Dmitri Medvedyevə şikayət edildi
"Ümumilikdə biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini alqışlayırıq. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasını tamamilə ağıllı və ədalətli hesab edirik". Bu sözləri Rusiya prezidenti Dmitri Medvedyev Avropa və Avrasiya KİV forumu iştirakçılarının suallarını cavablandırarkən bildirib. Bununla yanaşı, Rusiya prezidenti bütün digər dövlətlərin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını kimə qarşısa yönəlmədiyini, bunun şəxsən Ermənistan və Türkiyə və digər həmsərhəd ölkələr üçün olduğunu anlamalarının vacibliyini qeyd edib. "Əgər bu mesay düzgün şəkildə yaradılsa və göndərilsə, onda bu prosesləri diqqətlə izləyən digər ölkələrlə gərginlik olmayacaq" - deyə D.Medvedyev bildirib. O qeyd edib ki, XX əsrdə nəhəng problemləri olan Ermənistan və Türkiyə qarşılıqlı dözüm və kompromis axtarışı nümayiş etdirərək onları aradan qaldırmağa çalışırlar.
Rusiya prezidenti Gürcüstanla da bağlı məsələyə toxunub. O vurğulayıb ki, Moskva ilə Tbilisi arasında aviareyslərin bərpasına heç bir maneə görmür:
"Sizin adını çəkdiyiniz problemlər və birbaşa reyslərin mümkünlüyü, "Yuxarı Lars" Nəzarət Buraxılış Məntəqəsinin açılışı - bütün bunlar hamısı müzakirəi üçün tamamilə normal mövzulardır. Və əgər ciddi danışsaq, mən burada heç bir xüsusi maneə görmürəm". Onun sözlərinə görə, bu, ilk növbədə sadə adamlara aiddir: "O şəxslərə ki, onlar əvvəl dostluq etdikləri kimi yenə də onu davam etdirirlər, əvvəl necə ünsiyyət saxlayırdılarsa, indi də saxlayırlar". D.Medvedyev qeyd edib ki, Rusiya və Gürcüstan əldə olunan müsbət nə varsa, hamısını saxlamalıdır. Bundan əlavə o qeyd edib ki, ayrı-ayrı vətəndaşlarla ünsiyyətdə olmamağa istinad edərək adi məişət məsələlərindən uzaqlaşmaq olmaz. Onun sözlərinə görə, Avropanın gələcəyinin təhlükəsizliyi haqda düşünmək vacibdir. D.Medvedyev onlar tərəfindən yaradılan Avropada təhlükəsizlik haqda Müqavilənin işlənməsi ideyasının da buna yönəldiyini qeyd edib. "Gürcüstanda istehsal olunmuş məhsullar Rusiyaya qanuni gətirilibsə, bu malların ölkədə satışında heç bir problem olmamalıdır". "RİA Novosti"nin yaydığı məlumata görə, Gürcüstan yurnalistinin sualını cavablandıran D.Medvedyev bildirib ki, Gürcüstan məhsulları da digər idxal olunmuş mallar kimi Rusiyada qəbul edilməli və satılmalıdır: "Çalışın, hər şey qanuni yolla olsun".
Rusiya prezidenti 2010-cu ildə Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə təşkilatın sammitinin bu ölkədə keçirilməsi ideyasını dəstəkləyib: "ATƏT-ə bizim tərəfdaşımızın (Qazaxıstan) sədrlik edəcəyi çox yaxşıdır. Hesab edirəm ki, ATƏT sammitinin keçirilməsi ideyası olduqca faydalıdır". O qeyd edib ki, ATƏT ölkələri liderləri çoxdandır ki, görüşmürlər və vaxtaşırı müxtəlif Avropa meydançalarında görüşmək lazımdır. D.Medvedyev qeyd edib ki, ATƏT mövcud meydançalardan biridir və qoy, inkişaf etsin: "Biz müxtəlif formatlarda iştiraka hazırıq, lakin eyni zamanda gələcək barədə düşünməyi vacib hesab edirik. ATƏT bütün təhlükəsizlik məsələlərini təmin etmir. Avropa Birliyi də təhlükəsizlik məsələlərinin hamısını həll etmir. Demək çətindir ki, hətta NATO təhlükəsizlik məsələlərinin hamısını həll etmir, odur ki, hələ başqa formatlardan, Rusiyanın iştirak etdiyi MDB, KTMT və digər formatlardan danışmırıq".
