|
Bu, orta qiymətdə azalma ilə nəticələnib
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin ("ƏBİ" İB) monitorinq qrupu ilkin mənzil bazarı üzrə növbəti araşdırmalarını yekunlaşdırıb. Nəticələr barədə qəzetimizə qurumun mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, noyabr ayının sonuna Bakı şəhəri üzrə "ƏBİ" İB tərəfindən qeydə alınmış, satışı davam etdirilən yeni tikilililərin sayı keçən aydakı 453 ədədə qarşı 443 ədəd olub: "Ay ərzində 11 binada son satış tamamlandığı üçün tikintisi aparılan binaların siyahısından çıxarılıb. Daha bir bina isə siyahıya əlavə edilib". 453 binanın inşasına gəlincə, bu, 159 tikinti təşkilatı tərəfindən həyata keçirilir. Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,6 faiz təşkil edir.
Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı 122.2 kvadrat metrə qarşı 122.1 kvadrat metr olub. Orta mərtəbə və blok göstərisi keçən ayla müqayisədə dəyişməz qalıb. Orta blok göstəricisi 2,4 blok, orta mərtəbə göstəricisi isə 15,1 mərtəbə olub. Araşdırmalarə əsasən, şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiymətində azalma qeydə alınıb. Noyabr ayı ərzində orta qiymətlər 3 faiz azalaraq 957 $/kv.metrdən 928 $/kv.metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 10.9 bənd azalıb və 352,3 bəndində qərarlaşıb: "Təhlillər qiymət azalmasının əksər binalarda qeydə alındığını göstərir. Qiymət azalmasının əsas səbəbi kimi isə tələbin kəskin azalması göstərilir". Oktyabr ayı ilə müqayisədə noyabrda qiymət artımı yalnız Nizami rayonu üzrə qeydə alınıb və bu göstərici 0,3 faiz təşkil edib. Ən çox azalma isə 10,8 faizlə Xətai rayonunda qeydə alınıb. Araşdırmalar göstərir ki, ilkin bazarda qiymətlər 2007-ci ilin mart ayında qeydə alınmış nəticədən də aşağı enib.
HƏQİQƏT
|