|
Tələbin azalması qiymətlərin enmə tendensiyasını saxlayır
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu torpaq bazarı üzrə növbəti araşdırmalarını yekunlaşdırıb. Nəticələr barədə qəzetimizə qurumun mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, ötən ay ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib: "Noyabr ayında bazara ümumilikdə 821,1 ha torpaq sahəsi təklif olunub. Onun 76,6 faizini boş sahə, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib. Ötən ay da köhnə yaşayış evlərinin sökülməsi zəif olub". Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə doğru - üçüncü və dördüncü zonalar üzrə genişlənməkdə davam etsə də, tikintinin tempinin azalması tendensiyası bir qədər də dərinləşib. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib: "Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası noyabr ayında bir qədər zəifləyib.
Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib". Bazarda torpağın ekspozisiya müddətinə gəlincə, bu göstərici əvvəlki ayla müqayisədə 0,8 faiz artaraq 244 günə çatıb: "Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib". Torpaq bazarında qiymət indeksi isə 6.2 bənd azalaraq 275.6 səviyyəsində qərarlaşıb: "Ötən aylarda olduğu kimi, noyabr ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə edilib. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,2 faiz azalaraq 16341 $/sot səviyyəsindən 15982 $/sot səviyyəsinə enib". Qurumdan ay ərzində qiymət azalmasının bütün zonalarda qeydə alındığı bildirilib. Ekspertlər hesab edirlər ki, bu, bütün zonalar üzrə torpağın bazar qiymətinin real dəyərindən çox baha olması ilə bağlıdır: "Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması birinci və ikinci zonalarda tələbin aşağı düşməsi ilə paralel, qiymətlərin də azalmasına səbəb olub. Oktyabrdan fərqli olaraq, noyabrda birinci zona üzrə qiymət azalması nisbətən zəif tendensiya ilə davam edib. Amma üçüncü və dördüncü zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını saxlayır". Üçüncü və dördüncü zonalarda torpaq sahələrinin mülkiyyət hüquqlarına dair sənədlərdə problemlərin hələ də qalması bu zonalar üzrə qiymət azalmasına təsir göstərir. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması da daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Son aylar baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb. Ən çox qiymət azalması Nizami rayonunda qeydə alınıb və azalma -5,4 faiz olub. Oktyabrda olduğu kimi, noyabrda da heç bir rayonda torpağın qiymətində artım qeydə alınmayıb. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Sabunçu rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimidir. Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsinə gəlincə, o, yenə də Nərimanov rayonunda qeydə alınıb. Rayonun H.Əliyev (keçmiş İnqilab) küçəsində torpağın bir sotunun dəyəri 150000 min dollardır. Ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda Pirəkəşkül qəsəbəsinin payına düşür. Belə ki, adıçəkilən qəsəbədə torpağın bir sotunun qiyməti 400 dollar təşkil edir. Monitorinq qrupu tikinti materialları bazarında da araşdırmaları başa çatdırıb. Mənbədən qeyd edilib ki, noyabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 89 çeşiddə tikinti materiallarının qiyməti izlənilib: "Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümimi istehsalda həcmi 53,9 faiz təşkil edib. Ümumilikdə noyabr ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 32-i üzrə qiymət azalması, 6-ı üzrə qiymət artımı, 51-i üzrə isə stabillik müşahidə edilib". Qiyməti azalan məhsullar ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də azalma qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma oktyabr ayı ilə müqayisədə 2,2 faiz təşkil edib. Qiymət artımına gəlincə, noyabrda şüşə 6, lambirin 8, üzlük daş isə 5,1 faiz bahalaşıb. Bununla yanaşı, mişar daşı 13,5, qum 8,3, çınqıl 7,1, otsep 11,1, taxta isə 2,3 faiz ucuzlaşıb. Qiymət enməsi DVP üzrə 3,3, armatur üzrə 0,6, künyə üzrə 1,8, şveller üzrə 1,6, dəmir təbəqə üzrə 2,7 faiz təşkil edib. Ucuzlaşan digər materiallar sırasında katinka üzrə 6,4, şifer üzrə 2,1, dam örtüyü üzrə 0,5, alçipan üzrə 1,8, izolyasiya üzrə 3,4, tamet üzrə 12,5, profil üzrə 9,3 faiz qiymət azalması qeydə alınıb. Digər tikinti materiallarının qiyməti stabil qalıb. Ötən ayda istehsal mallarının ümumi qiymət portfelindəki payı idxalı 3 dəfəyə yaxın üstələyib. Aparılan araşdırmalar göstərir ki, noyabrda qiymət azalmasına uyğun olaraq tələbdə də azalma müşahidə olunub. Aylıq nəticəyə gəlincə, ümumilikdə tikinti materiallarının qiymətində ilin əvvəli ilə müqayisədə 23,5, ötən illə müqayisədə isə 3,7 faiz artım qeydə alınıb.
HƏQİQƏT
|