Ekspertlər ayrı-ayrı qurumlara məxsus sahə qəzetlərin müstəqil medianın inkişafına mane olduğu qənaətindədirlər
20 ildir müstəqillik yolu ilə addımlayan Azərbaycanın mətbuatı da bəlli bir inkişaf yolu keçib. Ancaq hamımız etiraf edirik ki, mətbuatımızın inkişaf dinamikası ölkədəki ümumi inkişafdan bir qədər geri qalır. Mətbuat orqanlarımız hələ də güclü biznes strukturlarına çevrilə bilməyiblər. Hələ də təsisçilərinin maddi dəstəyindən asılı vəziyyətdə qalmaqdadırlar. Dövlətin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu vasitəsi ilə yazılı mətbuata davamlı olaraq etdiyi yardımlar da bu sahədəki problemləri bütünlüklə həll edə bilmir. Qəzetlərimizin hələ də ciddi şəkildə tiraj və reklam problemləri qalmaqdadır. Bunun səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur.
Media sahəsində tanınmış mütəxəssislər mətbuatımızın tiraj və reklam probleminin həlli üçün müxtəlif qabaqlayıcı tədbirlərin görülməsini təklif edirlər. Bu yolda müstəqil medianın qarşısındakı əsas maneələrdən biri də müxtəlif dövlət orqanlarının, nazirliklərin, dövlət komitələrinin tabeliyində olan qəzetlərdir. Bu problem artıq kifayət qədər aktuallıq kəsb etməyə başlayıb. Azərbaycanda demək olar ki, bütün nazirliklərin və dövlət komitələrinin özlərinin qəzetləri var.
Bu qəzetlərin hansı zərurətdən təsis olunması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu fikirlərdən biri də ondan ibarətdir ki, dövlət ümumilikdə müxtəlif orqanlarının informasiyaya açıq olmasını, görülən işlər barədə ictimaiyyətə məlumat verilməsini istəyir. Bununla bağlı, dövlət qurumlarına da müvafiq tövsiyələr verilir. Dövlət qurumları isə bu tövsiyələri nəzərə alaraq özlərinin qəzetlərini təsis edirlər. Burada əsas amal kimi gördükləri işin ictimaiyyətə daha dolğun formada çatdırılması olur. Amma reallıq budur ki, nazirliklər özlərinə aid informasiyaları, gördükləri işlərlə bağlı xəbərləri öz qəzetlərində işıqlandırmaqla buna nail ola bilmirlər. Çünki nazirliklərin və dövlət komitələrinin əksəriyyətinin təsis etdikləri sahə qəzetləri adətən həmin təsisatların tabelçiliyində olan dövlət orqanlarının əməkdaşlarının abunə olması hesabına yayılır, onların satışı təşkil olunmur. Nəticədə nazirliyin və ya dövlət komitəsinin yaymaq istədiyi məlumat elə onun öz əməkdaşlarına, tabeçiliyində olan qurumun işçilərinə çatır, başqaları isə bundan xəbərsiz olurlar. Bu yola dövlət qurumlarının fəaliyyətindən, müsbət xarakterli işlərdən cəmiyyət xəbərsiz qalır. Rəsmi strukturların fəaliyyəti ilə bağlı məlumatların onların özləri tərəfindən təsis edilən qəzetlərdə verilməsi müstəqil mətbuatın inkişafına təsir göstərir. Təbii ki, öz sahəsi ilə bağlı məlumatları sahə qəzetindən alan dövlət qulluqçusu müstəqil qəzetləri almaqda maraqlı olmur. Nəticədə müstəqil qəzetlərin tirajı aşağı düşür.
