“Fuad LTD”-nin 505 mənzilli binasında 595-ci mənzil də peyda olub…
Dünən “Fuad LTD” adlı cəmiyyət tərəfindən hüquqları kobud şəkildə pozulmuş bir qrup vətəndaş mətbuat konfransı təşkil etdi. Beynəlxalq Mətbuat Mərkəzində toplanan vətəndaşlar adıçəkilən şirkətdən şikayətlərini bildirdilər.
Vətəndaşların adından çıxış edən Eldəniz Əbdürrəhmanov bildirdi ki, “Fuad LTD” cəmiyyətinin sədri və təsisçisi Məmmədov Qasım Əsəd oğlu 2005-ci ildə Xırdalan qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi 1-də ofis açaraq insanları aldadıb mənzil əvəzində nağd pullarını alıb, lakin binanı tikdirməyib. Onun sözlərinə görə, Qasım Məmmədov oğlu Fuadın adına “Fuad LTD” cəmiyyəti yaradıb və bu adla insanları aldadıblar. Verilən digər məlumata əsasən, insanları aldadaraq pulunu alan şəxslər Məmmədov Fuad, Qasımın bacısı oğlu Ramin və qardaşı Nüsrəddin Məmmədov olublar: “Guya tikiləcək bina 9 bloklu, 14 mərtəbəli, 505 mənzilli olmalıdır. İlk vaxtlarda Məmmədov Qasım həmin binanın 3 blokunun beton dirəklərini yarımçıq tikərək qaldırmışdı. Amma iş 2008-ci ildə tamamilə dayandırıldı”.
Şikayətçi onu da bildirdi ki, həmin bina layihədə 505 mənzilli olmağına baxmayaraq, onlar araşdırdıqdan sonra məlum olub ki, orada 595 ¹li mənzil də olub: “Bu adla həmin binada 595-ə qədər mənzil satılıb. Hətta bizə məlum olan bir məsələ də odur ki, bir mənzil, konkret olaraq 455 ¹li mənzil 2 nəfərə satılıb. Əslində isə nə bina, nə blok, nə də ki mənzillər mövcuddur. Proyekti kağızda insanlara göstərərək, aldatma yolu ilə pulları mənimsəyiblər”.
E.Əbdürrəhmanov qeyd etdi ki, 400-dən çox vətəndaş bu problemlə üzləşib: “Bu qədər vətəndaş bir Qasımın əlində zəlil olub. Onların ailələrini də nəzərə alsaq, bu, 2000-dən çox insan deməkdir. 2007-ci ildən bəri bütün dövlət təşkilatları və nazirliklərinə şikayətlər etmişik, lakin hələ də ortalıqda bir şey yoxdur. Məhkəməyə müraciət etdik ki, heç olmasa pulumuzu qaytarsın. Məhkəmə qərar çıxardı ki, bəli pullar qayıtmalıdır. Bütün bunlara rəğmən, Məmmədov Qasım özünü həddindən artıq arxayın adam kimi aparır. Ədliyyə Nazirliyinə şikayət edəndə bildirdilər ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinə məktub yazılıb ki, həmin adam barəsində axtarış elan olunsun. Nəticə olmadıqda, ikinci dəfə axtarışa verilib, amma dələduz ortalıqda sərbəst olaraq gəzir. Necə olur ki, Bakı şəhər Baş Polis İdarəsinin tapa bilmədiyi şəxslə mən hər gün danışıram? İstəyirsiniz, elə buradaca zəng edib onunla danışım”.
Şikayətçi yerindəcə Qasım Məmmədovla telefon əlaqəsi saxlayır və səsgücləndiricini işə salır. Ondan vəziyyətin nə yerdə olması ilə maraqlanır, soruşur ki, bankdan pul götürüb, ya yox? Qarşı tərəf bildirir ki, hələ pul-filan yoxdur, hələ gözləyir. Şikayətçi hansı bankdan pul götürməli olduğunu soruşanda, Qasım Məmmədov bankın adını hələlik demək istəmədi. Bildirdi ki, görüşüb ətraflı danışacaq. Şikayətçi soruşur ki, bankdan götürəcəyi pulla 400-500 vətəndaşın pulunu qaytara biləcəkmi? Qarşı tərəf isə bunu təkzib edərək, o qədər vətəndaş olmadığını bildirməklə yanaşı, Allahın köməkliyi ilə qaytaracağını qeyd etdi. Daha sonra şikayətçi vurğuladı ki, burada adam var, bir dəfəyə 870 min dollar pul verib, o necə olacaq. Qarşı tərəf isə bunu vətəndaşın yalandan yazdırdığını iddia etdi.
Telefon danışıqlarından sonra E.Əbdürrəhmanov bildirdi ki, Q.Məmmədovun dediklərinin hamısı yalandır. Çünki 2007-ci ildən bəri bu sözləri deyə-deyə gəlir. Digər maraqlı tərəf isə odur ki, Q.Məmmədovun adına heç bir qiymətli mülk yoxdur ki, onları girov qoyub bankdan pul götürsün. Digər şikayətçilər də Qasımın yalançı və fırıldaqçı olduğunu təsdiqlədilər. Əliyev Nazim isə bildirdi ki, onların məqsədi mənzil tikmək olmayıb, bu, əvvəlcədən planlaşdırılmış dələduzluq işidir: “Hətta sonradan məlum olub ki, mənə satılan mənzil başqa bir adama da satılıb. Həmin evə (80 kvm) düz 29 min 400 dollar pul vermişdim”.
Xanım şikayətçi Mahizə Manafova isə “Fuad LTD”dən ev almaq üçün 21 min dollar xərcləməli olub: “O pulu zülmlə əldə etmişdik. Üç oğlum var, evi də onlar üçün almışdım. Mən neyniyim indi?”
Məsələnin mahiyyəti məlum olduqdan sonra şikayətçilər jurnalistlərin suallarını cavabladı. Bu vaxt məlum oldu ki, onlar heç “Fuad LTD” cəmiyyətinin sədrinin üzünü də görməyiblər, sadəcə, telefonla danışıblar. Ümumilikdə şikayətçilərin sayına gəldikdə isə, onlar bildirdilər ki, say dəqiq məlum deyil. Çünki bu məsələni araşdıran, hüquqları kobudcasına pozulan vətəndaşları qeydiyyata alan bir qurum, yaxud şəxs yoxdur.
Elgün Mənsimov