İlk müsabiqəyə 903 min manat vəsait nəzərdə tutulub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəni dünən rəsmi elan etdi. "Trend" İA konfrans zalında mətbuat nümayəndələri qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirdi ki, Şura ilk növbədə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq, 7 istiqamət və mövzu üzrə layihələrə üstünlük verəcək: "Şura ilk dəfədir ki, müsabiqəni ilin sonunda elan edir. Bununla QHT-lərə daha çox hazırlaşmaq, işlərini istənilən səviyyədə qurmaq və dolğun layihə ilə çıxış etmək imkanı verilir."
Şura sədri mətbuat nümayəndələrinə onu da bildirdi ki, yenilik tək müsabiqənin elan olunma vaxtı ilə bağlı deyil. Belə ki, mövzu, format və maliyyə ayrılması ilə bağlı dəyişikliklər var.
Sonra millət vəkili elan olunmuş istiqamətlər haqda açıqlama verdi. Şuranın elan etdiyi müsabiqədə ilk üç istiqamət "İnsan hüquqları və demokratiya", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması", "Azərbaycanın dünya birliyinə inteqrasiyası"dır. Dördüncü istiqamət "Ətraf mühitin mühafizəsi" mövzusudur. Şura sədri bildirdi ki, prezident İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan edib., "Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi" mövzusu beşinci istiqamətdir. Millət vəkili bu haqda fikrini açıqlayaraq dedi ki, bu ildən etibarən region QHT-ləri üçün ayrıca kvota ayrılıb. Burada əsas məqsəd region QHT-lərinin mərkəz QHT-ləri ilə rəqabətə davamlılığını artırmaqdır. Altıncı istiqamət "Təhsil və mədəniyyət" mövzusudur. Nəhayət, yeddinci və maliyyəsinə görə ən böyük istiqamət "Sosial və iqtisadi məsələlər"dir.
Məlumat verildi ki, layihə üçün minimum və maksimum məbləğlər nəzərdə tutulub: "Biz bu bölgünü ona görə apardıq ki, narazılıq yaranmasın. Əvvəlki layihələrdə təşkilatlar, tutaq ki, 3 min manatlıq layihə üçün 10 min manat istəyirdilər. Bizim ekspertlər layihəyə uyğun korrektələr aparanda təşkilat öz narazılığını bildirirdilər. Ona görə minimum hədd 5 min, maksimum isə 20 min nəzərdə tutulub".
Müsabiqə müddəti 15 yanvar 2010-cu ilə qədərdir. Adətən müsabiqə müddəti bir ay nəzərdə tutulurdusa, bu il müddət bir həftə artırılıb. Bu isə "Yeni il" tətili ilə əlaqədərdir. Layihələrin qəbulu başa çatdandan sonra layihələr bir ay müddətində eskpertlərin ixtiyarına veriləcək. Mart ayının 10-dan sonra isə müsabiqənin qalibləri elan olunacaq.
A.Quliyev müsabiqənin formatında digər dəyişikliyin ekspertlərin sayı ilə bağlı olduğunu bildirdi. Əvvəlki müsabiqələr zamanı 3 ayrı-ayrı ekspert rəyi bildirilirdisə, indi ekspertlərin sayı iki nəfərə endirilib. Bu, ilk növbədə vaxt itkisini aradan qaldırmaq üçündür. Ekspertlərin QHT təmsilçiləri olmayacağı xüsusi qeyd olundu. Böyük ehtimalla ölkənin aparıcı institutlarının, vətəndaş cəmiyyətinin digər təsisatlarının və hətta dövlət qurumlarının nümayəndələri olacaqlar. Yeni formatın bir özəlliyi də ondadır ki, ilk dəfə olaraq müsabiqədən sonra ekspertlərin adları açıqlanacaq.
Şura sədri çıxışında layihələrin mövzu və mahiyyətində nəzərdə tutulan şərtlərə də toxundu. O bildirdi ki, film, klip, dərgi və digər çap məhsulları, sosial reklamlara daha çox üstünlük veriləcək. Kitab nəşri ilə bağlı ciddi tələblər irəli sürüləcək. Bəzən kitab nəşrində adi poliqrafik şərtlər gözlənilmir, qeyri-peşəkarlıq səviyyəsində qüsurlar, boşluqlar olurdu. "Buna baxmayaraq, film, klip, saytla da bağlı ciddi tələblərimiz olacaq" - deyən Şura sədri bu barədə nəzərdə tutulan tələblərin mahiyyətini açıqladı. O bildirdi ki, film çəkilməsi üçün maliyyə istəyən təşkilat filmin ssenarisini, süyet xəttini və ümumiyyətlə, filmlə bağlı görüləcək işlərin planı Şuraya təqdim olunmalıdır. Sayt yaratmaq istəyən təşkilatlar üçün tələb internet səhifəsinin ən azı iki il fəaliyyət göstərəcəyinə veriləcək zəmanətlə bağlıdır. Konfrans, seminar, treninqlər keçirmək istəyənlər də anoloyi addımları atmalıdırlar. Seminarın planı, iştirak edəcək iştirakçıların sayı, bəzən siyahısı, treninqin modullarını əvvəlcədən təqdim etmək təşkilat qarşısında tələb kimi qoyulacaq.
A.Quliyev prezident İlham Əliyevin elmin və KİV-in inkişafı fondlarının yaradılması ilə bağlı imzaladığı fərmanları əsas gətirərək bildirdi ki, Şura bu istiqamətləri özündə ehtiva edən layihələrə dəstək verməyəcək: "Lakin bu o demək deyil ki, KİV-QHT əməkdaşlığı, QHT-lərin TV vasitəsilə tanıdılması, QHT yurnalistikası diqqətimizdən kənarda qalacaq. Bu cür layihələrə də önəm verəcəyik" - deyən A.Quliyev bu yöndə yarana biləcək bütün suallara aydınlıq gətirdi.
Ümumilikdə ilin ilk müsabiqəsi üçün 903 min manat vəsait nəzərdə tutulur. Yerdə qalan vəsait aprel ayında elan olunacaq müsabiqəyə, digər beynəlxalq qurumlarla birgə layihələrə, ilboyu irəli sürüləcək ən vacib təşəbbüslərə sərf olunacaq. Məlumat üçün qeyd edildi ki, cari il 2 beynəlxalq təşkilatla birgə layihə həyata keçirən Şuranın gələn il dörd təşkilatla əməkdaşlıq edəcəyi gözlənilir.
Sonra yurnalistlərin sualları cavablandırıldı. Yurnalistlərin şəffaflıqla bağlı sualına A.Quliyev ətraflı cavab verdi. O bildirdi ki, Şuranın fəaliyyətini izləyən yurnalistlər Şuranın işinin maksimal şəffaflıq prinsipləri ilə qurulub. "Digər donor təşkilatlarla müqayisə aparmaq imkanınız var. Belə bir cəhd etsəniz, əmin ola bilərsiniz ki, bizim fəaliyyətimizin qayəsini şəffaflıq təşkil edir" - deyən millət vəkili bildirdi ki, ötən illərin təcrübəsindən yararlanaraq yeni sistemə qədəm qoyuruq. Təşkilatlar Şuranın minimal tələblərinə belə həssaslıqla yanaşmalı olacaqlar: "Şantay, qərəz, təpgi ilə bizi yolumuzdan döndərə bilməyəcəklər. Çünki biz prinsiplərimizdə möhkəm dayanmışıq".
Sənan NƏCƏFOV