Dünya birliyi Ermənistanın dövlət səviyyəsində Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər
1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni
ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını
reallaşdırmaq cəhdi Azərbaycan kəndlərinin, şəhərlərinin dağıdılması, on
minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Konkret faktlara
müraciət etsək, bu müddət ərzində Azərbaycan Respublikası ərazisinin 20
faizi işğal edilib, 18 mindən çox həmvətənimiz həlak olub, 20 mindən çox
insan yaralanıb, 50 mindən çoxu isə əlil olub. 4 mindən çox
azərbaycanlı əsir və itkin düşüb. 1 milyondan artıq adam öz
el-obasından, yurd-yuvasından didərgin salınıb. İqtisadi baxımdan isə,
Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana 50
milyard manatdan artıq maddi ziyan dəyib. Bütün beynəlxalq hüquq
normalarına zidd olaraq, Dağlıq Qarabağı özünə birləşdirməyə cəhd edən
Ermənistan dövləti Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874 və 884
saylı qətnamələrinə də əhəmiyyət verməyib. Hətta işğalçılıq siyasətini
həyata keçirən zaman insanlara qarşı ən ağır işgəncə və vəhşiliklər
tətbiq etməkdən belə çəkinməyib. Xatın, Liditsa, Oradur, Xirosima,
Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı soyqırımı da
aqressiv və cinayətkar erməni siyasəti nəticəsində törədilib. “Böyük
Ermənistan” yaratmaq xülyasına qapılan mənfur qonşularımız 1992-ci il
fevralın 25-dən 26-a keçən gecə Xankəndi (Stepanakert) şəhərindəki
keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə
hücum edərək, bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutublar.
Dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində ümumilikdə 613
nəfər həlak olub ki, onlardan 63-nü uşaqlar, 106-nı qadınlar, 70-ni qoca
və ahıl sakinlər təşkil edib. 487 nəfər yaralıdan 76-sı uşaqlar olub.
Həmçinin, faciə zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərdən birini itirib. Əhalinin 1275 nəfəri
ermənilər tərəfindən əsir götürülüb. 150 nəfər Xocalı sakinindən isə bu
günə kimi də xəbər tutmaq mümkün olmayıb.
Bütün bu faktları qeyd etməklə, erməni silahlı birləşmələrinin
Azərbaycan ərazilərində törətdiyi qanlı hadisələr, xüsusən də Xocalı
soyqırımı bardə oxucuda geniş təsəvvürün yaranmasına çalışdım. İndi isə
istərdim ki, zaman-zaman xalqımıza qarşı yönəldilən təcavüzkar siyasətə
beynəlxalq hüquq prizmasından baxaq. Hər şeydən öncə xatırladım ki,
tarixi saxtalaşdıran ermənilər bu gün də Azərbaycana, eləcə də qonşu
Gürcüstana və Türkiyəyə qarşı ərazi iddialarını həyata keçirməyə
çalışırlar. Onlar işğal altında saxladıqları Azərbaycan torpaqları ilə
yanaşı, ölkəmizin ayrılmaz hissəsi olan, qədim oğuz-türk yurdu
Naxçıvanı, həmçinin Gürcüstanda ermənilərin kompakt yaşadıqları
Cavaxetiya bölgəsini, azərbaycanlıların məskunlaşdığı Borçalı mahalının
bir hissəsini, Türkiyənin Qars vilayətini də Ermənistanın tərkibinə
qatmaq kimi fikirlər səsləndirirlər. Təbii ki, belə mövqe hər bir halda
beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü
prinsiplərinə tamamilə ziddir. Çünki sərhədlərin toxunulmazlığı
prinsipinə görə, hər hansı bir dövlət başqa dövlətə qarşı istənilən
ərazi iddiasından, onun sərhədlərinə qarşı qəsdlərdən imtina etməlidir.
Ərazi bütövlüyü prinsipinə görə isə dövlətin ərazisi qanunsuz güc
tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ona görə də hər bir
dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş
hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətimizin də SSRİ dövründə
malik olduğu ərazisinin bütövlüyünə qarşı yönəlmiş istənilən iddia və ya
qəsd sözügedən prinsipin kobud şəkildə pozulması sayılır. Çünki Qarabağ
müharibəsindən əvvəl mövcud sərhədlərimiz beynəlxalq hüquqa müvafiq
olaraq müəyyən edilib. Yeri gəlmişkən onu da əlavə edək ki, beynəlxalq
hüququn bir sıra prinsipləri BMT Nizamnaməsinin II maddəsində bu
təşkilatın bütün üzvləri üçün məcburi normalar kimi göstərilib.