Sözü gedən qəzetlərin mövcudluğu müstəqil mətbuatın reklam və elanlardan qazanmaq imkanlarını da məhdudlaşdırır. Qanunvericiliyə əsasən, nazirliklər, dövlət komitələri işə qəbul, müxtəlif layihələrlə bağlı tenderlərin keçirilməsi, satınalmalar və s. məsələlərlə bağlı mətbuatda elan vermək məcburiyyətindədirlər. İndiki halda dövlət qurumları bu elanları və reklam xarakterli məlumatları özlərinin çap etdikləri qəzetlərdə işıqlandırırlar. Əgər həmin qəzetlər olmasa, nazirliklər və dövlət komitələri həmin elan və reklamları müstəqil qəzetlərin səhifələrində yerləşdirmək məcburiyyətində qalacaqdılar. Bu da müstəqil medianın maliyyə müstəqilliyinin təmin olunmasında müsbət rol oynaya bilərdi.
Dövlət orqanlarının qəzetlərinin nəşr olunması həm də bir növ büdcə israfçılığıdır. Məsələ burasındadır ki, bu qəzetlərin əksəriyyətinin əməkdaşları faktiki olaraq təmsil etdikləri nazirliyin işçisi statusu daşıyırlar və əmək haqlarını büdcədən alırlar.
Dövlət orqanlarının özlərinin qəzetlərinin nəşr olunması digər tərəfdən media bazarında haqsız rəqabətə də yol açır. Bu qurumların rəhbərləri qəzetləri abunə də etdirirlər. Məsələn, Təhsil Nazirliyinin «Azərbaycan müəllimi» qəzeti 15 min tirajla çap olunur. Səhiyyə Nazirliyinin «Tibb» qəzetinin tirajı isə 20 minə yaxındır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Rabitə dünyası» qəzetinin tirajı da ölkədəki bütün müstəqil qəzetlərin tirajından böyükdür. Araşdırmalarımız göstərir ki, hər ilin əvvəlində nazirliklər və dövlət komitələri öz qəzetlərinin abunəsini həyata keçirirlər. Bu zaman abunənin pulu əvvəldən alınsa da, il ərzində qəzetin dövriliyi qorunmur. Misal üçün, abunə aparılanda qəzetin ayda 2 nömrəsinin çap olunacağı bildirilir, 24 nömrənin pulu alınırsa, abunəçiyə 12 nömrənin təqdim olunması halları yaşanır.
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli də hesab edir ki, hər bir nazirliyin, dövlət komitəsinin ayrıca qəzetinin olmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, hələ 10 il əvvəl Azərbaycanın Avropa Şurasına üzv olduğu ərəfədə dövlətin təsis etdiyi mətbuat orqanlarına yasaq qoyulması ilə bağlı müzakirələr gedib. Amma müzakirələrin yekununda konkret qərara gəlinməyib. Mövcud qanunvericilikdə də dövlət orqanlarının media mülkiyyətçisi ola biləcəyi əksini tapıb. Ekspert qeyd etdi ki, dünyanın inkişaf etmiş ölkələrində – ABŞ-da, Avropa Birliyinə daxil olan dövlətlərdə, Türkiyədə dövlət orqanlarının ayrıca mətbuat orqanları yoxdur. Türkiyədə və Avropa ölkələrində rəsmi qərarların yer aldığı rəsmi qəzet nəşr olunur. Bu qəzetdə heç bir müəllif yazısı yer almır. Qəzet sadəcə dövlət orqanlarının qəbul etdiyi qanunlar, qərarlar, normativ aktlar barədə məlumat verir. Bu məlumatlar da tam rəsmi formada gedir və rəsmi qəzet bir növ bülleteni xatırladır. Ekspert hesab edir ki, yaxın gələcəkdə Azərbaycanda da nazirliklərin və dövlət komitələrinin ayrıca qəzetlərinin olması praktikasından imtina edilməlidir. Onun fikrincə, bu, həm müstəqil medianın inkişafına təkan verə bilər, həm də haqsız rəqabətin qarşısını alar.
