Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Xalqımızın mənəvi pasportu
Vatikanın məxfi arxivindən Azərbaycan Milli Elmlər Akademiyasının  Əlyazmalar İnstitutuna daxil olan sənədlər tədqiq olunur

Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva keçən ilin sonlarında İtaliyada səfərdə olarkən kardinal Can-Franko Ravasi ilə görüşündə iki ölkə  arasında, o cümlədən mədəniyyət sahəsində mövcud olan güclü əlaqələr müzakirə olunub. Kardinal Vatikan kitabxanasında qədim Quran əlyazmaları da daxil olmaqla, 40-dan artıq Azərbaycan əlyazmasının bərpası ilə bağlı işlərin davam etdirildiyini bildirib.

2011-ci il dekabrın 7-də isə Vatikanın məxfi arxivindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutuna sənədlər daxil olub. Artıq Bakıya gətirilən sənədlərin tərcümə olunması ilə bağlı siyahı müəyyənləşdirilib. Belə ki, sənədlər həmin siyahıya uyğun olaraq ardıcıl şəkildə tərcümə ediləcək. Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli mətbuata bildirib ki, sənədlərin tərcümə olunması ilə bağlı siyahı müəyyənləşdirilib. Sənədlər həmin siyahıya uyğun olaraq ardıcıl şəkildə tərcümə olunacaq. Hazırda latın dilində olan XV-XVI əsrlərə, Səfəvilər dövlətinə aid  olan sənədlərin tərcüməsinə başlanılıb.  Məlumata görə, tərcümə xeyli vaxt aparacaq. “Bunlar qədim sənədlərdir və çox keyfiyyətli tərcüməsinə ehtiyac var”.


F. Ələkbərlinin sözlərinə görə, bu sənədlərlə yanaşı, Vatikan arxivlərində Azərbaycana aid sənədlərin bərpası prosesi də davam edir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən bərpa prosesini Vatikanın yerli mütəxəssisləri aparır. Artıq bərpaya təqdim edilən 40 əlyazmanın yarısı bərpa edilib. F.Ələkbərli bildirib ki, Vatikan arxivlərində Azərbaycanla bağlı araşdırmalar davam edəcək, lakin hələlik araşdırmaların nə zaman başlayacağı və konkret hansı dövrləri əhatə edəcəyi ilə bağlı təfərrüatlar məlum deyil.


Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti ötən ilin sonlarında Bakıya gətirilib. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılan cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.


40000-ə yaxın sənəd


 
Qeyd edək ki,  Əlyazmalar Institutunda orta əsrlər Şərq əlyazmaları yığılır, sistemləşdirilir, saxlanılır və dərc olunur. Hal hazırda burada Azərbaycan, türk, özbək, fars və ərəb dilində 40000-ə yaxın sənəd var.   Onlardan 11 000 mindən çoxu qədim əlyazma  əsərləridir. Bu mətnlər orta əsrlərdə azərbaycanlıların tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, hüquq, tarix və coğrafiya haqda hansı fikirdə olduqları haqda məlumat verir.


Azərbaycanın ədəbi abidələrinin bir çoxunun əlyazmaları, orijinalı xarici muzey və kitabxanalarda saxlanır. Həmin əlyazmaların xaricə hansı şəraitdə düşməsi haqda dəqiq məlumatlar yoxdur. Bəzi mənbələrə görə, abidələr əsasən yadelli işğalçıların ölkəmizə hücumu nəticəsində dünyaya səpələnib. Qarət olunan qiymətli əşyaların içində kitablar, əlyazma və nadir əsərlər də olub. Sözsüz ki, bu abidələrin qədir-qiymətini bilən səyyahlar onları böyük ənənələrə malik olan kitabxanalara, muzeylərə satıb. Arxeoloji qazıntılar zamanı da müəyyən əlyazmalar tapılıb. Onların çoxu kağız üzərində yazıldığı üçün kağızda çürümə gedib, amma bəzilərinin saxlanma şəraiti nisbətən yaxşı olduğundan salamat qalıb.



Həmvətənlərimizin dəstəyi


Hamıya məlumdur ki, “Kitabi-Dədə Qorqud"un orijinal nüsxəsi "Vatikan" və "Drezden"də saxlanır. Artıq bu kitabə həm yazıldığı şəkildə, həm də müasir ədəbi dilimizə çevrilərək nəşr edilib. Amma böyük cəhdlər göstərməyimizə baxmayaraq, onun orijinalını Azərbaycana gətirmək mümkün olmayıb. "Vatikan" və "Drezden" rəhbərliyi bizə ancaq onların surətini çıxarmaq icazəsi verib. Hazırda əldə olanlar da orijinal deyil, üzü köçürülən nüsxələrdir.


