ABŞ-ın müdafiə naziri Robert Geyts Həmid Kərzayiyə hökuməti necə formalaşdırmağı başa salacaq
ABŞ-ın müdafiə naziri Robert Geyts gözlənilmədən Əfqanıstana səfər edib. Kabil aeroportunda yurnalistlərə müsahibəsində Geyts deyib ki, o, prezident Həmid Kərzayiyə yeni hökumətə "şərəfli" nazirlər təyin etməsi üçün təzyiq edəcək. ABŞ-ın müdafiə nazirinin bu səfəri prezident Barak Obamanın Əfqanıstana əlavə 30 min Amerika hərbçisi göndərmək barədə qərarını açıqlamasından bir həftə sonraya təsadüf edir. ABC telekanalına müsahibəsində Geyts "Əl-Qaidə" lideri Üsəma bin Laden barədə maraqlı açıqlamalar verib. O etiraf edib ki, ABŞ kəşfiyyatı "Əl-Qaidə" terror təşkilatının lideri Üsamə bin Ladenin harada olduğunu bilmir. "Biz onun yerini bilmirik, yoxsa biz onu çoxdan tutardıq" - deyə Pentaqon şefi vurğulayıb. Nazir, həmçinin bu günlərdə Əfqanıstanda ələ keçirilən "Taliban" üzvünün ifadələrinin həqiqiliyini təsdiq edə bilməyəcəyini deyib. "Taliban"çı bildirib ki, yanvar ayında yaxın bir dostu ona "Əl-Qaidə" liderini Əfqanıstanın cənub-şərqində gördüyünü deyib.
Bin Ladenlə görüşdüyünü bildirən həmin şəxs "bir nömrəli terrorçu"nun dünyanın bir sıra ölkələrdə fəaliyyət göstərən "Əl-Qaidə" üzvləri ilə görüşünü təşkil etdiyini etiraf edib. O, hətta öz dostunu da Ladenlə görüşdürə biləcəyini bildirib. Lakin həmin şəxs bunu istəməyib. O, sadəcə polislərin və hərbçilərin onu ələ keçirəcəyini və Ladenin harada olduğunu ondan soruşacaqlarından ehtiyat edib. Belə olan halda isə o, "Əl-Qaidə" liderinin həyatını təhlükə altına almış olardı. Pakistanlı məhbus BBC-nin İslamabaddakı müxbirinə deyib ki, dostu ona "Əl-Qaidə" liderinin sağ-salamat olduğunu bildirib. Özü də Ladenin səhhətində heç bir problem yoxdur, o, hətta yaraqlıları terror aktları həyata keçirməyə hazırlaşdıran təlimatçılara təlim də keçir. Onun sözlərinə görə, "Əl-Qaidə" lideri Pakistanda deyil, Əfqanıstandadır. O, daima bir yerdən başqa yerə hərəkət edir. Lakin Pakistan sərhədini keçmir. "Bir nömrəli terrorçu" ABŞ-ın pilotsuz təyyarələrinin onun yerini müəyyən edəcəyindən ehtiyatlanır. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş casusu, terrorizmlə mübarizə eksperti Bryus Ridel bəyan edib ki, Pakistanda ələ keçirilən talibin ifadələri nəinki MKİ, eyni zamanda, Böyük Britaniyanın MI-6 kəşfiyyat idarəsi üçün son 7 ilin ən əvəzolunmaz informasiyasıdır. Belə ki, Qərbin bu iki xüsusi xidmət orqanı neçə müddətdir ki, "Əl-Qaidə" liderinin müəyyən olunması üzrə nəticəsiz iş aparır. "Taliban" üzvünün verdiyi məlumatın həqiqət olması barədə böyük şübhələr var. Vaşinqtonda və Londonda uzun müddətdir belə fikir formalaşıb ki, Laden birmənalı Pakistan ərazisində gizlənir. Elə ötən həftənin sonu Əfqanıstanda ABŞ strategiyası ilə bağlı çıxış edən Barak Obama da xatırladıb ki, "Əl-Qaidə" liderləri Pakistana qaçıb. O zamandan bəri də Əfqanıstanla sərhəd ərazilər terrorçular üçün çox vacib zonaya çuvrilib. Az sonra Böyük Britaniyanın baş naziri Qordon Braun Pakistan hökumətinə müraciət edərək "bir nömrəli terrorçu"nun ələ keçirilməsi üzrə səyləri gücləndirməyə çağırıb. Ötən gün Pakistan hökumətinin rəhbəri Seyid Yusif Gilani britaniyalı həmkarının müraciətini cavablandırıb. Onun sözlərinə görə, Ladeni Pakistan ərazisində axtarmaq gərək deyil.
|