D.Medvedyev onu da bildirib ki, ölkəsi 2015-ci ildə rəqəmsal yayıma keçəcək: "Yaxşı olardı ki, bu proses MDB ölkələri ilə sinxron şəkildə həyata keçsin". O, hazırda bu istiqamətdə ilkin addımlar atıldığını deyib: "Rusiyada rəqəmsal yayımın həyata keçirildiyi bir neçə ərazi var. Ümidvaram ki, 2015-ci ildə rəqəmsal televiziya yayımını tam həyata keçirə biləcəyik. Bu məqsədlə federal büdcədən və kommersiya qurumları tərəfindən milyardlarla pul ayrılması nəzərdə tutulur. Bu proses bütün MDB məkanında gedəcək. Mənə elə gəlir ki, rəqəmsal yayıma keçid prosesinin bütün MDB məkanında sinxron şəkildə getməsi daha məqsədəuyğun olardı".
Rusiya prezidenti bildirib ki, Avropa və Asiyanın media qurumları arasında ideologiyadan kənar daimi dialoq qurulmalıdır: "Bu dialoq prosesini daimi, bərabərhüquqlu, praqmatik əsaslarda qurmaq lazımdır. Biz fərqli olsaq da, ümumi köklərə malikik. Yeni şəraitdə bir-birimizi dinləməyi və anlamağı öyrənmək lazımdır. Kütləvi informasiya vasitələrinin müasir texnologiyalar bazasının və peşəkar kadrlarının olması - müstəqil və güclü dövlətin atributudur". Dmitri Medvedyev internet-gündəliklərini hakimiyyət təmsilçiləri ilə sadə insanlar arasında yaxşı ünsiyyət vasitəsi adlandırıb: "Hesab edirəm ki, bloqlar dünyada və ölkədə baş verən hadisələr barədə operativ informasiya almaq üçün pis ünsiyyət forması deyil. Digər tərəfdən bloqlar insana özünü yurnalist kimi hiss etmək imkanı yaradır". Prezident bu günlərdə şəxsi video-bloqunu yaratdığını və bütün vətəndaşların o bloqa məktub və fikirlərinin yaza biləcəyini deyib: "Mənim ardımca Rusiyanın bir çox regionlarının rəhbərləri də analoyi bloqlar yaradıblar. Çalışıram bu işlə şəxsən özüm məşğul olum, mənim informasiya fəaliyyətimdə hər halda müəyyən peşəkarlıq da var".
Tədbirdə çıxış edən MDB icraçı katibi Sergey Lebedev qeyd edib ki, rus dili birlik məkanında getdikcə az işlənir: "Rus dilinin istifadə sahəsinin mühüm dərəcədə azalması narahatlıq doğurmaya bilməz". S.Lebedev qeyd edib ki, buna şəxsən əmin ola bilər: "Mən şəxsən rus dilinin yox olması ilə bağlı halların şahidi olmuşam. MDB ölkələrində bəzi mehmanxanalarda gənclər mənimlə ingilis dilində danışmağa üstünlük verirlər, çünki rus dilini bilmirlər". O, həmçinin gileylənib ki, KİV-də MDB-nin fəaliyyəti haqqında "az məlumat verilir və bu, hər zaman obyektiv olmur". S.Lebedev bildirib ki, hazırda MDB mətbu orqanının yaradılması haqda təklif müzakirə olunur.
Qeyd edək ki, "RİA Novosti-nin təşkilatçılığı ilə Moskvada keçirilən Avropa və Asiya Media Forumu MDB və Baltikyanı ölkələrinin tanınmış KİV rəhbərlərini, siyasətçi və ictimai xadimləri bir araya toplayıb. Forumda postsovet məkanının 150-dən az olmayaraq ən nüfuzlu çap və elektron nəşrlərinin rəhbərləri iştirak edirlər.
Azər NURİYEV