O cümlədən, bir sıra folklor nümunələrimiz, Azərbaycanın görkəmli şair və filosoflarının əsərlərinin çoxunun orijinalı xarici muzey və kitabxanalarda saxlanır. Bir vaxtlar Qafqaz, İran, tatar, rus, sovet ədəbi abidələri kimi sərgilərdə nümayiş olunan eksponatların indi Azərbaycana aid olduğu deyilir. Bu da, Heydər Əliyev Fondu başda olmaqla, bəzi qurumların səyi nəticəsində baş verib. Muzey və kitabxanaları seyr eləyən xaricilər qədim əlyazmalarımızı görüb xalqımızın necə böyük mədəniyyətə, ədəbi-bədii təfəkkürə, zəngin maddi-mənəvi irsə malik olduğunu öyrənir. Hər bir abidə xalqımızın mənəvi pasportu sayıla bilər. Artıq onlar bir mədəniyyət-ədəbiyyat, söz, fikir simvolu kimi çox-çox yüksəklərdə dayanır.

Xaricdə yaşayan azərbaycanlıların bir çoxu, o cümlədən də diplomatik nümayəndələr ədəbi-fəlsəfi abidələrimizin taleyilə ciddi maraqlanır. Hətta bir çox qədim əlyazmanın surəti onların maddi və mənəvi dəstəyilə ölkəmizə gətirilib. Əlyazmalar İnstitutun məlumatına görə, həmvətənlərimiz əlyazmaların araşdırılması ilə bağlı bütün variantlardan istifadə edirlər ki, abidələrimizin tam siyahısı bəlli olsun. Qeyd edək ki,  xaricdə olan ədəbi abidələrimizin sayı ölkəmizdə olanlardan çoxdur. Xaricdə yaşayan həmvətənlərimiz və iş adamlarımızın səyi nəticəsində institutun fonduna yeni-yeni əsərlər daxil olmaqdadır. Sovet dövründə bu sahədə müəyyən problemlər mövcud idisə, artıq indi bu maneələr aradan qaldırılıb. Belə ki, Berlində yaşayan Məhəmmədəli Seyidi adlı həmvətənimizin köməkliyi ilə institutun fonduna bir çox əsərlər təqdim olunub. Ən son əldə edilən əsər isə Kişvəri adlı şairimizin əlyazmaları olub. O, həm də xəttat olub və şairin öz xətti ilə yazdığı farsca və azərbayanca olan divanını əldə olunaraq çap edilib. Hazırda isə ortaya çıxarılan XVII əsr Azərbaycan şairi Təhsir Təbrizinin "Xəmsə"si çapa  hazırlanır.


İnstitutun xarici ölkələrdəki oxşar qurumlarla, elmi müəssisələrlə olan əlaqələri ildən-ilə genişlənir. Əldə olunan əlyazmalar, institutun müvafiq şöbələrində bərpa olunur və öyrənilir. Bu işlə institutun ən vacib şöbələrindən biri olan əlyazmaların bərpası və gigiyenası şöbəsi məşğul olur. Şöbəyə daxil olan əlyazma vərəqləri mütəxəssislər tərəfindən yararlı hala salındıqdan sonra kataloqlaşdırılır. Burada əlyazmalar ən qiymətli sərvət kimi qorunur.



