Parlament ABŞ prezidentinə və Konqresinə etiraz müraciəti qəbul etdi
Milli Məclisin dünən keçirilən iclasında ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasına 8 milyon dollar yardım ayırmaq barədə qərarı müzakirə edildi.
Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Musa Quliyev bildirdi ki, ABŞ Konqresinin bu qərarı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Çünki ABŞ parlamenti bu qərarı qəbul etməklə beynəlxalq hüququn bütün normalarını pozub. Millət vəkili Nümayəndələr Palatasının qəbul etdiyi qərarın ABŞ hökumətinin mövqeyinə də zidd olduğunu bildirdi. Onun sözlərinə görə, bu cür qərarlar münaqişənin nizamlanması ilə bağlı yaradılmış Minsk qrupuna həmsədr olan ABŞ-a etibarı və inamı azaldır. Millət vəkili onu da dedi ki, ABŞ etibarlı vasitəçi olmaq üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına eyni münasibəti göstərməlidir. Onun sözlərinə görə, Nümayəndələr Palatasının qərarına Milli Məclisdə münasibət bildirilməli və müvafiq etiraz ünvanlanmalıdır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov ölkədəki bütün siyasi partiyaların, ictimai təşkilatların, medianın ABŞ Konqresinin məlum qərarına etiraz etdiklərini bildirdi.
Onun sözlərinə görə, separatçılara 8 milyon dollarlıq yardım ayrılmasından ən çox zərəri elə ABŞ özü görəcək. Rəsmi Vaşinqton bununla Azərbaycanda ədalətli dövlət mövqeyini itirəcək. Komitə sədri qərarın Konqresdəki erməni lobbisinin təsiri ilə qəbul olunması barədə iddialara da münasibət bildirdi. Onun fikrincə, bu məsələ ABŞ-a haqq qazandırmır. Əksinə, baş verənlər ABŞ Konqresindəki siyasi korrupsiyadan xəbər verir.
"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Dağlıq Qarabağın azərbaycanlı icmasının Konqresin qərarından narazı qaldığını bildirdi: "Niyə ABŞ tərəfindən bu cür maliyyə yardımları yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqınlara da edilmir? Niyə bizim öz yurd-yuvamıza qayıdışımız üçün ABŞ tərəfindən müvafiq addımlar atılmır?" Millət vəkili dedi ki, uzun müddətdir ağır şəraitdə yaşayan Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri Azərbaycanda üçüncü dəfə keçiriləcək bələdiyyə seçkilərində də iştirak edə bilməyəcəklər.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə həmkarlarıyla həmrəy olduğunu bildirdi. Onun sözlərinə görə, Minsk qrupunun digər həmsədrləri olan Fransa və Rusiya tərəfindən də zaman-zaman bu kimi addımlar atılıb. Amma Azərbaycan həmin addımlara lazımi reaksiyanı verməyib. Millət vəkili təklif etdi ki, parlamentin gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi ilə əlaqədar qapalı dinləmələrin keçirilməsi məsələsi daxil edilsin. Dinləmələrdə iştirak edən xarici işlər naziri danışıqların gedişi, müdafiə naziri isə ordunun vəziyyəti barədə hesabat versin. Azərbaycanın münaqişənin həlli ilə bağlı ümumi konsepsiyası hazırlanmalıdır.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc Azərbaycandakı bütün siyasi partiyaların məsələ ilə bağlı eyni mövqedən çıxış etməsinin təqdirəlayiq hal olduğunu vurğuladı. Onun fikrincə, ABŞ Konqresinin məlum qərarı separatizmin maliyyələşdirilməsidir və bu dövlətin ədalətli vasitəçiliyinə kölgə salır. Millət vəkili dedi ki, son 17 ildə ABŞ Dağlıq Qarabağdakı qondarma reyimə üst-üstə 200 milyon dollardan artıq yardım edib. Bu yardımlar Qarabağdakı hərbi xuntanın ayaqda qalmasına kömək edir. Üstəlik, Dağlıq Qarabağa ayrılan yardımlar təyinatı üzrə - humanitar məqsədlər üçün xərclənməyib. Millət vəkili son 17 ildə ABŞ-ın Ermənistana da ümumilikdə 2 milyard dollardan artıq bu tipli yardımlar etdiyini bildirdi. Onun fikrincə, ABŞ-ın Ermənistana ayırdığı bu yardımlar Rusiyanın Yerevana əvəzsiz silah satmasından heç nə ilə fərqlənmir. Əksinə, Azərbaycandakı neft yataqlarının işlənməsində iştirak edən ABŞ şirkətləri gəlirlərindən Amerika büdcəsinə vəsait ödəyir, bu vəsait hesabına isə Ermənistana yardım edilir. "Belə çıxır ki, Ermənistana yardım bizim öz pulumuz hesabına edilir" - deyə millət vəkili vurğuladı. Onun fikrincə, ABŞ-ın MDB regionundakı digər separatçı qurumlara - Dnestryanı Respublikaya, Şimali Osetiyaya bu cür yardımları etməməsi də diqqətdən yayınmamalıdır. Millət vəkili təklif etdi ki, parlamentdə xüsusi işçi qrupu yaradılsın, həmin qrup parlamentin etirazını ifadə edən müraciət hazırlasın.
