3 faizlə Yasamal rayonunda baş verib. Təhlillərə əsasən, noyabrda bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2998 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 59,2 faiz paya malikdir. Aparılan araşdırmalar göstərir, qiymət azalması ötən rüblə müqayisədə 0,1 faiz təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 12,3 faiz, ilin əvvəlində qeydə alınmış nəticədən isə 10,6 faiz aşağı enib. Noyabrda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 2,7 faiz artıb. Buna baxmayaraq, bu nisbi artımlar ekspozisiya müddətinin artımının qarşısını ala bilməyib. Ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib: "Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indeksində azalma 12,8 faiz təşkil edib. Ötən ayla müqayisədə isə qiymət indeksində 0,2 faiz artım olub".
HƏQİQƏT
|