Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi
Azərbaycan tarixindəki bir çox hadisələr qəhrəmanlıq və faciələrin qarşılıqlı çulğalaşması şəklində baş verib. 1990-cı ilin qanlı 20 Yanvar hadisələri kimi… 

20 Yanvar faciəsi – torpaqlarının bütövlüyü uğrunda və azadlıq istəyi ilə ayağa qalxan Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilən faciə kimi tarixə yazılıb. Sovet rəhbərliyinin qanunsuz olaraq ordu hissələrini Bakı şəhərinə yeritməsi çox sayda dinc əhalinin qırılması ilə nəticələndi.


20 yanvara doğru

Əslində 20 Yanvar olayları birdən-birə baş verməyib. Bu, uzun, eyni zamanda, ağır bir yolun son dəhşəti, XX əsrdə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən Rusiya və SSRİ-nin - fərqli simalı, lakin eyni mahiyyətli iki imperiyanın yüzilliyin əvvəllərindən bəri yürütdüyü siyasətin məntiqi nəticəsi idi.
20 Yanvara 1905-07, 1918-20, 1948-53, bir sözlə, bütün əsr boyunca törədilən cinayətlər zəncirinin sonuncu həlqəsi də demək olardı. Bu sonuncu həlqəni gerçəkləşdirmək üçün bəhanəni isə Dağlıq Qarabağda başlayan separatizm dalğası yaratmışdı. Bu barədə faktlar daha yaxşı danışır.

20 fevral 1988-ci il. Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Sovetinin növbədənkənar sessiyasında "DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi haqqında" qərar qəbul edilir və SSRİ Ali Sovetindən bu məsələyə baxmaq xahiş olunur.


22 fevral 1988-ci il. Erməni millətçiləri Əsgəranda toqquşma törədirlər. Nəticədə Qarabağda ilk qan tökülür - Əli və Bəxtiyar adlı gənclər qətlə yetirilir, bir neçə nəfər isə yaralanır. Bundan sonra qanlı hadisələrin sayı ildırım sürəti ilə artır. Fevralın 25-də Əsgəranda daha 2 azərbaycanlı qətlə yetirilir. Fevralın 27-28-də isə Sumqayıt təxribatı nəticəsində 32 nəfər həlak olur.


Bütün bunlara etiraz əlaməti olaraq mayın 16-18-də Bakıda izdihamlı mitinqlər başlayır. Lakin bu mitinqlər separatçıları dayandırmır. SSRİ rəhbərliyi tərəfindən dəstəklənən ermənilər daha da azğınlaşırlar. İyunun 15-də Ermənistan SSR Ali Soveti ermənilərin idarə etdiyi DQMV Xalq Deputatları Sovetinin xahişi ilə əlaqədar "Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərkibinə keçməsi haqqında" qərar qəbul edir. İki gün sonra - iyunun 17-də isə Azərbaycan SSR Ali Soveti buna etiraz əlaməti olaraq "Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərkibinə verilməsinin qəbuledilməzliyi haqqında" qərar qəbul edir. Sentyabrın 18-dən isə ermənilər silah gücünə azərbaycanlıları Xankəndidən (o vaxtkı Stepanakert) çıxarmağa başlayırlar.


Ümumilikdə Dağlıq Qarabağ hadisələri başlanandan 20 Yanvarın astanasınadək, yəni 1989-cu ilin sonuna qədər ermənilər 216 azərbaycanlını qətlə yetirir: o cümlədən 57 qadın, 23 müxtəlif yaşlı uşağı. Bütün bunlara SSRİ rəhbərliyinin göz yumması ermənilərin daha azğın qərarlar qəbul etməsinə yol açır.


1990-cı ilin yanvarın 9-da Ermənistan SSR Ali Sovetinin sessiyasında "1990-cı il üçün DQMV-nin sosial-iqtisadi inkişaf planının 1990-cı il üçün Ermənistan SSR-in iqtisadi və sosial inkişafına dair dövlət planına daxil edilməsi haqqında" qərar qəbul edilir. Azərbaycan rəhbərliyi bu dəfə də yalnız cavab qərarı qəbul etməklə işini bitmiş hesab edir. Lakin bir qədər sərt şəkildə. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin yanvarın 10-da keçirilən iclasında Ermənistan SSR Ali Soveti sessiyasının 9 yanvar 1990-cı il tarixli qərarı "fitnəkar hərəkət", "yenidənqurma əleyhinə siyasi təxribat, suveren Azərbaycan Sovet Sosialist Respublikasının daxili işlərinə aşkar müdaxilə" kimi qiymətləndirilir, SSRİ Ali Sovetinin Ermənistan SSR Ali Sovetinin Konstitusiyaya zidd qərarlarına siyasi və hüquqi qiymət verməməsi yolverilməz hesab edilir.


Elə həmin gün SSRİ Ali Soveti Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağa dair 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına müvafiq olmaması barədə onsuz da kağız üzərində qalacaq qərar qəbul edir.


Təbii ki, bütün bu proseslər xalqın tarıma çəkilən əsəblərinə təsir etməyə bilməzdi. Ermənistan 200 min azərbaycanlını öz dədə-baba torpaqlarından zorla deportasiya etdiyi halda Azərbaycanda onlara "gözün üstə qaşın var" deyilməməsi xalqın səbr kasasını daşdırır və gərginliyi son həddə çatdırır. Xalqın səbrinin tükənməsi isə özünü çox tezliklə büruzə verdi. 1990-cı ilin 13-15 yanvar tarixlərində qəzəblənmiş kütlə Bakıda erməni talanları törətdi. Hadisələr zamanı 56 nəfər öldürüldü, 112 nəfərə isə bədən xəsarəti yetirildi. Bununla da ermənilərin Bakıdan köçürülməsi prosesi başlandı. 200 min soydaşımızın Ermənistandan köçürülməsini sükutla seyr edən SSRİ rəhbərliyi bu fakta olduqca özünəməxsus və amansız reaksiya verdi. 15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərman verdi. Fərmana əsasən, 1990-cı il yanvarın 15-də yerli vaxtla saat 23-dən "Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində, Azərbaycan SSR-in ona bitişik rayonlarında, habelə Azərbaycan SSR ərazisində SSRİ dövlət sərhədi boyunca sərhəd zonasında" fövqəladə vəziyyət elan olunurdu. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə təklif edilirdi ki, əhalinin, müəssisələrin, idarə və təşkilatların təhlükəsizliyini təmin etmək üçün Bakı, Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində qadağan saatının tətbiqi də daxil olmaqla, lazım olan hər cür tədbirləri görsün.


Qanlı səhifə


Yanvarın 19-da SSRİ rəhbəri Mixail Qorbaçov yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını imzaladı. Fərman yalnız yanvarın 20-də səhər saat 6-7 radələrində radio ilə elan olundu. Bu vaxt isə artıq Bakı qana boyanmış, şəhərdə görünməmiş vəhşiliklər törədilmişdi. Yanvarın 19-dan 20-ə keçən gecə bir neçə istiqamətdən şəhərə daxil olan sovet qoşunları silahsız əhalini sözün əsl mənasında tar-mar etmiş, sovet cəza maşını özünün bütün amansızlığını işə salmışdı.


Təbii ki, faciənin miqyası çox böyük idi. Bunu təsəvvür etmək üçün sadəcə, Milli Məclisin "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" 29 mart 1994-cü il tarixli qərarına nəzər salmaq kifayətdir. Qərarda bildirilirdi ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb: "Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.


Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv olmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur".


Qırğın törədənlər cəzalandırılacaq


20 Yanvar günü Azərbaycan öz tarixindəki ən böyük faciələrdən birini yaşadı. Nə qədər qəribə olsa da, bu faciəyə görə SSRİ rəhbərliyinə ən böyük etirazı respublikaya başçılıq edənlər yox, o vaxt Moskvada olan, bu dövr üçün artıq sovet siyasi elitasından kənarlaşdırılan ümummilli lider  Heydər Əliyev etmişdi. 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində yanvarın 21-də keçirilən yığıncaqda ulu öndər SSRİ rəhbərliyinə açıq və kəskin etiraz edib: "Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".


Heydər Əliyev öz çıxışında ölkədə baş verənlərin lakonik, lakin dərin təhlilini vermiş, Azərbaycan rəhbərliyinin vəziyyəti sabitləşdirmək üçün heç nə etmədiyini vurğulamışdı. O bildirmişdi ki, Azərbaycana qoşun yeritməyə zərurət yox idi: "Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdırlar. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".


22-ci ildönümü


Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı təkcə respublikamızın şəhər və rayonlarında deyil, xarici ölkələrdə də silsilə tədbirlər keçirilir.
20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Belə səhifələri isə hətta tarixin özü də silə bilməz.

Hazırladı:
Təranə Məhərrəmova
Material KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb.
+  -  Çap 
Yerləşdirilib: 20.01.12 | Baxılıb: 92

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •