Qərbi istəyinə çatdıran, ərəbləri fəlakətə sürükləyən xalq üsyanlarından bir il ötdü
Ötən həftə Tunisdəki “Yasəmən inqilabı” adlandırılan qırışıqlığın bir ili tamam oldu. Tunis Şərq ölkələrində böyük ictimai oyanışla qeyd olunan “Ərəb baharı»nın ilk ölkəsi sayılır. Şimali Afrikada, Aralıq dənizi sahilində yerləşən Tunis Respublikasının ərazisi 163,6 min kvadrat kilometr, əhalisi 11 milyon nəfərdi. Prezident respublikasıdır. Tunisin son diktatoru Zeynalabdin Ben Əli 1987-ci ildə prezident Həbib Burqibəni qansız dövlət çevrilişi ilə devirmişdi. Ötən il dekabrın 14-də Tunisdə tərəvəz satıcısı, tələbə Məhəmməd Buazizin özünü yandırmasından sonra ölkədə xalq etirazları daha böyük vüsət aldı. Qısa zamanda Tunisdə hökumət əleyhinə böyük xalq hərəkatı ərsəyə gələrək, 23 il hakimiyyətdə olmuş prezident Ben Əlinin avtoritar rejiminə son qoydu. Zine Əl-Abidin Ben Əli 2011-ci il yanvarın 14-də xalq hərəkatı başlayandan təxminən bir ay sonra ölkədən qaçaraq Suriyada sürgün həyatı yaşamağa məhkum oldu. Lakin buna qədər, Tunisdəki antirejim çıxışlar zamanı toqquşmalarda 300-ə qədər insan həlak oldu, 700 nəfər isə yaralandı. Amma inqilabdan sonra Tunisdə həyat əvvəlki axarına hələ də dönə bilmədi. Əsasən turizm ölkəsi kimi tanınan Tunisdə ötən il iqtisadi durum xeyli pisləşdi. Eyni zamanda seçkilərin ləngiməsi və tez-tez baş verən kütləvi iğtişaşlar ölkədə qeyri-sabit vəziyyətin davam etməsinə səbəb oldu.
“Yasəmən inqilabı»nın məyusluğu
“Yasəmən” inqilabının ildönümündə BMT-nin baş katibi Pan Ki Mun Tunis xalqını bayram münasibətilə təbrik edərkən, “Tunis xalqının cəsarəti bütün regiona sirayət etdi və insanları azadlıq və hüquqları uğrunda mübarizəyə sövq etdi”, deyə bəyanat yaydı. Ölkənin yeni prezidenti Monsef Marzuki isə milli bayram münasibətilə həbsdə olan 9 min nəfərin azad edilməsi və 122 nəfərin üzərindən ölüm hökmünün götürülməsi ilə bağlı sərəncam imzaladı. Ancaq bu Tunisdəki vəziyyəti o qədər də yaxşılaşdırmadı. Ölkədə tarixi günün qeyd edilməsinə baxmayaraq, xalq arasında bununla bağlı hələ də fikir ayrılığı geniş yayıldı. Bir çoxlarının hələ də inqilab sevincini yaşadığı halda, əhali arasında inqilabın nəticələrinə məyus olanların sayının çoxluğu buna sübutdur. Tunis inqilabından bir il keçməsinə baxmayaraq yeni rəhbərlik ölkədə işsizliyin səviyyəsini aşağı salmağın öhdəsindən hələ də gələ bilmir. Təhlükəsizlik əvvəlki illərdəki olduğu səviyyədə deyil.
