Bəzi beynəlxalq təşkilatlar başqa ölkələrin daxili işlərinə qarışmaqda davam edirlər
Müəyyən qüvvələrin əlində alətə çevrilən bəzi beynəlxalq təşkilatlar öz ampulalarında qalmaqda davam edirlər. Xüsusilə də ABŞ-a bağlı “Article 19”, CPJ (Committee Protect Journalists), “Amnesty International” “Freedom House”, «Human rights Watch» kimi guya dünya ölkələrində insan hüquq və azadlıqlarının qorunmasına məsul olan təşkilatlar qeyri-obyektiv açıqlamalarında davam edirlər. Bu təşkilatlar o qədər “sayıqdırlar” ki, məsələn, ölkədə hansısa jurnalistlə bağlı xırda bir insident baş verər-verməz rəsmi açıqlamadan əvvəl onların bəyanatları eşidilir. Bu bəyanatlar da elə bil standart qəlpdən çıxıb, hələ rəsmi versiya olmadan hakimiyyət strukturları, ölkənin məhkəmə sistemi qərəzçilikdə, azad sözə və mətbuata təsir göstərməkdə ittiham olunur. Sonradan sular durulduqda məsələnin adi xuliqanlıq halı, ya da ki məişət zəminində hansısa adi bir detal olduğu aydınlaşır, amma həmin təşkilatlar susmurlar, əksinə, xırda məsələ böyüyür, bəyanatlardan hesabatlara keçir, beləliklə, beynəlxalq ağlaşma kampaniyası start götürür.
Bu təşkilatların çağırışları eyni olsa da, həm rəngarənglik, həm də özlərinin əhəmiyyətini qabartmaq baxımından hədəflərinə müxtəlif aspektlərdən yanaşırlar. Məsələn, əgər “Human rights Watch” bir ölkəni hüquq müdafiəçilərinin fəaliyyətinə şərait yaratmağa çağırırsa, bunun ardınca “Article 19” həmin ölkənin mediaya münasibətindən gileylənir. Az keçməmiş “Amnesty International” “vicdan məhbusu” axtarışına çıxır. Sanki bu təşkilatların qarşısına plan qoyulub – biri mətbuatın vəziyyətindən narahat olursa, o biri mütləq orada “siyasi” və ya “vicdan” məhbusu tapmalıdır, əks təqdirdə sinxronlaşma pozula bilər.
Azərbaycana gələndə bu təşkilatlar içərisində ən çox fəallıq göstərəni “Freedom House”dur. Bu günlərdə də “Freedom House”un strategiya və təhlil üzrə vitse-prezidenti Kristofer Uolker BBC-yə müsahibəsində yenə də bütün sərhədləri aşıb. O, Azərbaycan hakimiyyətinə inqilab xəbərdarlığı edib. Bildirib ki, Azərbaycan hakimiyyəti ötən 12 ay ərzində müxalifət fəalları, jurnalist, vətəndaş cəmiyyəti üzvlərinin təqiblərini artırıb və ictimai müzakirələr məkanını məhdudlaşdırıb. Bu isə son nəticədə inqilabla nəticələnəcək. Kristofer Uolker prezident İlham Əliyevin hakimiyyətdə müddətsiz qalmaq niyyətinə dair aydın görünən mesajlardan ciddi narahatlıq doğurduğunu bildirib.
Bu açıqlamalarda da qərəz elementi açıq-aydın görünməkdədir. Görəsən, “Freedom House”a Amerikadan kifayət qədər uzaq bir coğrafi məkanda yerləşən Azərbaycanda inqilab təşkil etmək hüququnu kim verib? Təşkilat rəsmisi nə danışdığını, hansı proqnozlar verdiyini dərk edirmi? Kristofer Uolker Azərbaycanda prezident seçkiləri ilə bağlı verdiyi açıqlamalarda da açıq-aşkar Konstitusiyamıza və xalqımıza hörmətsizlik edib. Çünki Azərbaycan xalqı bir müddət əvvəl keçirilən referendumla ölkədə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə razılıq verib. Bu müddəa artıq ölkə Konstitusiyasında əksini tapır. Deməli, artıq prezident İlham Əliyevin üçüncü dəfə prezident seçkilərində iştirak etmək hüququ var. Bəs onda həmişə demokratiyadan, xalqın iradəsindən danışan bir təşkilatın rəsmisi nədən növbə Azərbaycana gəlib çatanda xalqın iradəsini arxa plana keçirib, mənfi ssenariləri xatırladır? Digər tərəfdən, bu açıqlamanın verilməsi “Freedom House» təmsilçisinin bilərəkdən Azərbaycandakı siyasi proseslərə təsir etmək cəhdi kimi də qiymətləndirilməlidir. Belə bir açıqlamanın verilməsi həm də bir vətəndaş kimi İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini verməməsi üçün bir təzyiqdir. Təsəvvür edin, başqa bir ölkənin vətəndaşı digər bir ölkənin vətəndaşına prezident seçkilərində iştirakı ilə bağlı təsir etməyə çalışır. Bunun harası insan hüquqlarının qorunması oldu axı?
Təəssüf doğuran məqamlardan biri də odur ki, bir sıra müxalifət qurumları və QHT-lər “Freedom House”un hazırladığı hesabatlara istinad edərək Azərbaycandakı reallıqları dəyərləndirməyə çalışırlar. Təşkilatın açıqlamalarını doqma kimi qəbul edən bəzi azərbaycanlı politoloqlar da onlarına hesabatlarda yer alan fikirlərin mahiyyətini «izah etməyə çalışırlar». Ancaq əgər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyən bir təşkilat ölkəmizlə bağlı qərəzli hesabat hazırlayırsa, bu hesabata istinad edərək Azərbaycan reallıqlarını dəyərləndirmək nə dərəcədə doğrudur?
Prezident İlham Əliyev özü bu qəbildən olan rəyləri Azərbaycana təsir göstərmə cəhdi kimi qiymətləndirir: “Bəzi dırnaqarası insan haqları qrupları bizim qonşuluqda vətəndaş hüquqları və demokratiya ilə bağlı baş verən böyük pozuntuları görmür, ancaq Azərbaycanda kiçik bir hadisə şişirdilir və biz dərhal tənqid olunuruq. Biz bunu ölkəmizə təsir göstərmək siyasəti kimi qəbul edirik. Azərbaycanın əhəmiyyəti artdıqca dünyanın müxtəlif yerlərindən Azərbaycana təsiretmə cəhdləri də artır”.
Təbii ki, yuxarıda adları qeyd olunan beynəlxalq təşkilatların açıqladıqları hesabatlar birmənalı olaraq başqa ölkələrin daxili işlərinə qarışmaqdır. Özü də diqqət yetirsək, bu cür mövqe daha çox ABŞ administrasiyasının sözünə baxmayan, müstəqil siyasət yürütməyə çalışan dövlətlərə qarşı tətbiq edilir. Bu təşkilatlar demokratik norma və dəyərlərdən, «demokratiya» və «insan haqları» kimi fundomental dəyərlərdən təzyiq vasitəsi, ideoloji silah kimi istifadə etməyə çalışırlar. Bu yolla bir növ sözəbaxmayan ölkələrə öz aləmlərində «qulaqburması» vermiş olurlar.
Amma artıq dünya kifayət qədər qloballaşdığı kimi, kifayət qədər də şəffaflaşıb. İndi bu cür təşkilatların açıqladıqları hesabatlarla nə qara siyahıda olan ölkələrin vətəndaşlarını aldatmaq, nə də digər dövlətlərin həmin ölkəyə qarşı münasibətini dəyişmək mümkündür. Hamı bu bəyanatların niyə verildiyini, hansı məqsəd daşıdığını yaxşı bilir. Ona görə də mütəmadi olaraq açıqlanan bu cür hesabatlara «it hürər, karvan keçər» prinsipi ilə yanaşılır.
F.Qəhrəmanlı