Bitərəf millət vəkili Aynur Quliyeva ABŞ-ın məlum qərarı ilə separatçıları himayə etdiyini bildirdi. Onun sözlərinə görə, Amerika yaddan çıxarmamalıdır ki, Dağlıq Qarabağdakı separatçı reyimin başında duranlar cinayətkarlardır. "ABŞ Azərbaycanın başı üstündən Dağlıq Qarabağ ermənilərinə yardım ayırmaqla bizim suveren hüquqlarımıza hörmətsizlik edir. Əgər bu yardımlar humanitar xarakter daşıyırsa, onda niyə Dağlıq Qarabağın azərbaycanlı icmasına da edilmir" - deyə millət vəkili sual etdi. O əlavə etdi ki, məsələnin digər acınacaqlı tərəfi bu addımı atan dövlətin münaqişənin həlli ilə bağlı danışıqlarda vasitəçi olmasıdır. A.Quliyevanın fikrincə, Azərbaycan bütün bu haqsızlıqları nəzərə alıb ATƏT-in Minsk qrupunun mövcud həmsədrlər formatından imtina etməlidir. Çünki həmsədrlər artıq faktiki olaraq Ermənistanın vəkili kimi çıxış edirlər.
Müsavat deputat qrupunu təmsil edən millət vəkili Pənah Hüseyn də həmkarları ilə həmrəy olduğunu bildirdi. "Dağlıq Qarabağ münaqişəsində iqtidarla müxalifət arasında heç bir fikir ayrılığı yoxdur" - deyə millət vəkili vurğuladı.
Bitərəf millət vəkili Əli Məsimli Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin yeni bir mərhələyə qədəm qoyduğunu bildirdi. Onun fikrincə, bu mərhələdə parlamentin fəallığı artmalıdır.
Müzakirələrə yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov Dağlıq Qarabağa 8 milyon dollarlıq yardımın ayrılmasında ABŞ Konqresinin Nümayəndələr Palatasını da günahlandırdı. O qeyd etdi ki, prezident Barak Obama 2010-cu ildə göstəriləcək xarici yardımlarla bağlı büdcə layihəsini parlamentə göndərərkən orada qondarma DQR-ə yardım ayrılması nəzərdə tutulmayıb. Bu məsələ layihəyə Nümayəndələr Palatasındakı müzakirələr zamanı daxil edilib. "Düşünürəm ki, məsələ hələ bitməyib. ABŞ prezidenti bu sənədi imzalamayacaq" - deyə spiker vurğuladı. O qeyd etdi ki, parlament ABŞ-a deyil, Konqresdəki ermənipərəstlərə etiraz edir. Spiker təklif etdi ki, Milli Məclis adından ABŞ prezidenti Barak Obamaya da müraciət qəbul edilsin. Orada ABŞ prezidentindən xahiş olunsun ki, qondarma DQR-ə yardım ayrılmasını nəzərdə tutan sənədi imzalamasın. "Biz ABŞ prezidentinin apardığı sülh siyasətinə inanırıq" - deyə spiker vurğuladı.
Müzakirələrin yekununda 8 nəfərdən (Elman Məmmədov, Rövşən Rzayev, Əli Hüseynov, Musa Quliyev, Nəsib Nəsibli, Fəttah Heydərov, Gülər Əhmədova və Yevda Abramov) ibarət işçi qrup yaradıldı. İclasın sonunda parlament adından ABŞ prezidentinə və Konqresinə etiraz müraciəti qəbul edildi.
İlham QULİYEV