«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı da hesab edir ki, nazirliklər və dövlət komitələrinin qəzetləri olmamalıdır. Onun sözlərinə görə, Mülki Məcəllədə də dövlət orqanlarına qəzet təsis etməmək tövsiyə edilir. Dünyanın inkişaf etmiş ölkələrində də nazirliklərin qəzetinin olmadığını deyən baş redaktor onu da əlavə etdi ki, dövlət orqanları uzaqbaşı daxili istifadə üçün bülleten buraxılmalıdır. E.Şıxlıya görə nazirliklərin, dövlət komitələrinin qəzet saxlamaları müstəqil media üçün problemdir. Çünki həmin qəzetlər keyfiyyətlərindən, dövrliyindən asılı olmayaraq yaşayırlar. Digər tərəfdən, həmin qəzetlər müstəqil mətbuatın satılma imkanlarını məhdudlaşdırırlar. Tutaq ki, səhiyyə sahəsində çalışan sıravi bir işçi «Tibb» qəzetinə abunə olur. O buna müəyyən miqdarda pul verir. Bundan sonra başqa bir qəzetə pul verməyə meyilli olmur. Bizim insanların oxumaq həvəsləri böyük olmadığından onlar ikinci qəzetə pul verməyə də maraqlı olmurlar. Beləliklə də, müstəqil qəzetlər rəqabətdə nazirliklərin və dövlət komitələrinin qəzetlərinə uduzurlar.
Arayış
Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...?
Azərbaycandakı bəzi nazirliklərin və komitələrin sahə mətbuat orqanları oxuculara yaxşı tanış olsa da, bunu dövlət orqanlarının hamısına şamil etmək mümkün deyil. Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Cavadlı modern.az-a bildirib ki, nazirliyin 1 qəzeti, 5 jurnalı və iki məcmuəsi çap olunur: “Bunlar “Azərbaycan müəllimi” qəzeti, “Kurikilum”, “Təhsil”, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı”, “Sənətkar” jurnalları, “Fizika, riyaziyyat və informatika” məcmuəsi, “Məktəbəqədər və ibtidai təhsil” məcmuəsidir”.
Onun sözlərinə görə, “Azərbaycan müəllimi” qəzeti həftədə bir dəfə nəşr olunur, abunə yolu ilə satılır: ““Azərbaycan dili və ədəbiyyatı” jurnalı isə ildə 4 dəfə nəşr olunur, həm abunə yolu, həm də “Qasid” firmasının xəttilə qismən Bakıda yayılır. Qiyməti 2 manatdır. “Azərbaycan məktəbi” jurnalı ildə 6 dəfə, “Kurikilum” və “Təhsil” jurnalları ayda bir dəfə, “Sənətkar” jurnalı ildə 4 dəfə, “Fizika, riyaziyyat və informatika”, eyni zamanda “Məktəbəqədər və ibtidai təhsil” məcmuələri ildə 4 dəfə nəşr olunur, abunə yolu ilə satılır, azad satışları yoxdur”.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, nazirliyin “Vergilər” adlı həftəlik qəzeti və “Azərbaycan vergi xəbərləri” adlı aylıq dərc olunan elmi jurnalı var. Hər iki mətbu nəşr həm abunə yolu ilə yayılır, həm də köşklərdə satılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirib ki, nazirliyin yalnız “Tibb qəzeti” nəşr olunur və rəsmi saytı da fəaliyyət göstərir. Ayda 3 dəfə dərc olunan qəzet həm abunə yolu ilə yayılır, eyni zamanda onu köşklərdən də almaq olar.
Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev qeyd edib ki, “Maliyyə və uçot” jurnalı dərc olunur. Ayda bir dəfə nəşr olunan jurnal həm abunə yolu ilə paylanılır, həm də köşklərdə satılır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov “aparıcı mətbu nəşrimiz “Mədəniyyət” qəzetidir deyib: “Həftədə 2 dəfə nəşr olunur. Respublika üzrə abunə yolu ilə paylanılır, eyni zamanda köşklərdən də qəzeti almaq mümkündür. Daha sonra “Mədəni maarif”, “Azərbaycan revyu” və “Pəncərə-mədəniyyətə baxış” jurnalları da işıq üzü görür. Jurnallar ildə 4 dəfə nəşr olunur”.
İlham QULİYEV