|
Təkrar avtomobil bazarında aparılan monitorinqlər bazarda mövsümlə əlaqədar nisbi aktivliyin davam etdiyini göstərir. Noyabrın ilk ongünlüyündə avtomobillərin qiymətinə təsir göstərməyən dinamiklik müşahidə olunub. Bu isə özünü bağlanan əqdlərin dinamikasında göstərib. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, əvvəlki ayla müqayisədə noyabrda təklif stabil qalıb. Təklifin stabil qalmasına baxmayaraq, tələb də dəyişməyib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə cüzi artım qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının artmasına az da olsa təsir göstərib və bu artım 0,8 faiz olub. Ay ərzində bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməyib və ötən ay olduğu kimi orta qiymət 16100 ABŞ dollarına bərabər olub.
Monitorinq qrupunun araşdırmalarına görə, bazarda müşahidə olunan nisbi aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını alıb. Ekspozisiya müddətinin aşağı düşməsinə baxmayaraq, əmlakın bu növü üzrə risk dərəcəsi hələ də yüksək olaraq qalıb. Bu da öz növbəsində avtomobillərin likvidlik əmsalına mənfi təsir göstərib: "Noyabr ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 7100-dən artıq avtomobilin 38,1 faizi bazara məhz sentyabr ayı ərzində təklif olunub. Qalan 61,9 faizi isə əvvəlki aylardan qalan avtomobillərdir. Alman markası "Mercedes-Benz" iki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayır. Onun təklif üzrə payı ümumi portfeldə yenidən 38,7 faizə qalxıb və artım 0,7 faiz təşkil edib". Ümumilikdə 9 markanın təklif üzrə payı 82,6 faiz təşkil edib. Yerdə qalan 17,4 faiz isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.
HƏQİQƏT
|