"Bakı" heyətini daha da gücləndirməyə çalışır
"Uğurlu çıxışımız hələ "Xəzər-Lənkəran"la görüşdən başlayıb. Bu komanda ilə səfər oyununda çox yaxşı təsir bağışladıq və qalib gəlməli idik. Ancaq təəssüf ki, yalnız bir xalla kifayətləndik. Lənkəranlılara evdə böyük hesablı məğlubiyyət də bizi sarsıtmadı". Bu fikirləri apasport.az saytına açıqlamasında "Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. "Xəzər-Lənkəran"a öz meydanında 0:3 hesablı məğlubiyyətdən sonra ardıcıl üç oyundur qələbə seriyasını davam etdirən son ölkə çempionunun axır iki nəticəsi xüsusilə əhəmiyyətlidir. Axı "İnter"lə (2:0) "Simurq" (2:1) "Bakı"nın "altılıq" uğrunda mübarizədə əsas rəqiblərindəndir.
"Zolaqlılar" Zaqataladakı qələbədən sonra turnir cədvəlində daha iki pillə irəliləyərək, 4-cü yerə yüksəlsə də, Z.Məmmədov arxayınlaşmağa əsas görmür: "Düzdür, indi bir qədər rahat nəfəs ala bilərik. Ancaq qarşıda vacib oyunlarımız var. Bu il hələ "Qarabağ"la səfər görüşünə də çıxacağıq.
Onu da uğurla keçsək, daha rahatlaşarıq. Türkiyəli baş məşqçimiz Bülənt Korkmazın işinin nəticəsi görünməkdədir. O, üç aya yaxındır işlədiyi müddətdə öz taktikasını qura, daha yaxından tanıdığı futbolçuları buna uyğunlaşdıra bilib. Bilirsiniz, əslində, heyətimizdə yaxşı futbolçular var. Sadəcə, onlarda əvvəl qələbə əzmi hiss olunmurdu. Bu, qalib ruhu son 5-6 oyunumuzda qayıdıb. Komandamız həqiqətən də yaxşı oyun nümayiş etdirir".
Vitse-prezident Zaqatalada 3 xala layiq olduqlarını bildirib: "Bəziləri yazır ki, guya "Simurq" həmin görüşdə bir qapıya oynadı, qapımıza penalti təyin edilmədi. Əslində, belə şeylər olmayıb. Bəzi hakim səhvləri də oldu. Fikrimcə, "Simurq"un kapitanı Aleksandr Malıginə qırmızı vərəqə göstərib, meydandan qovmaq olardı. Ancaq hər halda, haqq-ədalət öz yerini tapdı və layiq olduğumuz 3 xalı oyunumuzla qazandıq".
"Altılıq" uğrunda mübarizədə "qızıl xallar"ı vacib hesab edən Z.Məmmədov "Neftçi" ilə birləşib, "Qəbələ"ni ordan kənarda qoymaqla bağlı gəzən söz-söhbətlərə də münasibətini bildirib: "Bunlar əsassız şayiələrdir. "Bakı"nın buna ehtiyacı da yoxdur. İnşallah, öz gücümüzə "altılıq"da yer alacağıq və bütün rəqiblərə də eyni gözlə baxırıq. Şəxsən mənə "Qəbələ"nin ora düşməsi sərf edir. Çünki biz bu komandanı səfərdə 2:0 hesabı ilə məğlub etmişik. Özü də cari mövsümdə heç kim "Qəbələ"ni səfərdə yenə bilməyib. Turnir cədvəlində indiki vəziyyətdə "qızıl xallar"a görə 10 xalımız var ki, bu, heç də pis göstərici deyil. Belə ki, "Qəbələ" ilə yanaşı, "İnter" və "Simurq" üzərində qalib gəlib, "Xəzər-Lənkəran"la heç-heçə etmişik".
Bu arada məlum olub ki, "Bakı" Qazaxıstan yığmasının daha bir futbolçusu ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, Astananın "Lokomotov" klubunun 27 yaşlı yarımmüdafiəçisi Kayrat Aşurbəyov birdən-birə 2 paytaxt təmsilçisinin transfer siyahısında yer alıb.
Qazaxıstan mətbuatı Kayratı "Neftçi"nin transfer etmək istədiyini, hətta klub prezidenti Əkbər Hacıyevin danışıqlar aparmaq üçün Astanaya gəldiyini yazmışdı. Azərbaycandan təklif aldığını təsdiqləyən K.Aşurbəyov son Azərbaycan çempionu haqda fikrini bildirib: "Bəli, mənə həqiqətən də "Bakı"dan zəng olmuşdu. Mənimlə maraqlandıqlarını dedilər və il yarımlıq müqavilə təklif etdilər. Ancaq qərarımı bir qədər sonra açıqlayacağam. Hələ bu ayın sonuna kimi "Lokomotiv"lə müqaviləm var".
Qazax futbolçunun həmin müddəti gözləməsi təsadüfi deyil. Belə ki, artıq yanvarın 1-də sərbəst futbolçu olacaq K.Aşurbəyova görə kompensasiya ödəmək lazım gəlməyəcək və bu variant "Bakı"ya da sərf edir.
"Bakı"nın maraqlandığı qazax futbolçulardan Sergey Ostapenko artıq baxışa gələrək, baş məşqçi Bülənt Korkmazla görüşüb. Türkiyəli mütəxəssis "Astana"nın 23 yaşlı hücumçusunu sınadıqdan sonra qərarını açıqlayacaq. Bu ilin iyunun 6-da İngiltərə yığması ilə rəsmi görüşdə ağır zədələnən S.Ostapenko həmin vaxtdan bu yana oynamır. Ancaq özündə güc tapan Sergey zədədən sonra bərpa olunub və artıq yaşıl meydana çıxır. "Bakı"nın heyətində görmək istədiyi Qazaxıstan yığmasının digər üzvü Yambil Kukeyev üçünsə ingilislərlə oyun əlamətdar olub. Çünki 21 yaşlı yarımmüdafiəçi həmin görüşdə Fabio Kapellonun komandasına qol vurub. Yambil Kayratın Astana "Lokomotiv"ində komanda yoldaşıdır.
"Bakı" baxışa daha bir futbolçu da dəvət edib. Klub rəhbərliyi Belarus yığmasının oyunçusu Aleksandr Saçivkonu da baxışdan keçirəcək. Belaruslu futbolçu artıq paytaxtımıza gəlib. 1986-cı ildə anadan olan Saçivko yarımmüdafiəçidir. Sonuncu dəfə "Minsk" klubunun formasını geyinib. Ölkəsinin 21 yaşadək futbolçulardan ibarət milli komandasının da şərəfini qoruyur.