Elmar Məmmədyarov: “Azərbaycan BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinin tətbiqi mexanizminin olmasını vacib sayır”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikada keçirilən «G-20» ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib. XİN mətbuat xidmətinin yaydığı məlumata görə, nazir Elmar Məmmədyarovdan öncə çıxış edən Meksikanın xarici işlər naziri Patrisiya Espinyoza Azərbaycanın və digər qonaq qismində iştirak edən ölkələrin bu toplantıda iştirakının bu ölkələrin təmsil etdiyi regionların əhəmiyyətindən və beynəlxalq aləmdəki rollarından irəli gəldiyini bildirib.
Qeyri-rəsmi iclasa sədrlik edən Meksikanın xarici işlər naziri öz həmkarlarını bu forumdan qlobal idarəçiliyi inkişaf etdirmək üçün istifadə etməyə çağırıb. ABŞ-ın dövlət katibi Hillari Klinton isə bildirib ki, məhsuldar qlobal iqtisadiyyata nail olmaq üçün hökumətlər açıq, şəffaf və ədalətli iqtisadi siyasət yürütməlidir.
Daha sonra çıxış edən Cənubi Afrika Respublikasının xarici işlər naziri inkişaf etmiş ölkələri Azərbaycanın etdiyi kimi, Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib. Nazir Elmar Məmmədyarov çıxışında davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunaraq, Azərbaycanın 20 illik müstəqillik dönəmində bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulayıb. Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin hələ də işğal altında olduğunu bildirən nazir Elmar Məmmədyarov, Azərbaycanın davamlı şəkildə öz müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üzərində çalışdığını bildirib.
XİN rəhbəri: Azərbaycanda təhsil sahəsinə böyük investisiyalar yatırılır
Nazir Elmar Məmmədyarov Azərbaycanda təhsil sahəsinə böyük investisiyalar yatırıldığını qeyd edərək, bununla da gələcək nəsillərin güclü iqtisadiyyata və sosial siyasətə malik olan qüdrətli dövlət qurmalarının mümkün olacağını qeyd edib. O, İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsinin də ölkəmizdə əsas inkişaf edən istiqamət olduğunu bildirib. Gender bərabərliyi məsələsinə toxunan nazir Elmar Məmmədyarov cəmiyyətdə qadının mühüm rolundan bəhs edib və xüsusən də inkişaf etməkdə olan ölkələrdə bu məsələlərə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Təhlükəsizlik məsələlərinə toxunan nazir Elmar Məmmədyarov, bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edib.
Nazir BMT qətnamələrinin icra olunmamasından təəssüfləndiyini bildirib
BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycanın bu qətnamələrin tətbiq mexanizminin olmaması kimi xoşagəlməz təcrübəsinin olduğunu xatırladıb. BMT TŞ-nın öz qərarlarına hörmətlə yanaşmasının vacib olduğunu qeyd edərək, qərarların tətbiq mexanizminin də yaradılmasının mühümlüyünü vurğulayıb. Nazir BMT-nin universal bir təşkilat kimi əhəmiyyətinin azaldılmasında maraqlı olmadığımızı qeyd edərək, BMT-nin qəbul edilmiş qərarlarının icrasının təmin olunması üçün daha təsirli səlahiyyətlərə malik olmasının vacibliyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov bunun qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib. Nazir Elmar Məmmədyarov «G-20» ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-ın dövlət katibi, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirib.
Xatırladaq ki, görüş iyunda «Böyük 20-liy»in dövlət başçılarının sammitindən əvvəl keçirilən bir sıra iclaslardan biridir. «Böyük 20-lik» 19 ölkənin və Avropa Birliyinin forumudur. «Böyük 20-liy»in iyun sammitindən əvvəl hazırlıq görüşləri mayda yekunlaşacaq. Onu da deyək ki, 2012-ci ildə «G-20»yə Meksika sədrlik edir və bu təşkilat 1999-cu ildə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin birgə müzakirəsi üçün yaradılıb.
Azərbaycanın qlobal rolun artır
Yeri gəlmişkən, Azərbaycanın ilk dəfə olaraq «Böyük 20»liyin sammitində iştirakı türk və Qərb mətbuatında da yer alıb. Türkiyə qəzetlərində Azərbaycanın beynəlxalq tədbirdə iştirak etməsi onun qlobal rolunun artması kimi dəyərləndirilib. Qeyd olunur ki, bu cür mötəbər sammitə ilk dəfə Azərbaycanın da dəvət olunması ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğur kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, Azərbaycan təkcə öz enerji resursları ilə deyil, həm də tranzit imkanları ilə dünya, xüsusilə də Qərb üçün mühüm əhəmiyyət kəsb edir.
Dünyanın iqtisadi gündəliyinin müəyyən edilməsində böyük əhəmiyyətə malik olan «G-20»nin toplantıları son illərdə dünya iqtisadiyyatında baş verən risklərin müzakirəsi, onların azaldılması və aradan qaldırılmasının müzakirəsi, mühüm qərarların qəbulu baxımından xüsusi əhəmiyyətə malikdir. Beləliklə, fövqəldövlətlərin təmsilçilərinin qatıldığı bu tədbirdə Azərbaycanın iştirakı sürətli inkişafın, onun regiondakı mövqeyinin göstəricisidir, desək yanılmarıq.
A.NURİYEV