|
Prokurorluq bələdiyyə üzvlərinin savadsızlığından, parlamentin komitə sədri isə Bələdiyyələrlə İş üzrə Mərkəzin işindən narazıdır
Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı narazılıqlar artır. Daha doğrusu, yerli özünüidarəetmə orqanlarından gözləntilər neçə illərdir bəhrəsini vermir. Bələdiyyələr daha çox «torpaq satan» təşkilatlar adı ilə yadda qalıblar. Zaman keçdikcə Bakı və ətraf ərazilərdə bələdiyyələrin satmaq üçün torpaqları da qalmayıb. İndi bu qurumlar ciddi maliyyə çatışmazlığı problemi ilə üz-üzədirlər. İndiyədək bələdiyyələrin büdcəsi əsasən torpaq satışından əldə olunan vəsaitlər hesabına formalaşırdı. Dövlətin ayırdığı 3 milyon manat dotasiya isə sayı 2 minə yaxınlaşan bələdiyyə arasında bölünəndə çox kiçik bir məbləğ alınırdı. Bələdiyyələr onlara tapşırılan vergilərin toplanmasında da çətinliklərlə üzləşirlər. Daha doğrusu, bu vergiləri toplaya bilmirlər. Hətta, Bakıda bələdiyyələr üçün verginin Mənzil İstismar Sahələri tərəfindən toplanması təcrübəsinin tətbiqinə başlanılıb.
Ümumilikdə bələdiyyələrin işi ilə bağlı narazılıqlar da həddindən artıqdır. Xüsusilə də Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr torpaq satışını apararkən bir sıra qanun pozuntularına yol veriblər. Bəzi hallarda bələdiyyə torpaqlarına daxil olmayan torpaqlar vətəndaşlara satılıb. Bununla bağlı vətəndaşlara bələdiyyənin rəsmi sənədi də verilib. Lakin üstündən bir müddət keçdikdən sonra məlum olub ki, tutaq ki, bu torpaqlar Azərbaycan Dövlət Neft Şirkətinin balansındadır. Şirkət həmin ərazilərdə tikilən evlərin sökülməsi ilə bağlı məhkəmələrə müraciət edib və öz xeyrinə qərar çıxarılmasına nail olub. Nəticədə həmin torpaqlarda məskunlaşmış vətəndaşlar evlərinin sökülməsi təhlükəsi ilə üz-üzə qalıblar. Bu isə ciddi sosial narazılıq mənbəyinə çevrilib. Təbii ki, vaxtında bələdiyyələr məsələyə məsuliyyətlə yanaşsaydılar belə hallar olmazdı. Bütün bunlar öz yerində, bələdiyyələrin işində ciddi narazılıqlar da var. Daha doğrusu, bu qurumların qanunları pozması ilə bağlı hər il Bələdiyyələrlə İş üzrə Mərkəz tərəfindən Milli Məclisə təqdim olunan hesabatda minlərlə fakt olur. Məsələn, ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan və müxtəlif qurumlardan 2387 müraciət daxil olub. Müraciətlərə baxılarkən aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 279 tövsiyə verilib. Ekspertiza zamanı aşkara çıxan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Həyata keçirilən tədbirlər nəticəsində ötən il ərzində 5483.16 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub. Fəaliyyətində daha ciddi qanun pozuntuları aşkarlanan 28 bələdiyyəyə dair müvafiq materiallar toplanaraq prokurorluq orqanlarına göndərilib. Onlardan 15-i üzrə cinayət işi başlanıb. Bütövlükdə il ərzində inzibati xəta haqqında 690 protokol tərtib edilib, həmin sənədlər əsasında 581 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. 71 bələdiyyə sədri isə təkrar məsuliyyətə cəlb edilib. Faktlar göstərir ki, başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı, böyük prokuror Pərvin Quliyev də bu günlərdə bildirib ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti lazımi səviyyədə deyil.
Prokurorluq təmsilçisi bunu bələdiyyə üzvlərinin savadsızlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, əksər bələdiyyələrin öz hüquqları haqqında məlumatları yoxdur. Onlara gəlir mənbələrini sadaladıqda bunu təəccüblə qarşılayırlar. P.Quliyev qeyd edib ki, bunun səbəbi bələdiyyə üzvü seçilmək üçün ali savadın tələb olunmamasıdır. Qanunvericilikdə bu tələb olmadığından bəzən bələdiyyə üzvləri çox savadsız olurlar. Hətta ölkədə öz adını belə yaza bilməyən bələdiyyə sədrləri var. P.Quliyev onu da bildirib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır. 2011-ci ildə yaradılan «Qaynar xətt» əlaqə mərkəzinə daxil olan müraciətlərin əksəriyyəti də məhz bələdiyyələrin və icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı olur. Bu tendensiya 2012-ci ilin ilk aylarında da müşahidə olunmaqdadır.
Bütün bunlara baxmayaraq, Azərbaycanda bələdiyyələrin fəaliyyətini müsbət qiymətləndirənlər də var. Məsələn, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə hesab edir ki, bələdiyyələrin işində əsaslı dönüşə nail olmaq üçün yerli özünüidarəetmə orqanlarına dövlət dəstəyi artırılmalıdır. Eyni zamanda, onlara bir sıra əlavə səlahiyyətlər də verilməlidir.
A.Rəhimzadəyə görə, bu gün bələdiyyələrin üzləşdiyi əsas problemlərdən biri onların işinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş üzrə Mərkəzin fəaliyyətsizliyidir. Onun fikrincə, bu mərkəz bələdiyyələrin pozulmuş hüquqlarının qorunması üçün heç bir iş görmür. Bələdiyyələrin yaradılmasından 15 ilə yaxın vaxt keçsə də, hələ də 600-ə yaxın bələdiyyəyə torpaqların mülkiyyət haqqı verilməyib. Bələdiyyələrin özlərinin yerləşdiyi binaların əksəriyyəti də dövlətin mülkiyyətindədir. Bələdiyyələrlə İş üzrə Mərkəz isə sözü keçmədiyindən bu problemlərin həllində rol oynaya bilmir. Qurum yalnız bələdiyyələrdə yoxlamalar aparmaq, onları cəzalandırmaqla məşğul olur. A.Rəhimzadə hesab edir ki, bu sahədə dönüş yaratmaq üçün bələdiyyələrlə bağlı xüsusi bir qurumun yaradılmasına ehtiyac var. Millət vəkili Əli Məsimli hesab edir ki, il ərzində bələdiyyələrin cəmi 29 milyon manat gəlirinin olması acınacaqlı haldır. Onun sözlərinə görə, bu rəqəmi adambaşına bölsək, onda bu göstərici 3 manat 20 qəpik edir. Bu vəsaitlə isə bələdiyyələrin hansısa problemi həll etmələri mümkün deyil.
Göründüyü kimi, hazırda Azərbaycan bələdiyyələri bir sıra ciddi problemlərlə üz-üzədirlər. Birincisi, onların müvafiq gəlir mənbələri yoxdur. İkincisi, bələdiyyələr qanunla onlara verilən hüquqlardan da istifadə edə bilmirlər. Üçüncüsü, yeri icra hakimiyyəti orqanları çox vaxt bələdiyyələrə özlərinə tabe olan qurum kimi yanaşır və nəticədə onların müstəqil fəaliyyət göstərməsinə maneçilik yaradırlar. Dördüncüsü və ən əsası isə bələdiyyələr özləri də qanunları pozmaqda fəallıq nümayiş etdirirlər. Bütün bunların həll olunması üçün ölkədə bələdiyyələrə münasibətin dəyişməsinə ehtiyac var. İlk növbədə hamı tərəfindən qəbul olunan bir reallıq – bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi məsələsi həllini tapmalıdır. Səlahiyyətlərlə yanaşı, bələdiyyələrin gözləntilərə cavab verməsi üçün müvafiq maliyyə resurslarına malik olmaları məsələsi həll edilməlidir.
Bütün bunlar həllini tapmasa, yenə də qarşılıqlı ittihamlar davam edəcək. Parlamentdə bələdiyyələrin dayaq nöqtəsi olan Regional Məsələlər Komitəsi müvafiq hökumət qurumlarını ittiham edəcək, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan çox saylı şikayətləri gündəmə gətirəcək. Bununla yanaşı, gələcəkdə bələdiyyələrin səviyyəsinin artırılması üçün bələdiyyə üzvləri üçün tələb olunan kriteriyalar da dəyişilməlidir. İlk növbədə bələdiyyə üzvlərinin, heç olmasa, bələdiyyə sədrlərinin ali təhsilli olmaları məsələsi qanunvericilikdə əksini tapmalıdır. Təbii ki, adını yaza bilməyən bələdiyyə sədrindən hansısa böyük yeniliklər, islahatlar gözləmək yersizdir.
İlham QULİYEV
|