Aleksey Vlasov: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəal mərhələsi yalnız 2014-cü ildə bərpa edilə bilər”
Moskva Dövlət Universitetinin Postsovet Elmi-Tədqiqat Mərkəzinin baş direktoru, politoloq Aleksey Vlasov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəal mərhələsi yalnız 2014-cü ildə bərpa edilə bilər. “Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə keçirilən son görüşü protokol xarakteri daşıyıb, D.Medvedev həmkarları ilə vidalaşıb” - deyə A.Vlasov Bakıda keçirilən dəyirmi masada bəyan edib. Onun sözlərinə görə, bu gün Rusiya üçün martın 4-nə nəzərdə tutulan prezident seçkiləri əsas mövzudur. “Buna görə Putin seçilərsə, təxminən bir il ölkənin daxili problemləri ilə məşğul olacaq və bu tamamilə normaldır. Dağlıq Qarabağ münaqişəsinin həlli isə onun üçün ən mühüm məsələ olmayacaq” - deyə o bildirib. “2012-ci ildə Ermənistanda həmçinin prezident seçkiləri ilə məşğul olacaqlar, sonra Azərbaycanda prezident seçiləcək, bu səbəbdən bu məsələnin sıx həlli ilə yalnız 2014-cü ildə məşğul olacaqlar” - deyə politoloq bildirib. Tədbirdə iştirak edən Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız prezidentlər səviyyəsində deyil, həm də vətəndaş cəmiyyəti səviyyəsində daha çox görüşlər keçirmək lazımdır. A.Vlasov onu da deyib ki, Azərbaycanda Rusiyanın tarixini bilən kimi, həmçinin Rusiyada Azərbaycan tarixini bilməlidirlər. A.Vlasov Moskva Dövlət Universiteti və Rusiya Dövlət Humanitar Universitetində Azərbaycan tarixi, həmçinin Azərbaycan dili kurslarının yaradılmasına ehtiyac olduğunu qeyd edib. “Bu təşəbbüs birdəfəlik deyil, sistem xarakteri daşımalıdır. Əgər Azərbaycanda rus dili və tarixini, Rusiyada baş verən hadisələri yaxşı bilirlərsə, o zaman eyni dərəcədə biz cavab addımları atmalıyıq, həmçinin tərəfdaşlarımızın düzgün təqdim edilməsində maraqlı olduğumuzu nümayiş etdirməliyik”, - deyə o vurğulayıb. Rusiyanın İctimai-siyasi tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev öz növbəsində bəyan edib ki, “tarix Rusiya-Azərbaycan münasibətlərinin təməli ola bilər”. “Bu nöqteyi-nəzərdən, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün ciddi maneələr görmürəm” - deyə o vurğulayıb. Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Karpov 2012-ci ildə Rusiya dövlət quruluşunun yubileyinin qeyd edilməsi barədə Azərbaycan tarixçilərinə video müraciətində qeyd edib ki, “bu tarix bizim xalqlarımızı, ölkələrimizi, ənənələrimizi birləşdirir”. Bu səbəbdən biz onları birlikdə bayram edirik. Biz sizi Moskva Dövlət Universitetində keçiriləcək şənliklərə, ölkələrimiz üçün əhəmiyyətli olan tədbirlərə qoşulmağa dəvət edirik” - deyə S.Karpov qeyd edib. A.NURİYEV
|