|
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə "APA-Economics"ə ARDNF-in mətbuat xidmətindən məlumat verilib. Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu il üçün büdcə layihəsi müzakirə olunub. İclasda Müşahidə Şurası tərəfindən ARDNF-in 2010-cu il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılıb. ARDNF-in 2010-cu il büdcəsinin gəlirlərinin 5 963 126,7 min manat, xərclərinin 5 428 431,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 431,2 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. Müvafiq olaraq 2010-cu il büdcə layihəsi, o cümlədən ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrinin məqbul hesab edilərək, təsdiq olunmaq üçün Azərbaycan prezidentinə göndərilməsi tövsiyə olunub.
|