Faciəmizin 22-ci ildönümü ərəfəsində “Hepimiz erməniyiz» şüarların səsləndirilməsi başa düşülən deyildi
“20 Yanvar” faciəsinin 22-ci ildönümü ərəfəsində Türkiyənin bir çox media qurumlarının türk tarixinin bu qanlı faciəsinə diqqət göstərmək əvəzinə “Hepimiz erməniyiz” şüarını manşet seçməsi istər-istəməz narazılıq doğurmaya bilməzdi. Faciəmizin 22-ci ildönümündə qardaş ölkənin Azərbaycanın dərdinə şərik olmaq əvəzinə, erməni əsilli jurnalist Hrant Dinkin təəssübünü çəkməsi başa düşülən deyildi. Buna görə də bir çox qəzetlər hətta Türkiyə mətbuatının, sanki erməni meyilli olmasını diqqətə çatdırıb.
Buna misal olaraq, erməni əsilli jurnalistin ölümündən sonra keçirilən izdihamlı aksiyalarda “Hepimiz erməniyiz, hepimiz Hrant Dinkiz” kimi şüarların səsləndirilməsini, həmçinin eyni mövzulu yazılı plakatların sərgilənməsini göstəriblər. AKP iqtidarı bəyan edib ki, bu, Türkiyədə hər bir vətəndaşa qarşı eyni münasibət bəsləndiyinin, tolerant cəmiyyətin mövcudluğunun göstəricisi kimi qəbul edilməlidir. Hətta Türkiyənin rəsmi şəxsləri, o cümlədən Baş nazir Rəcəb Təyyub Ərdoğan ölkəsinin istənilən vətəndaşının qətlindən təəssüfləndiyi kimi, türkiyəli erməni jurnalistin də öldürülməsindən eyni dərəcədə təəssüf hissi keçirdiyini bildirib. Türkiyənin hökumət rəhbəri, H.Dink sui-qəsdi ilə bağlı keçirilən məhkəmədə verilən “qruplaşma yoxdur” qərarına “hər şey aşkarlanacaq” zəmanətini də verib. Ankarada təşkil edilən bir tədbirdə iştirak edən R.T.Ərdoğan adıçəkilən məhkəmə prosesi ilə bağlı açıqlamalar verib. Baş nazir hökumət olaraq onlardan asılı olanı etdiklərini dilə gətirib: “Türkiyə artıq əvvəlki Türkiyə deyil. Heç kimin törətdikləri günahsız qalmayacaq. Heç bir sui-qəsd, heç bir təxribat gizli qala bilməz”. Türkiyənin baş naziri H.Dink cinayətində araşdırmanın başa çatdığını bəyan edib. O, ümid edib ki, mühakimə zamanı şübhələri aradan qaldırılacaq və cəmiyyəti razı salacaq addımlar atılacaq: “Hadisə baş verib və cinayətkar 32 saatda ərzində həbs olunmuşdur. Bu isə hadisənin nə qədər həssas olduğunun bir ifadəsidir. Vaxt itirmədən cinayət araşdırılmışdır. Bu ölkədə mühakimə ədalətlə olar. Əks halda bunun məsuliyyəti bizim üzərimizdə qalır. Heç kim sanki hökumət mühakimə edirmiş kimi yanlışı bizim üzərimizə buraxmaq fikrinə düşməməlidir. Hökumətin məhkəmə qərarlarına müdaxilə etməsini istəyənlər də səhv edərlər. Qaldı ki, H.Dink cinayətində araşdırma bitmişdir. Ümid edirəm ki, mühakimə zamanı şübhələri aradan qaldırılacaq və cəmiyyəti razı salacaq addımları atılacaq”. Qeyd edək ki, «20 yanvar» faciəsi ərəfəsində H.Dink məsələsinin belə qabarıq formada Türkiyənin ictimai rəyinə daxil olması bu ölkənin özündə də birmənalı qarşılanmayıb. Bir çox türk siyasətçiləri və ictimai fəalları türk cəmiyyəti adından belə münasibətin sərgilənməsindən təəssüfləndiklərini dilə gətiriblər. Bununla yanaşı qeyd etməliyik ki, faciənin ildönümü ərəfəsində, eləcə də 20 yanvar günü Türkiyənin aparıcı media qurumları, xüsusən də televiziya kanalları 22 il bundan öncə sovet rəhbərliyinin göstərişi ilə Azərbaycanın paytaxtında törədilən qətliam haqqında reportajlar, süjetlər veriblər. Xüsusən Samanyolu (STV) televiziya kanalı Şəhidlər Xiyabanından canlı yayımlanıb. TRT Türk kanalının dünyadan xəbərlər rubrikasında da 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi buraxılış olub. Türkiyənin bütün media qurumlarını 20 yanvar hadisələrinə etinasızlıqda günahlandırmaq niyyətindən uzaq olsaq da “Hepimiz erməniyiz, hepimiz Hrant Dinkiz” şüarları ilə keçirilən aksiyalarda hamının gözü qarşısında baş verib.
Rufik İSMAYILOV
|