Ərəb inqilablarının növbəti dalğası Misirdə oldu. Ötən ilin yanvarında Qahirədə başlayan etiraz aksiyaları fevralın 11-də 1981-ci ildən ölkəni idarə edən Hüsnü Mübarəkin devrilməsi ilə sona çatdı. Misirdə hakimiyyət müəyyən qədər müqavimət göstərsə də, Tunisdə olduğu kimi ordu üsyana müdaxilə etmədi. 2011-ci ilin avqust ayından etibarən onun və oğlanlarının hakimiyyətinə son qoyuldu. Hazırda Misir prezidenti Hüsnü Mübarək iki oğlu ilə birlikdə məhkəmə qarşısındadır.
Liviyada 420 min mənzil tikəcəydilər
Ərəb inqilabı dalğasının vurduğu növbəti “sahil” Liviya oldu. 1,77 milyon kv.km ərazisi və 6,5 milyon əhalisi olan Liviya dünyada neft ölkəsi kimi tanınır. Böyük neft-qaz ehtiyatlarının böyük hissəsinin hələ istismar olunmadığı Liviya dünyada ən çox neft ixrac edən 8-ci ölkədir. Liviyada adambaşına düşən milli gəlir 12 min dollardan artıqdır. Ölkənin 70 milyard dollara yaxın maliyyə ehtiyatları var. Liviyada inqilabın 40 illiyi ərəfəsində başladılan böyük tikinti kampaniyasına xarici firmalar da cəlb olunmaqla böyük maliyyə ayrılmışdı. 2015-ci ilə qədər 420 min mənzilin tikilməsi planlaşdırılırdı. Layihəyə 13 milyard pul ayrılmışdı. Lakin inqilab bütün bunları əngəllədı.
Liviyada etirazlar 2011-ci ilin fevralın 27-dən canlanmağa başlandı. Mart ayından NATO qüvvələrinin bu ölkədə yerləşdirilməsinə baxmayaraq, Qəddafi rejiminə son qoymaq çox çətin idi. Ölkədə hər gün onlarla insan öldürülürdü. Nə Qəddafi rejimi, nə də etiraz edən xalq təslim olmaq istəmirdi. Avqustun 23-ü üsyançılar Liviyanın paytaxtı Tripolini aldılar. Hakimiyyətin bəzi üzvləri ölkədən qaçıb öz postlarını təhvil versələr də, eks-lider Liviyadan qaçmadı. 1969-cu ildə kral İdrisi devirərək hakimiyyətə gələn polkovnik Müəmmar Qəzzafinin ötən 42 ildə Liviyanı “dəmir yumruqla” idarə etməsi ona baha başa gəldi. Xalq üsyanına dirənən M.Qəddafi minlərlə insanın ölümünə səbəb oldu. Ailə üzvlərini bir-bir itirən Liviya diktatoru oktyabrın 20-də elə doğulduğu şəhərdə, üsyançılar tərəfindən döyülərək, işgəncə ilə öldürüldü. Onun ölümü ilə bağlı sonradan yayımlanan videogörüntülərdə hətta Muammər Qəddafinin cəsədinin təhqir olunduğu da aydın oldu.
Tunisdəki inqilab digər ərəb ölkələrinə sirayət edərək, Suriya, Bəhreyn, Yəmən və İordaniyada da kütləvi iğtişaşlara səbəb oldu. Məhz bu inqilab nəticəsində ərəb dünyasının ən nüfuzlu simalarından sayılan Yəmən prezidenti Əli Abdullah Saleh rejimi devrildi. 33 ildir Yəməni idarə edən Əli Abdullah Saleh tunisli həmkarı kimi ölkəsini tərk etmək məcburiyyətində qalaraq, Səudiyyə Ərəbistanına sığındı. Sonradan Abdulla Saleh Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Səudiyyə kralının iştirakı ilə ölkədəki böhranın sülh yolu ilə həlli istiqamətində Ərəb Liqası Ölkələrinin birgə hazırladıqları razılaşmanı imzalayaraq, vəzifəsini virtse-prezident Abdrabuh Mənsur Hadiyə təhvil verdi. Bununla belə, o, Yəmənin “fəxri prezidenti” statusunu da qoruyub saxladı. Ötən ilin noyabrında vitse-prezident Abdrabuh Mənsur Hadinin imzaladığı fərmanla 2012-ci ilin fevral ayında Yəməndə növbədən kənar prezident seçkiləri keçiriləcək. İndi Yəmən növbəti prezident seçkilərinə hazırlaşır.