Xaricdəki incilər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu institutda saxlanan 40 min sayda materialdan 12 min əlyazmanın Azərbaycan mədəniyyətinə aid olduğunu bildirib: “Əslində isə ədəbiyyatımızı, tarix və mədəniyyətimizi əks etdirən abidələrimizin sayı bundan qat-qat çoxdur. Onların hamısı da xarici ölkələrdə saxlanır. Adətən sanballı ədəbi abidələr böyük kitabxanalarda qorunur. Bu kitabxanalar da böyük imperiyaların paytaxtı olur. Məsələn, İstanbul, Təbriz, Sankt-Peterburq, Paris, London və s. kimi. Bizdə olandan xeyli sayda çox abidələrimizin xaricdə saxlanmasının səbəbi aydındır. Bizim boynumuza düşən vəzifə odur ki, mümkün qədər o əlyazmaların surətini çıxarıb, ölkəyə gətirib onu tədqiq edək. Türkiyənin elə bir kitabxanası yoxdur ki, orada bizim çox dəyərli əlyazmalarımız saxlanmasın. İrandakı əlyazmaların isə sayı-hesabı yoxdur. Dəqiq say ümumiyyətlə bilinmir. Çünki İran kitabxanaları hələ katoloqlaşdırılmayıb. O cümlədən də Əfqanıstan kitabxanaları. Ona görə də o ölkələrdə olan abidələrimizin hamısının adını çəkə bilmirik. Onu demək istəyirəm ki, dünya kitabxanalarının çoxu hələ tam kataloqlaşdırılmadığı üçün xaricdə nə qədər əlyazmalarımız saxlandığı haqda geniş məlumat verməkdə çətinlik çəkirik. Filologiya elmləri doktoru Azadə xanım Musayeva 12 min sayda xaricdə saxlanan bəzi abidələrimizin kataloqunu tərtib edib. Amma təbii ki, o ümumi saydan xeyli azdır. Bizim nə qədər elmi-fəlsəfi, ədəbi abidələrimiz varsa, onların əksəriyyəti xaricdədir. Nizaminin, Füzulinin, Nəsiminin ən gözəl, ən mükəmməl əlyazmaları oradadır”. P.lioğlunun sözlərinə görə, elmi əsərlərimiz, fəlsəfi fikir tariximizin bütün nümunələri və mədəniyyətimizin, incəsənətimizin, miniatür sənətimizin bütün nümunələrinin çoxu İran, Türkiyə, Avropa ölkələrinin kitabxanalarındadır. “Sözsüz, xarici kitabxana və muzeylərdə olan ədəbi, fəlsəfi, elmi irsimizə aid nümunələrin adlarını bir-bir çəksək, yazmaqla qurtarmaz. Məlum olub ki, xaricdə kitab şəklində bizim "Oğuznamə"lərimiz saxlanır. Şah Abbasın göstərişilə o dövrdə Azərbaycan folklor nümunələri toplanaraq kitab şəklində çap edilmişdi. Onun izinə düşmüşük. Onu bu yaxınlarda əldə edəcəyimizə ümidim çoxdur. Xaricdəki yazılı nümunələrlə yanaşı, folklor örnəkləri-atalar sözləri və məsəllər, çoxlu sayda lüğətlərimiz var. Bu, dilimizin inkişaf tarixini izləmək üçün bizə böyük imkan verir. İndiyə qədər bizim bu haqda məlumatımız yox idi. Tariximizə aid olan bir sıra məsələlər son vaxtlara qədər meydana çıxmamışdı. O abidələrin üzləri müxtəlif əsrlərdə köçürülüb. Allah qoysa, onların hamısını gətirib Azərbaycanda çap edəcəyik. Bu yaxınlarda Tarix İnstitutu İsgəndər bəy Münşinin Şah Abbas dövründə yazdığı kitabı çap edib. Onlar da böyük işlər görür. Bizim çox geniş planımız var. Onları iki-üç ilə həyata keçirmək mümkün deyil. Yavaş-yavaş bu sahədə işlər görəcəyik".


 P.Əlioğlunun bildirdiyinə görə, "Koroğlu" dastanının 28 məclisdən ibarət olan Tiflis variantı ölkəyə gətirilib və AMEA-nın Folklor İnstitutu tərəfindən nəşr edilib: "Bəlli oldu ki, "Koroğlu"nun bu nüsxəsi XIX əsrdə XVII əsrə aid olan bir əlyazmadan köçürülüb. Bizə nisbətən çox məlum olan "Koroğlu"nun də əlyazmalarının bütün variantları əlimizdə deyil".


P.Əlioğlunun sözlərinə görə, hazırda əlyazmalarımızın araşdırılıb ortaya çıxarılması üçün şərait yaradılıb. Bu baxımdan institun əməkdaşları ayrı-ayrı ölkələrdə saxlanan nadir əlyazmalarımızın izinə düşərək onların tapılıb ortaya çıxarılması, ölkəyə gətirilib bərpa edilməsi və s. işlərlə məşğuldurlar.


Hazırladı:
Təranə Məhərrəmova
+  -  Çap 
Yerləşdirilib: 11.02.12 | Baxılıb: 60

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •