AB-nin embarqo qərarı İranın gündə 87 milyon dollar, ildə isə 30 milyard dollar itirməsi deməkdir
Dünəndən etibarən Avropa Birliyi İrandan neft idxalına qarşı qəbul etdiyi embarqo qərarının tətbiqinə başlayıb. Birliyin Xarici İşlər Nazirlərinin Brüsseldə yanvarın 23-də verdiyi qərara görə, embarqo dünəndən etibarən qüvvəyə minib və bütün yeni neft və neft məhsulları müqavilələrinə aid olacaq. Ancaq qüvvədə olan müqavilələr üçün iyulun 1-nə qədər vaxt verilir.
Britaniya xarici işlər naziri Uilyam Heyq deyib ki, bu qərar İrana qarşı misli görülməyən sanksiyaların ancaq tərkib hissəsidir və Avropa Birliyinin bu məsələyə nə qədər önəm verdiyini göstərir. İran daha öncə neft embarqosu tətbiq olunacağı halda Hörmüz boğazını bağlamaqla hədələmişdi. Bu boğaz vasitəsi ilə təkcə İran yox, digər ərəb ölkələri də neft ixrac edirlər. ABŞ isə Hörmüz boğazını açıq tutmaq üçün nə lazımdırsa edəcəklərini açıqlayıb. Belə olan halda isə regionda vəziyyət gərginləşə bilər. AB hazırda İran neftinin 20 faizini alır. Dünyanın ən böyük 5-ci neft ixracatçısı olan İran gündə 2,6 milyon barrel neft satır və bunun 29 faizi Avropaya gedir. Avropa Birliyinin embarqosu İranın gündə 87 milyon dollar, ildə isə 30 milyard dollar itirməsi deməkdir. Ancaq İran iyulun 1-nə kimi üzünü Asiya ölkələrinə tuta bilər. İran neftinin hazırda 40 faizini Yaponiya və Çin alır.
İran AB qərarını ədalətsiz sayır
AB-nin qəbul etdiyi neft embarqosunu "ədalətsiz" adlandıran İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, bu tədbirlər Tehranı əsas hüquqlarına nail olmaq üzrə uğurlardan çəkindirməyəcək. “ABŞ-ın siyasi təzyiqləri altında olan Avropa rəsmiləri və digər ölkələr öz maraqlarını nəzərə almalı və ABŞ rəsmilərinin gizli siyasi maraqlarına nail olmasına kömək etmək üçün özlərini İran neftindən məhrum etməməlidir” - deyə Ramin Mehmanpərəst vurğulayıb.
AB sanksiyası İranı çökdürməyə yönəlib
AB sanksiyası İran rialının (tümən) qiymətinin dollara nisbətdə rekord səviyyədə aşağı düşməsinə səbəb olub. İranın hər yerində valyuta məntəqələri təhlükəsizliyi səbəb göstərərək dolların satışını dayandırıb. Qeyri-rəsmi küçə valyutaçıları isə həbslərlə hədələnir. Mərkəzi Bank xəbərdar edib ki, xarici valyuta gəzdirənlər bank çeki təqdim etməlidirlər, əks halda polis onları həbs edəcək. “Dollar min tümən idisə, indi olub 2 min tümən. Xaricdə təhsil alan uşağına bir ailə əvvəl 300 min tümən göndərirdisə, indi 600 min tümən göndərməli olur” - deyə Məhəmməd Ənsari adlı İran vətəndaşı bildirib. Sanksiyalar İranda işsizliyə də təsir edib. Rəsmi rəqəmlər 14 faizdir. Ancaq qeyri-rəsmi rəqəmlərin bundan daha artıq olduğu deyilir.
«Yunanıstan Azərbaycandan baha qiymətə neft ala bilər»
«RusEnergy»nin eksperti Mixail Krutixin «Kommersant»a bildirib ki, AB-nin İran neftinə qarşı qəbul etdiyi qərar qurumu çətin duruma salıb. Ən pis halda olan isə Yunanıstandır. Belə ki, o, məcbur olub nefti yüksək qiymətlərlə Azərbaycan, Yaxın Şərq və yaxud Latın Amerikası ölkələrindən ala bilər. O ki qaldı Rusiyaya, o, Avropaya kömək edə bilməyəcək. Çünki, bütün müqavilələr imzalanıb, istehsalı isə birdən-birə qaldırmaq mümkün olmayacaq.
AB-nin qərarı “AzəriLayt” markalı neftin qiymətini qaldırıb
AB-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi dünya birjalarında neftin qiymətinin artmasına səbəb olub. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Ex) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar qalxaraq 99,58 dollar, Londonun İCE (İnterContinental Ex Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 72 sent bahalaşaraq 110,58 dollar olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildiriblər ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,36 dollar artaraq 112,81 dollara satılıb.
Ekspertlər qeyd edir ki, ötən ilin yekunlarına görə, neftimizin orta illik ixrac qiyməti 111 dollar olub. Bu il isə bu rəqəm 115 dollara kimi yüksələ bilər və ya 105-ə düşə bilər. Ancaq neft hasilatı 45,4 mln tondan 46 mln. tona qədər artacaq. Demək, qiymət bir qədər ensə belə, gəlirdə azalma müşahidə olunmayacaq. Ona görə İran faktoru bazarda qiymətləri minimum ilin 1-ci yarısında yüksək saxlamağa kömək edəcək.
“BP Azərbaycan” sanksiyaların "Şahdəniz" layihəsinə təsirini açıqladı
Yeri gəlmişkən, bir sıra nəşrlər İrana qarşı sanksiyaların Azərbaycana da təsirsiz ötüşməyəcəyini yazırlar. “BP Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib ki, Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinə dair müqavilə AB və ABŞ-ın İrana qarşı qəbul etdiyi bütün qərarlara, sanksiyalara və icraçı sənədlərə tam riayət edir. Onun sözlərinə görə, “Şahdəniz” layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə üçün əsas qaz mənbəyidir. Həmçinin bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün iri qaz tədarükü təklif edir.
Xatırladaq ki, ötən gün “Wall Street Journal” qəzetinin yazdığına görə Aİ ABŞ-la İran şirkətlərinə tətbiq edilən sanksiyaların İranın layihədə 10 faiz paya malik olduğu NICO şirkətinin şəxsində təmsil olunduğu “Şahdəniz” layihəsinə aid edilməməsi ilə bağlı danışıqlar aparır. İran şirkətinin Avropanın enerji təhlükəsizliyini təmin edəcək bu layihədə iştirakı onun reallaşdırılmasına heç cür təsir etmir. Bu yatağın işlənməsi üzrə müqaviləyə (PSA) görə, layihə ilə bağlı hansısa qərarın qəbul edilməsi üçün 70 faiz iştirak payına malik olan səhmdarların qərarının olması vacibdir. Beləliklə, 10 faiz iştirak payına malik İran şirkəti bu layihə üzrə qərara təsir edə bilməz.
Məlumat üçün bildirək ki, “Şahdəniz” yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%. Azərbaycanın “Şahdəniz” qazkondensat yatağının (ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr) işlənməsi üzrə konsorsium hazırda Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən “Cənub qaz dəhlizi” marşrutuna baxılır.
Azər NURİYEV