Fransa parlamentinin tarixi saxtalaşdırmaq cəhdi birbaşa Azərbaycanın maraqlarına toxunur
Fransa senatının alt palatası ötən il dekabrın 22-də qondarma qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu sənədin qəbulu zamanı Fransa parlamentinin 577 deputatından yalnız 45-i səsvermədə iştirak edib. Həmin deputatların da 38-i bu qanunun lehinə, 7-si isə əleyhinə səs verib. Fransa parlamentariləri tərəfindən belə bir ədalətsiz qərarın qəbul edilməsinə hələ o zaman bütövlükdə Azərbaycan cəmiyyəti, o cümlədən xarixi işlər nazirliyi, digər rəsmi şəxslər, millət vəkilləri və ictimaiyyətin müxtəlif nümayəndələri kəskin şəkildə öz etirazlarını bildirib. Bəyan edilib ki, Senat tərəfindən belə bir addımın atılması sadəcə Fransa-Türkiyə münasibətlərinə deyil, eləcə də Azərbaycan-Fransa əlaqələrinə mənfi təsir göstərəcək. Lakin bütün baş verənlərə baxmayaraq, cari il yanvarın 24-də Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini 127 senator lehinə, 86 senator əleyhinə olmaqla qəbul edib. Qardaş Türkiyə əleyhinə olan bu qərar qəbul olunan zaman rəsmi Bakı dərhal buna reaksiya verib. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsini qətiyyətlə pisləyən bəyanat yayıb. XİN Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırıb: “Azərbaycan Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir. Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər. XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20 faiz torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır”.
Söz, fikir, tədqiqat azadlığına vurulan zərbə
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da rəsmi Parisi qınayaraq, sözügedən qanunun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil etdiyini, söz, fikir, tədqiqat azadlığını zərbə altında qoyduğunu bəyan edib. Qeyd edib ki, Fransa Senatı həqiqət axtarırsa, yüz il öncə olduğu söylənilən və sübuta yetirilməmiş hadisəni deyil, 20 il öncə baş vermiş Xocalı soyqırımını müzakirə edib hüquqi qiymət verməlidir: “Biz Fransanı daha konstruktiv və rasional mövqedən çıxış etməyə çağırırıq. Fransa Senatının uydurma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Fransanın “Respublika Demokratiyasının” ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edir və bizdə böyük təəssüf hissi doğurur. Bu qanun nə hüquqi baxımdan, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız hakim partiyanın və erməni lobbisinin təsiri altında olan senatorların qərəzli fəaliyyətinin nəticəsi kimi səciyyələndirilə bilər. Əgər Fransa Senatı həqiqət axtarırsa, o zaman yüz il öncə olduğu söylənilən və sübuta yetirilməmiş hadisəni deyil, 20 il öncə baş vermiş Xocalı soyqırımını gündəmə gətirsin və müzakirə edib hüquqi qiymət versin”.
Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədovun da bu məsələyə münasibəti kəskin olub. O, bildirib ki, Fransa parlamenti qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu. YAP icra katibi Türkiyə əleyhinə olan hər bir addımın birbaşa, yaxud da dolayısı yolla Azərbaycana qarşı olduğunu diqqətə çatdıraraq, qondarma “erməni soyqırımı” ilə əlaqədar Fransada qəbul olunan qanun birbaşa Azərbaycanın maraqlarına toxunduğunu vurğulayıb. Millət vəkilinin sözlərinə görə, belə bir cəfəng və hüquqi əsası olmayan qanunun ortaya çıxması Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsi deməkdir: “Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmağa borcludur. Ancaq bunu edə bilmir və ya istəmir. Fransanın açıq şəkildə özünü Ermənistanın maraqlarının lobbiçisi kimi aparması onun öz üzərinə götürdüyü vasitəçilik missiyasına xəyanət etməsi deməkdir. Belə olan halda ən ləyaqətli yol o olardı ki, Fransa üzüsulu vasitəçilik missiyasından əl çəkəydi, çünki bu missiyanı yerinə yetirmək üçün mənəvi haqqını itirib. Azərbaycanda Minsk qrupuna inam demək olar ki, qalmayıb. Fransanın məlum hərəkətləri bu qrupa onsuz da tükənən etimadı bütövlükdə heçə endirdi. Azərbaycan vətəndaşları ermənipərəstliyini açıq şəkildə nümayiş etdirən həmsədrdən nə gözləyə bilər?! Hesab edirəm ki, Azərbaycan və Türkiyə qardaşlığı bizim böyük sərvətimizdir və mütləq qorunmalıdır. Bu qardaşlıq bir çox sınaqlardan uğurla çıxıb. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərini pozmağa çalışanlar az deyil. Belə səylər hər iki dövlətə qarşıdır. Biz birlikdə daha güclü və əzəmətli oluruq. Yenə də Azərbaycan və Türkiyə birlikdə olmalıdır. Azərbaycan həm rəsmi şəkildə, həm də vətəndaş cəmiyyəti vasitəsi ilə Fransaya “erməni soyqırımı”nı kriminallaşdırmaq səyləri ilə əlaqədar etirazını dəfələrlə bildirib. Təbii ki, yaranmış vəziyyət Azərbaycan cəmiyyətinin Fransaya münasibətində əhəmiyyətli soyuqluğa və etimadsızlığa səbəb olacaq”.
Hüquqi baxımdan təhlükəli president
Azərbaycanda fəaliyyət göstərən müxtəlif siyasi partiya, qeyri hökumət təşkilatlarının təmsilçiləri, o cümlədən Demokratik İslahatlar Partiyası, “İrəli” İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı və başqa qurumlar da bəyanat yayaraq, Fransaya etirazlarını bildirblər. Azərbaycan Hüquqşünaslar Konfederasiyası da Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbuluna münasibətini açıqlayıb. Konfederasiyanın bu məqsədlə yaydığı bəyanatda sözügedən qanun layihəsinin qəbuluna toxunularaq, bildirilib ki, bu sənəd təməl insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı, totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə də ziddir: “Bu qanun layihəsi İnsan hüquqları haqqında ümumi bəyannamə (19-cu maddə), Avropa İnsan Hüquqları Konvensiyası (10-cu maddə), Fransa Konstitusiyası və qanunları ilə də ziddiyyət təşkil edir. Senatın bu qərarı İnsan hüquqlar haqqında ümumi bəyannaməsi və Avropa İnsan Hüquqları Konvensiyasının legitimliyini şübhə altında qoymuş olur. Bu qanun layihəsinin qəbulu Fransanın 1789-cu ildə qəbul etdiyi “İnsan və vətəndaş hüquqları” bəyannaməsinin 11-ci maddəsi ilə də ziddir. Nəzərə alınmalıdır ki, Yəhudilərin soyqırımı məruz qalmasını barədə Nürnberq Beynəlxalq Tribunalının qərarından fərqli olaraq, iddia edilən erməni soyqırımı ilə bağlı heç bir beynəlxalq yurisprudensiya yoxdur. Fransa Senatının bu qərarı hüquqi baxımdan təhlükəli president yaratmaqla, ümumiyyətlə, çağdaş dünyada fundamental insan hüquq və azadlıqlarının müdafiəsi sistemini zərbə altında qoyur. Sözügedən qanun insan hüquqlarının qorunması uğrunda əldə olunmuş nailiyyətlərə kölgə salaraq, bu universal dəyərləri inkar edənləri daha da cəsarətləndirir. Onlar üçün hüquqi baxımdan presedent yaradır”.