“Ərəb baharı”nın yaşandığı ölkələrdən biri də Bəhreyndir. Bu ölkədə baş verən üsyan qonşu Səudiyyə Ərəbistanının göndərdiyi ordu vasitəsilə yatırıldı, çoxlu sayda nümayişçi qətlə yetirildi. Ancaq bölgədə marağı olan Qərb dövlətləri bu prosesdə susqunluq nümayiş etdirdilər, ən azı baş verən qətliamlara başqa ölkələrdə olan qədər reaksiya olmadı.
Nəhayət “ərəb baharı”nın hələlik yaşandığı son ölkə Suriyadır. Hazırda bu ölkədə kütləvi iğtişaşlarla, çoxsaylı insan ölümü ilə müşayiət olunan hakimiyyətə qarşı etirazlar davam etməkdədir. Bununla Suriya lideri Bəşər Əsəd onu istəməyən xalqa və Qərbə dirəniş göstərir.
«Ərəb bahar»ı 28 min 970 nəfərin həyatına son qoyub
Ərəb dünyasında baş verən üsyanlarla bağlı Beynəlxalq Amnistiya Təşkilatı da məlumat yayıb. Təşkilat 6 ölkədə həlak olanların ümumi sayını açıqlayıb. Təşkilat ərəb ölkələrində hakimiyyət dəyişikliyi və aksiyalarla müşahidə olunan bu proses zamanı 28 min 970 nəfərin həyatını itirdiyini qeyd edib. Açıqlamada bildirilir ki, ən çox insan tələfatı NATO-nun hava əməliyyatlarının davam etdiyi Liviyada qeydə alınıb. Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən sonra hakimiyyətə gələn Liviya Milli Keçid Şurası 6 ay ərzində 25 min insanın öldüyünü, 50 min insanın yaralandığını bildirib. Yekun rəqəmlərin isə təxminlərdən daha çox olacağı güman edilir. Çünki ölkədə ən azı 4 min nəfər itkin düşüb. Lakin Milli Keçid Şurasının təmsilçisi, polkovnik Hişam Buhagiarın Tripolidə verdiyi məlumatda Liviyada müharibə zamanı 50 min nəfərin həlak olduğu bildirilib.
Beynəlxalq Amnistiya Təşkilatının açıqlamasına görə, Liviyadan sonra ən çox insan tələfatı Suriyanın payına düşür. Hökumət əleyhinə aksiyaların mart ayından başladığı Suriyada 2 min 700 nəfər ölüb. Ölənlərin 100 nəfəri uşaqdır. BMT-nin insan hüquqları üzrə nümayəndəsi isə Suriyada Bəşər Əsəd rejiminə qarşı başlanmış və hələ də davam edən etirazlarda 5000-dən çox adamın öldüyünü açıqlayıb.
“Ərəb baharı”nın başladığı Tunisdə 200 nəfər təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatını itirib. Tunisdən prezident Bin Əlinin devrilməsindən sonra xalq hərəkatının başladığı Misirdə 18 gün aksiyalar davam edib. Fevralın 11-də 30 illik hakimiyyətdən sonra prezident Hüsnü Mübarəkin istefa verməsi ilə nəticələnən bu inqilab zamanı 840 nəfər ölüb. Fevral ayında prezidenti Əli Abdulla Salehin istefası tələbi ilə Yəməndə başlayan aksiyalar hələ də davam edir. İndiyə qədər qanlı qarşıdurmalarda ən azı 200 nəfər həyatını itirib. Şiə çoxluğun sünni azlığın hakimiyyətinə qarşı çıxdığı Bəhreyndə fevral ayının 14-də başlayan aksiyalara sərt müdaxilə 30 nəfərin həyatını itirməsinə, 1400 nəfərin həbsinə səbəb olub. İordaniyada fevralı ayında hökumət əleyhinə keçirilən aksiyalar dağıdılarkən 2 nəfər öldürülüb, çoxlu sayda insan həbs edilib. Bununla da Tunis, Misir, Liviya, Suriya, Yəmən və Bəhreyndə hökumət əleyhinə aksiyalar zamanı 28 970 nəfər ölüb.
