Ekspert qanunvericiliyin təkmilləşdirilməsini təklif edir
Bakıda mənzil fırıldağının qurbanı olan minlərlə zərərçəkən vətəndaş var. «GEN» MMC, «Birlik» MMC, «Muray», «Fuad» LTD, «Kamran» və s. tikinti şirkətlərinin qurbanına çevrilmiş vətəndaşlar vəziyyətdən çıxmaq üçün müxtəlif yollardan istifadə etməyə çalışır. Onlar məhkəmələrə müraciət edir, müxtəlif dövlət qurumlarının qarşısında aksiyalar keçirirlər. Hamısının da dərdi eynidir. Tikinti şirkətləri onlardan evin pulunu alıb, amma mənzillərini təhvil vermir. Bəzi hallarda binalar ümumiyyətlə, tikilməyib, bəzi hallarda isə tikilmiş binalardakı mənzillər bir neçə nəfərə satılıb.
Bir müddət onları get-gələ salan bina sahibləri sonradan yoxa çıxırlar. Nəticədə vətəndaşlar mətbuat konfransları, etiraz aksiyaları keçirməklə dövlətdən kömək ummaq məcburiyyətində qalırlar. Bu baxımdan, vətəndaşların belə hallarla üzləşməməsi üçün ev alarkən müəyyən məqamları nəzərə almaları vacibdir. İlk növbədə hazır olmayan, tikintisi başa çatmayan binalardan mənzil almaq məsləhət deyil. Təcrübə göstərir ki, tikinti şirkətlərinin fırıldaqlarının qurbanı olanların çoxu məhz hazır olmayan binalarda mənzil üçün pul ödəyənlərdir. Məsələ burasındadır ki, təməli yeni atılan binalarda mənzillərin qiyməti hazır binalara nisbətən ucuz olur. Buna görə də vətəndaşlar mənzilləri elə onların təməli atılan kimi almağa üstünlük verirlər. Bu isə gələcəkdə problemlərə gətirib çıxarır.
İkinci məqam vətəndaşların mənzilləri alarkən imzaladıqları alqı-satqı sənədlərinə diqqətlə yanaşmalarıdır. İndi məlum olur ki, hazırda problemlərlə üzləşən vətəndaşların bir çoxu vaxtilə tikinti şirkətləri ilə normal alqı-satqı müqaviləsi belə bağlamayıblar. Buna görə də mənzil hətta tikintisi yeni başlamış binadan alınsa belə, vətəndaş normal alqı-satqı müqaviləsi imzalamağa çalışmalıdır. Qanunvericiliyə görə də, yarımçıq tikililərdə mənzillər alınarkən mütləq alqı-satqı müqaviləsi imzalanmalı və sənəd notariusda təsdiqlənməlidir. Bu zaman çalışmaq lazımdır ki, müqavilədə alqı-satqı predmeti olan mənzil haqqında ətraflı məlumat yer alsın.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov hesab edir ki, bu sahədə vəziyyət doğrudan da mürəkkəbdir. Belə ki, mövcud qanunvericilik, mənzil-tikinti kooperativləri ilə bağlı normativ aktlar tikinti şirkətlərinin vətəndaşları aldatmasına münbit şərait yaradır. Bəzi şirkətlər də üzləşdikləri problemlərdən yaxa qurtarmaq üçün bu “imkanlar”dan istifadə edib vətəndaşları aldadırlar. Fırıldağın üstü açılanda isə, vətəndaşlar öz hüquqlarını qorumaq üçün heç nə edə bilmirlər. Bütün bunları nəzərə alan N.İbrahimov bildirdi ki, belə hallardan qaçmaq üçün ilk növbədə qanunvericiliyə dəyişikliklər edilməlidir. Qanunvericilik təkmilləşdirilərkən tikintisi başa çatmamış binalardakı mənzillərin alqı-satqısı ilə bağlı vahid qaydalar müəyyənləşdirilməlidir. İlk növbədə bu binaların vahid reyestrinin aparılmasına nail olunmalıdır. Yeni tikililərin vahid reyestrini aparacaq orqan hər bir tikiliyə ümumi çıxarış (“kupça”) verməlidir. Vətəndaşlar binalardakı mənzilləri həmin “kupça” ilə tanış olduqdan sonra almalıdırlar. Alqı-satqı aparılarkən binanın sahibi ilə həmin “kupça”ya istinad edilməklə vətəndaş arasında alqı-satqı müqaviləsi imzalanmalı və bu müqavilə notarial qaydada təsdiqlənməlidir. Sonradan binanın tikintisi başa çatdıqdan sonra imzalanmış alqı-satqı müqaviləsinə əsasən hər bir vətəndaşa ayrıca “kupça” verilməlidir. N.İbrahimov hesab edir ki, bu dəyişikliklər edilmədən vətəndaş nə qədər ehtiyatlı olsa belə, fırıldağın qurbanı olmaqdan qaçmaq imkanına malik deyil.
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev də hesab edir ki, mənzil fırıldaqları ilə bağlı yaşananlar konkret kriminaldır. Buna görə də vətəndaşlar belə hallarla rastlaşanda ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Ekspert vətəndaşları gələcəkdə aldanmamaq üçün əvvəlcədən sığortalanmış binalardan mənzil almağa çağırdı. Onun fikrincə, vətəndaşların tikintisi başa çatmamış, sığortalanmamış binalardan ev almaları onlar üçün çox böyük risklər daşıyır. Bundan əlavə, vətəndaş mənzil alarkən onu tikən şirkət haqqında da məlumat toplamağa çalışmalıdır. Onlar daha çox adı qalmaqallarda hallanmayan, ciddi şirkətlərdən mənzil almalıdır.
Göründüyü kimi, son vaxtlar adi hal almış tikinti şirkətlərinin fırıldaqlarının qarşısını almaq o qədər də asan deyil. Düzdür, bu faktlar üzə çıxdıqdan sonra tikintini aparan şirkətlərin sahibləri həbs olunurlar. Elə bu günlərdə «Kamran» MMC-nin sahibləri həbs olunub. «GEN» MMC-nin, «Muray» şirkətinin sahibləri, məsul şəxsləri də hazırda həbsdədirlər. Lakin onların həbsi aldadılmış, hüquqları pozulmuş vətəndaşların pullarının geri qaytarılması demək deyil. Buna görə də vətəndaşlar fırıldaq qurbanı olmamaq, çətin vəziyyətdə qalmamaq, illər uzunu zəhmətlə topladıqları pulların fırıldaqçılara yem olmaması üçün əvvəlcədən ciddi düşünməlidirlər. Bu barədə sonradan düşünmək çox gec olur.
İlham QULİYEV