ABŞ prezidenti Azərbaycanı bütün Avro-Atlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaş kimi səciyyələndirib
Ölkəmizin Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov yanvarın 18-də Ağ Evdə keçirilən rəsmi mərasimdə etimadnamələrini ABŞ prezidenti Barak Obamaya təqdim edib. Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, B.Obama Azərbaycanla ABŞ arasında dostluq və tərəfdaşlığın uzun tarixə malik olduğunu, birgə gündəliyə və aydın qarşılıqlı maraqlara əsaslandığını qeyd edib.
ABŞ prezidenti beynəlxalq təhlükəsizlik səylərinə Azərbaycanın verdiyi həyati töhfələri yüksək dəyərləndirdiklərini bildirib. B.Obama Azərbaycanı bütün Avro-Atlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaş kimi səciyyələndirib. Səfir E. Süleymanov iki dövlət arasında münasibətlərin və çoxşaxəli tərəfdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə Azərbaycanın sadiq olduğunu qeyd edib. Qeyd edək ki, E. Süleymanov 2011-ci il oktyabrın 26-da prezident İlham Əliyev tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub. Buna qədər isə o, Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışıb.
Ümumiyyətlə, ABŞ-Azərbaycan münasibətləri hər zaman strateji önəm daşıyıb. Azərbaycan öz təbii sərvəti, həmçinin Avropa və Asiyanın qovuşmasında mühüm nəqliyyat dəhlizi yolunda yerləşdiyindən böyük geosiyasi önəm daşıyır. Bu region Amerikanın maraqları üçün strateji önəm kəsb edir. Odur ki, Azərbaycan ABŞ-ın Qafqaz siyasətində regional «dayaq elementi» kimi əsas rol oynayır. Regional nəqliyyat-enerji layihələri, Xəzər resursları, həmçinin son vaxtlar İran ətrafındakı hərbi-siyasi durum Azərbaycanın rolunu və önəmini artırır. Çox güman ki, bu rol getdikdə daha da artacaq. ABŞ prezidenti Barak Obama da dəfələrlə bəyan edib ki, ölkəmiz ilə əməkdaşlıqda yeni bir səviyyəyə çatıb. Obamanın qeyd etdiyi kimi, ölkələrimiz arasında münasibətlərin tarixi çox-çox əvvələ gedib çıxır. Belə ki, ABŞ 1992-ci ilin sonlarında Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci il martın 17-də isə ABŞ-ın Bakıda səfirliyi açılıb. Bir müddət sonra isə ABŞ dövlət katibi Ceyms Beyker Bakıya gəlib. Münasibətlərin ən yüksək səviyyə satmasında isə 20 Sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" xüsusi rolu var. ABŞ Xəzər nefti ilə bağlı Azərbaycan ilə ilk müqaviləsini imzalayır. Bu sonradan Bakı-Ceyhan neft kəmərinin işə düşməsi ilə nəticələnir. Ağ Evin 1997-ci ildə hazırladığı "Xəzər hövzəsinin enerji inkişafı" adlı bəyanatda ABŞ-ın buradakı siyasətinin dörd ana istiqamətini müəyyənləşdirib. Buna görə, ABŞ Azərbaycan-Ermənistan münaqişəsinin həllinə çalışacağını, dünya enerji ehtiyatlarının artırılması, genişləndirilməsi çərçivəsində Xəzər hövzəsi enerji qaynaqlarından istifadəni gücləndirəcək. Eləcə də Xəzər hövzəsi ölkələrinin müstəqilliyi və suverenliyi üçün Rusiyadan keçən neft boru xətlərinə asılılığı aradan qaldıracağına söz verir və alternativ ixrac yolları tapmağa çalışmağı öz üzərinə götürüb. Qeyd edək ki, ABŞ, Qarabağ probleminin həll edilməsi üçün vasitəçilik edir. Lakin ABŞ Qarabağ probleminin həllində hələ də aktiv ola bilməyib.
Bir faktı da qeyd etmək yerinə düşər ki, ABŞ-ın indiki prezidenti Barak Obamanın ilk xarici turnesinə Türkiyədən başlamasını yada salsaq, bütövlükdə rəsmi Vaşinqtonun önəm verdiyi dövlətlərin dairəsi məlum olar. Müsəlman aləmində Türkiyə Amerika üçün ən çox önəm daşıyan dövlətdir. Qafqazda isə Azərbaycan onun strateji partnyoru rolunu oynayır. ABŞ-ın Azərbaycan siyasəti iki faktora görə istiqamətlənir - birincisi, Azərbaycan Türkiyəyə yaxın və Cənubi Qafqazda ən potensiallı ölkədir, ikincisi, Azərbaycan müsəlman ölkəsi olaraq tolerant siyasət yeridən, davamlı inkişafda olan dövlətdir. Azərbaycanla ABŞ-ın əməkdaşlığı tək siyasi və iqtisadi sahədə deyil, hərbi əməkdaşlıq sahəsində də mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakı ABŞ-ın İraq və Əfqanıstanda sülhyaratma missiyasında yaxından iştirak etmiş, öz hərbçilərini həmin ölkələrdə xidmət etməsinə yol verib. Azərbaycan hərbçiləri İraqda BMT-nin TŞ tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət ediblər. İraqdakı sülhməramlı əməliyyatlarda 1 azərbaycanlı əsgər də həlak olub. Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda isə 90 azərbaycanlı sülhməramlısı xidmət edir.
Beləliklə, Azərbaycan ümidvardır ki, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmasında Amerika birmənalı ədalətli mövqe tutsa, onun bizim dövlətlə çox perspektivli əməkdaşlığı ola bilər. Hər hada bu ilk növbədə Amerikanın da marağında olan məsələdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yardımçı olmaqla Birləşmiş Ştatlar regionda nüfuzunu daha da artıra və genişləndirə bilər.
Azər NURİYEV