Növbəti görüş yanvarın 23-də Soçi şəhərində keçiriləcək
Moskvada ilin yekunları ilə bağlı mətbuat konfransı keçirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən tutmuş, Qəbələ RLS, Xəzərinin statusunun müəyyən olunması, İranda hərbi əməliyyatların başlanması kimi məsələlərə toxunub. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandıran S.Lavrov vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ probleminin nizamlanması ilə vasitəçilik missiyasını davam etdirməyi planlaşdırır.
«Əlbətdə, (Moskva) planlaşdırır» deyə nazir RİA «Novosti»nin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, «biz bunu üçlük (Rusiya, Fransa, ABŞ) çərçivəsində edirik». Nazir bildirib ki, prezidentlərin görüşü Soçidə yanvarın 23-də keçiriləcək. «Minsk qrupunun həmsədrləri də görüşdə iştirak edəcək və zərurət olduqda prezidentlər onlarla görüşəcəklər» - deyə Lavrov vurğulayıb. Məlumat üçün deyək ki, Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 23-də işgüzar səfərlə Soçiyə yollanıb. “News.am” Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək. Elə həmin gün Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş də olacaq. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcək. Rusiya Federasiyası prezidentinin rəsmi saytında da bu məlumat təsdiqlənib. Bu, tərəflər arasında 2008-ci ildən bəri Rusiyanın təşəbbüsü ilə baş tutan 10-cu görüş olacaq. Prezidentlər sonuncu dəfə ötən il iyunun 24-də Kazanda görüşüblər.
Rusiyalı nazir həmçinin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini də təsdiqləyib. Onun sözlərinə görə, görüş yanvarın 19-da Moskvada baş tutmalıdır. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər. Bir faktı da qeyd edək ki, əksər ekspertlər prezidentlərin görüşəcəyi barədə xəbəri xoş xəbər kimi qələmə versələr də, eyni zamanda hər iki tərəfin eyni vaxtda bu görüşdən münaqişənin nizamlanması ilə bağlı hər hansı bir dəyişiklik gözləməyin yersiz olduğuna diqqət çəkiblər. Bu məsələdə erməni tərəfi neqativ mövqeyi ilə seçilib. Ötən il Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən münaqişənin nizamlanması ilə bağlı heç bir nəticə vermədi. Rəsmi Bakının qeyd etdiyi kimi, Ermənistan danışıqların dayandırılmasına və yaxudda ki, dondurulmasına çalışır.
Yeri gəlmişkən, Rusiya XİN rəhbəri Xəzərin statusu məsələsinə aydınlıq gətirib. O bildirib ki, Bakı sammitindən sonra Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda o qədər də aktivlik hiss olunmur. Lavrov danışıqlarda əsasən iki məsələnin müzakirə olunduğunu söyləyib: “Birinci məsələ Xəzərdə nərəkimilərin ovuna moratorium qoyulması, ikinci məsələ isə suveren zona və balıq ovu zonasının müəyyən edilməsidir. Bu məsələlərdə Xəzəryanı ölkələr vahid rəyə gələ bilməyiblər. Bunun günahı Azərbaycan və Rusiyada deyil”.
Rusiya XİN rəhbəri onu da deyib ki, Moskva ilə Bakı arasında Qəbələ RLS-nin statusu ilə bağlı prinsipial fikir ayrılığı mövcud deyil. Qeyd edək ki, bir sıra KİV-lər iddia etmişdilər ki, Qəbələ RLS ilə bağlı yaranmış problem üzündən ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Erik Rubin Bakıya gəlir. «O ki qaldı Qəbələ RLS-ə - yaxın günlərdə bizim hərbi nümayəndə heyətləri arasında danışıqlar davam etdiriləcək. Mənim bildiyimə görə, orada söhbət icarə haqqının parametrləri ilə bağlıdır, yəni prinsipial problemlər mövcud deyil, sadəcə onlar razılaşmalıdırlar» deyə rusiyalı nazir vurğulayıb.
Regional məsələlər, ilk növbədə İranda müharibənin başlanma ehtimalına gəldikdə, Sergey Lavrov ölkəsinin müharibənin başlanmasına qarşı çıxdığını deyib. Onun sözlərinə görə, İranla müharibənin başlanması böyük fəlakətə səbəb olacaq”. 2011-ci ilin yekunlarına həsr olunmuş brifinqdə nazir vurğulayıb ki, müharibə başlanacağı təqdirdə İrandan olan qaçqınlar Azərbaycan ərazisindən keçərək Rusiyaya axın edəcəklər. Nazir İran ətrafında yaranan problemin tək həllinin danışıqlar yolu olduğunu söyləyib: “Rusiya İrana qarşı müharibənin başlamaması üçün hər şeyi edəcək. Rusiyanın mövqeyi bundan ibarətdir. Ümumiyyətlə islam ölkələri ilə bağlı yaranmış tendensiyanın - sünni-şiə məsələsinin yenidən gərginləşdirilməsinin davam etməsi düzgün deyil. Əgər bu tendensiya davam etsə, islam dünyasında böyük konfliktlərə səbəb ola bilər. Xarici qüvvələr islam dünyasını parçalamamalıdır. Çünki İslam dünyası olmadan bu problemi həll etmək mümkün deyil”.
“Rusiya İrana qarşı olan sanksiyaların əleyhinədir” deyən nazir əlavə edib ki, “Avropa ölkələri İrana qarşı sanksiya tətbiq edilməsindən qaçmalıdır. Bu, İran iqtisadiyyatına və sosial həyatına mənfi təsir edəcək. Problemin tək həll yolu danışıqlara getməkdir. İran hələ keçən il AEBA ilə danışıqlara hazır olduğunu bəyan etmişdi. Lakin məlum sanksiyalar səbəbindən onlar bundan imtina etdilər. Avropa dövlətlərinin sanksiyaları bu görüşə əngəl oldu”. S. Lavrov BMT-nin Təhlükəsizlik Şurasının bu problemin həlli istiqamətində öz işini davam etdirdiyini söyləyib: “İran AEBA ilə danışıqlara hazırdır”.
Azər NURİYEV