Bəzi təşkilatlar isə hər gün Fransanın ölkəmizdəki diplomatik nümayəndəliyi qarşısında kütləvi aksiyalar keçirməklə, Senatın qəbul etdiyi qərara öz etirazlarını bildiriblər. “İrəli” İctimai Birliyi üzvlərinin bu məqsədlə keçirdiyi aksiyada iştirakçılar “Fransada ölmüş demokratiya”nın ruhuna şamlar yandırıb, “Azərbaycan-Türkiyə!”, “Ar olsun Sarkoziyə!”, “Sarkozi – Sarkisyan!” şüaları səsləndirilib. Milli Məclisin deputatı, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbulunun Fransa və beynəlxalq qanunlara zidd olduğunu qeyd edib. Bildirib ki, BMT-nin qəbul etdiyi konvensiyaya uyğun olaraq bu tipli məsələlər yalnız xüsusi status daşıyan məhkəmələrdə müzakirə edilə və qərar qəbul oluna bilər: “Birinci Dünya müharibəsində yəhudi soyqırımı ilə bağlı Nürnberq, Yuqoslaviyadakı hərbi cinayətlərlə əlaqədar Haaqa məhkəmələri bu tip məsələlərə dair qərar qəbul ediblər. Senatın qərarı isə Fransa Konstitusiyası ilə də birbaşa ziddiyyət təşkil edir. Fransa öz qanunlarının dominantlığını ölkəsi daxilində təmin edə bilmirsə, artıq beynəlxalq tərəfdaş kimi legitimliyini itirməsinə səbəb ola bilər. Biz, Azərbaycan gəncləri olaraq bu qənaətdəyik ki, Fransada mənzil-qərargahı yerləşən beynəlxalq təşkilatlar – Avropa Şurası, İnsan Haqları üzrə Avropa Məhkəməsi və digərləri bu ölkədə yerləşə bilməzlər. Fransa artıq həm öz qanunlarının təmininə şərait yarada bilmir, həm də beynəlxalq tərəf kimi legitimliyini itirib”.
“Rədd olsun Fransa-Ermənistan dostluğu!”
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev də mətbuata açıqlamasında prezident Nikola Sarkozinin 1789-cu ildən bəri Fransada hökm sürən söz və fikir azadlığını, demokratik dəyərləri öz siyasi ambisiyasına qurban verdiyini dilə gətirib: “Bunun başqa adı yoxdur. Çünki Fransa ictimaiyyətinin böyük hissəsi, ayrı-ayrı qeyri-hökumət təşkilatları, Senatın Konstitusiya komissiyası və digər çoxluq bunun əleyhinə olsa da, Sarkozinin partiyası Senatda bu qanunun qəbul edilməsinə nail oldu. Mən bir daha deyirəm, bu addım bütövlükdə Avropanın insan hüquqları dəyərlərinə tamamilə ziddir”.
Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi, Qarabağ Azadlıq Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin təşkilatçılığı ilə dünən Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında keçirilən növbəti etiraz aksiyasında iştirakçılar Fransanın ATƏT-in Minsk Qrupundan istefa verməsi, Fransanın “Total” şirkətinin Azərbaycandan çıxarılması və bu ölkə ilə bütün iqtisadi əlaqələrin dondurulması tələbini irəli sürüblər. Aksiya iştirakçıları Fransa Senatının 107 il əvvəl baş vermiş tarixi hadisələri siyasiləşdirərək uydurma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunu qəbul etməsinə etirazlarını bildiriblər. Bu qanun layihəsinin qəbul edilməsinin Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də öz təsirini göstərəcəyi bəyan edilib. Aksiyada “Fransa Stop!”, “Rədd olsun Fransa-Ermənistan dostluğu!”, “Rədd olsun Ermənistan-İran dostluğu!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, “Xocalını unutmayaq!” kimi şüarlar səsləndiriblər. Sonra Ermənistan və Fransa prezidentinin müqəvvaları yumurta atəşinə tutulub. Aksiyanın sonunda qətnamə qəbul edilib və Fransa səfirliyinə təqdim olunub.
Rufik İSMAYILOV