Həmsədrlər Bakıdadır
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke Bakıya gəlib. Bu barədə yurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Terri Devidson məlumat verib. O bildirib ki, Bradtke görüşlərə başlamaq üçün Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrlərinin gəlişini gözləyir. Rəsmi görüşlər dekabrın 11-də keçiriləcək. Həmsədrlərin prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair "Madrid prinsipləri"nin həmsədrlər tərəfindən yenilənmiş variantı, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məsələsi müzakirə olunacaq.
Bu arada isə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gələn ilin yanvarında baş tutacağı bəlli olub. Bu barədə "Armenia today"a ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib. Onun sözlərinə görə, həmsədrlər Azərbaycana, oradan isə Ermənistana səfər edəcəklər. Həm Ermənistanda, həm də Azərbaycanda həmsədrlər hakimiyyətlə "Madrid prinsipləri"nin redaktə olunmuş versiyasını müzakirə edəcəklər. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün hazırlıq görəcəklər.
Kamran
|