Ümumiyyətlə, cəmiyyətdə ərəb inqilabları ilə bağlı müxtəlif fikirlər var. Tanınmış siyasi şərhçilər bu hadisələri Qərbi istəyinə çatdıran, ərəbləri azadlıq adı altında fəlakətə sürükləyən xalq üsyanları kimi qələmə verirlər. Bəzi ekspertlər isə bunu israrla qeyd edirlər ki, “ərəb baharı” Liviya nefti uğrunda aparılan mübarizəni pərdələmək üçün yaradılmışdı. Hətta həmən mütəxəssislər buna sübut kimi NATO-nun inqilab olan başqa dövlətlərə yox, Liviyaya müdaxilə etməsini sübut kimi göstərirlər ki, bu da kifayət qədər inandırıcı sübutdur.
İnqilaba olan bəslənilən ümidlər özünü doğrultmadı
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu da ərəb dünyasındakı üsyanların heç də yaxşı sonluqla başa çatmadığını bildirib. O, həm sadə vətəndaşların, həm də imperialist qüvvələrin bu inqilablardan yararlana bilmədiklərini söyləyib. Politoloqun fikrincə, gözləntilərin əksinə olaraq, lidersiz inqilablar ərəb dünyasında radikal islamçıların hakimiyyətə gəlməsinə, sadə camaatın isə sosial durumunun əvvəlkindən qat-qat aşağı düşməsinə səbəb olub: “Ərəb dünyasındakı inqilablar ona bəslənilən ümidləri doğrultmadı. Əhalinin sosial-iqtisadi vəziyyəti əvvəlkinə nisbətən daha da ağırlaşdı, idarəçilik şərtləri daha da sərtləşdi. Baş verənlərə sadə bir misal çəkməklə oradakı vəziyyəti təsəvvür etmək olar. Belə ki, ərəb dünyasındakı inqilaba özünü yandırmaqla təkan vermiş tunisli gəncin ailəsi qısa müddət ərzində hamı tərəfindən qəhrəman kimi qəbul edildi. Hər kəs həmin ailəyə hörmətlə yanaşdı. Lakin sadə camaatın vəziyyəti əvvəl olduğundan aşağı səviyyəyə düşdüyündən, indi həmin ailə, eləcə də özünü yandıran gənc heç də yaxşı xatırlanmır. Hətta iş o yerə çatıb ki, tunisli gəncin anası kiçik oğluna küçəyə çıxarkən özünü yandıran tərəvəz satıcısı, tələbə Məhəmməd Buazizin qardaşı olmasını gizlətməyi məsləhət görür. Hazırda Avropa ölkələri ərəb inqilabının bir illiyini müzakirə edirlər. Həmin ölkə rəhbərlərinin fikrincə, 6 ölkədə baş verən lidersiz inqilablar regionda xaotik, qeyri-müəyyən bir şərait yaradıb. Üsyan olan ölkələrdə hakimiyyət başına radikal islamçılar gəlib. Sadə camaat isə müflisləşib və ağır sosial durumla üz-üzə qalıb. Bütün bunlar bir daha göstərir ki, inqilablar ərəb ölkələrinə ağır sosial-iqtisadi durumdan, kütləvi insan qırğınlarından başqa yaxşı heç nə gətirməyib”.
Rufik İSMAYILOV