Ümumilikdə ermənilərin Azərbaycana qarşı törətdiyi hər bir qeyri-qanuni
əməli sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayət kimi
də qiymətləndirmək olar. Çünki daşnak millətçilərinin törətdiyi təcavüz,
genosid və insanlıq əleyhinə olan digər cinayətlər dövlətimizin qanuni
mənafelərini, vətəndaşlarımızın beynəlxalq səviyyədə tanınmış insan
hüquqlarını kütləvi şəkildə pozub. Belə cinayətlər hüququ tərkibi
beynəlxalq hüquq normalarında müəyyən olunmuş əməllər sayılır. 1988-ci
ildən Azərbaycana qarşı yönəldilmiş erməni təcavüzü ictimai təhlükəli
əməl kimi, beynəlxalq hüquqi nöqteyi-nəzərindən daha ağır cinayətdir.
Ermənilərin həmin illərdə təcavüzkar müharibəni planlaşdırması,
hazırlaması, başlaması və aparması törədilən əməlin təcavüz cinayəti
kimi xarakterizə olunmasına əsas verir. Adıçəkilən mərhələlər həmin
cinayətin özündə də ehtiva olunub. Beləki, təcavüzkar dövlət müharibəni
başladıqdan sonra əhalinin deportasiya siyasətini həyata keçirərək,
Qərbi Azərbaycan torpaqlarının əzəli sahibləri olan soydaşlarımızı
yurd-yuvalarından didərgin salıb. Sonradan Dağlıq Qarabağı və onun ətraf
ərazilərini işğal edərək, yerli əhalinin öz torpaqlarından məcburi
köçürülməsinə şərait yaradıb. Bununla da onlar sülh və bəşəriyyətin
təhlükəsizliyi əleyhinə olan cinayətlərdən biri hesab olunan insanlıq
əleyhinə cinayəti törətmiş olublar.
Qeyd edilən ictimai təhlükəli əməlin anlayışı mötəbər hüquqi sənəd olan
Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində də öz əksini tapıb. Bu
Nizamnamənin 6-cı maddəsində bildirilib ki, insanlıq əleyhinə cinayət
hər hansı mülki əhaliyə qarşı sistematik və genişmiqyaslı hücumların
tərkib hissəsi olaraq, qəsdən törədilmiş əməllərdən hər hansı biri
deməkdir. Beynəlxalq hüquqda deportasiya və əhalinin məcburi köçürülməsi
də belə cinayətlərdən hesab olunur. İstər deportasiya zamanı, istərsə
də təcavüzkar müharibənin gedişində ermənilər işğal olunmuş
torpaqlarımızda mülki əhalini öldürməklə, onlara əzab vermək kimi
vəhşiliklər törətməklə, BMT Baş Assambleyasının 14 dekabr 1948-ci ildə
qəbul etdiyi “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı
qadınların və uşaqların müdafiəsi”nə dair Bəyannamənin müddəalarını da
pozublar.
XX əsrin sonlarında erməni quldur dəstələri tərəfindən Xocalıda
törədilən soyqırımı aktı dünya ictimaiyyətinin daha çox tənqid hədəfi
ola biləcək əməllərdən biridir. 20 il bundan əvvəl törədilən cinayətin
soyqırımı adlandırılması heç də təsadüfi və əsassız deyil. Həmin faciəvi
hadisədən sonra əldə edilmiş ekspert rəyləri, o cümlədən Azərbaycanın
Milli Qəhrəmanı Çingiz Mustafayev tərəfindən çəkilmiş video görüntülər,
müdafiə nazirliyi əməkdaşlarının çəkdiyi fotolar beynəlxalq hüquqi
nöqteyi-nəzərindən belə nəticəyə gəlməyə əsas verib. Bununla yanaşı,
soyqırım cinayətinin hüququ əsasını təşkil edən və 1961-ci ildə qüvvəyə
minmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması”
haqqında Konvensiyada qeyd edilib ki, genosid cinayəti hər hansı bir
milli, etnik, irqi, dini toplumu bir qrup kimi tamamilə yaxud da qismən
məhv etmək niyyətilə törədilir. Xocalı soyqırımında da ermənilərin
azərbaycanlı olduqlarına görə silahsız insanları vəhşicəsinə məhv
etməsi, onların məqsədlərinin bu niyyətə xidmət etdiyini açıq-aşkar
göstərib.
Bundan başqa Memorial Hüquq-Müdafiə Mərkəzi də təsdiq edib ki, Xocalıya
hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri
Cenevrə Konvensiyasına, həmçinin BMT Baş Assambleyasının 10 dekabr
1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Haqları Bəyannaməsinin II,
III, V, IX və XVII maddələrinə ziddir. Bu maddələrdə göstərilib ki, hər
bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq
qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara
malik olmalıdır. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq
hüququ vardır. Bəyannamədə insan ləyaqətini alçaldan, insaniyyətlikdən
kənar və qəddar hərəkətlərin, özbaşına həbslərin, saxlanılmaların,
qovulmaların qadağan olunduğu da öz əksini tapıb. Eyni zamanda
bildirilib ki, hər bir insanın əmlaka malik olma hüququ var və insanın
əmlakdan özbaşına məhrum edilməsi qəti qadağandır.
Onu da əlavə etmək yerinə düşər ki, BMT Baş Məclisinin 9 dekabr 1948-ci
il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı
Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya,
Nyürberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya və Ruandanın
Beynəlxalq Cinayət Tribunal Nizamnamələri, Beynəlxalq Cinayət
Məhkəməsinin Statutu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi,
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı
haqqında" 26 mart 1998-ci il tarixli fərmanı Xocalı soyqırımının
beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlərdir.
Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, Ermənistanın dünya
ictimaiyyətinin gözü qarşısında həyata keçirdiyi təcavüzkar siyasətə,
xüsusən də Xocalıda törətdiyi qanlı faciəyə vaxtıilə heç bir
hüquqi-siyasi qiymət verilməyib, qətliamın icraçıları heç bir
məsuliyyətə cəlb olunmayıblar. Halbuki, təkcə Xocalı soyqırımı barədə
366-cı motoatıcı alayın əsgəri Viktoriya İvlevanın, hərbi təyyarəçi,
mayor Leonid Kravtsevin şahid kimi söylədikləri, eləcə də Xocalı
faciəsinin iştirakçısı, erməni yazıçıları Zori Balayanın 1996-cı ildə
"Vanadzor" nəşriyyatı tərəfindən nəşr etdirdiyi "Ruhumuzun dirçəlişi" və
David Xeyriyanın Livandakı “Şərq” mətbəəsində nəşr etdirdiyi "Xaç
uğrunda" kitablarındakı qeydlər faciənin səbəbkarlarının
cəzalandırılması üçün tutarlı faktlardır. Bununla yanaşı, “Xocalının
işğalına dair istintaq materiallarından” da aydın olub ki, hücumda mayor
Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci
batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı
batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən
50-dən artıq erməni zabit, gizir və əsgər iştirak edib.
Erməni qaniçənlərinin Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş
soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə siyasi
qiymət vermək mərhum Prezident Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra mümkün olub. İlk növbədə Xocalı faciəsi ermənilərin
Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit
olunaraq, bu faciənin dünyaya tanıdılması istiqamətində tədbirlər həyata
keçirilib. H.Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli
Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında”
xüsusi qərar qəbul edib. Sənəddə hadisənin baş vermə səbəbləri,
günahkarlar təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni
qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə
çəkilib.
Mərhum Prezident Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının
xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il
tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da
Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının
xatirəsi yad edilir. Xalqımızın 1990-cı ilin yanvarından sonra bir daha
öz milli kimliyini, düşmənə qarşı mübarizə əzmini, qətiyyətini, döyüş
ruhunu nümayiş etdirdiyi həmin məqam bu gün dövlət başçısı İlham Əliyev
tərəfindən də ehtiramla anılır. Bəşəriyyətə qarşı ən dəhşətli
cinayətlərdən olan Xocalı soyqırımının, eləcə də xalqımızın üzləşdiyi
digər faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət
səviyyəsində mühüm tədbirlər həyata keçirilir.
Sonda onu da əlavə edək ki, təkcə XX əsrdə iki milyondan çox
azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin
yürütdüyü soyqırımı siyasətinin təsirinə məruz qalıb. Xocalı soyqırımını
törətməklə isə erməni millətçiləri xalqımızı qorxutmaq, vahimə
yaratmaq, onun mübarizə əzmini qırmaq, azərbaycanlıları torpaqların
işğalı faktı ilə barışmağa məcbur etmək kimi məkrli məqsədlər güdüblər.
Lakin qanımız bahasına olsa da hiyləgər və amansız düşmən məqsədinə çata
bilməyib. Xalqımızın vətənpərvər oğul və qızları, həmçinin Xocalının
müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilməyiblər. Onlar
qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstəriblər. Hazırda
doğma yurdlarından didərgin düşmüş bütün azərbaycanlılar, eləcə də
ölkəmizin 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün
dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, ümidi ilə
yaşayırlar.
Dünya bilməlidir ki, Ermənistanın təcavüzkar siyasəti, eləcə də
Xocalıdakı hərbi cinayəti təkcə Azərbaycan xalqına qarşı deyil, həm də
bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Hazırda
Ermənistanda mühüm dövlət postları tutanlar, o cümlədən müdafiə naziri
Seyran Ohanyan, eks-prezident Robert Köçəryan və hazırkı prezident Serj
Sarkisyan, eləcə də digərləri baş vermiş soyqırımın günahkarları kimi
beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bir sözlə, cinayət
cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya
ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar,
dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə–Xocalı soyqırımına, əsl soyqırımı
hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Rufik İSMAYILOV
Yazı Azərbaycan Mətbuat Şurasının “Akkord” Sənaye Tikinti İnvestisiya
Korporasiyası ilə birgə Qarabağ mövzusu və Xocalı soyqırımıyla bağlı
jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunur.