Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclasda 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarından və 2012-ci ildə qarşıda duran vəzifələrdən danışan dövlət başçısı Azərbaycanda idmanın inkişaf etdirilməsinə, bu istiqamətdə həyata keçirilən tədbirlərə də toxunub. O, 2012-ci ildə də sosial infrastrukturların, o cümlədən olimpiya komplekslərinin inşa ediləcəyini diqqətə çatdıraraq, hazırda müasir tələblərə cavab verəcək 10 olimpiya kompleksinin inşa edildiyini, daha 3 kompleksin tikintisi üçün isə hazırlıq işlərinin getdiyini vurğulayıb.
Prezident 2012-ci ildə Yay Olimpiya oyunlarının keçiriləcəyini də xatırladaraq, ölkəmizin bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını söyləyib: “2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcək. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim on olimpiya kompleksimiz tikiləcək. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcək. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri də tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı “Kristal” İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilib”.
Dövlət başçısı iclasdakı çıxışının sonunda 2012-ci ildə həm ölkə daxilində olan hadisələri, həm olimpiya oyunlarına hazırlığı əsas gətirərək, cari ilin “İdman ili” elan edilməsinin zəruriliyini bildirib. Elə həmin gün prezident İlham Əliyev 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda ölkədə idmanın inkişafının ildən-ilə geniş vüsət alması xatırlanaraq, müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görüldüyü, Olimpiya oyunlarında 4 qızıl, 3 gümüş və 9 bürünc medal qazandıqları diqqətə çatdırılıb. Bütün bunlar böyük tarixi nailiyyət kimi qələmə verilib: “İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə bu il futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi, paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq edir. Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London Olimpiadasında, dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə qərara alıram ki, 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan edilsin”.
65 min nəfərlik Bakı Olimpiya Stadionu
Dövlət başçısının çıxışında xüsusi ilə qeyd etdiyi idman obyektlərindən biri Bakı Olimpiya Stadionudur. Beynəlxalq səviyyəli bu arenanın təməli ötən il iyunun 6-da qoyulub. Prezident İlham Əliyevin də iştirak etdiyi təməlqoyma mərasimində FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. 65 min tamaşaçı yeri olacaq Bakı Olimpiya Stadionunda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastrukturun inşası nəzərdə tutulub. Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. 2015-ci ildə istifadəyə veriləcək Bakı Olimpiya Stadionunun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb. Layihənin müəllifi və tikintini həyata keçirən qurum Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkətidir. Qafqazda ən böyük idman arenası sayılacaq Bakı Olimpiya Stadionunun ümumi ərazisi 32 hektar olacaq və onun örtülü hissəsi 300 min kvadrat-metr ərazidə yerləşəcək. Stadionun hündürlüyünün təxminən 45 metr olacağı gözlənilir. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində əvvəllər neft məhsulları ilə çirkləndirilmiş ərazidə tikilir. ARDNŞ neft məhsulları ilə çirkləndirilmiş torpaqlardan səmərəli istifadə etmək məqsədilə orada bəzi obyektlərin inşasını da planlaşdırıb.
Respublika Stadionunda təmir işləri martın 15-də yekunlaşacaq
Hazırda isə Azərbaycanın ən böyük stadionu 37 min tamaşaçı tutumu olan Respublika Stadionudur. Ən möhtəşəm idman tədbirlərinin keçirildiyi bu arena əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır. Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 oktyabrında keçirilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar arenanın tikinti işləri yarımçıq qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. 1990-cı illərdə-dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra arena onun adını daşımağa başlayıb. 6 iyul 2011-ci ildə prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən stadionun əsaslı təmiri və yenidən qurulması üçün Prezidentin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 10 milyon manat məbləğində vəsait ayrılıb.
İndi təmir edilən stadionda işlər martın 15-də yekunlaşacaq. Təmir işləri ilə əlaqədar stadionun tribunasının üstü bağlanır, əlavə tribuna tikilir, soyunub-geyinmə otaqları və digər otaqlar yenidən qurulur, oturacaqlar və stadionun ot hissəsi dəyişdirilir, drenaj sistemi yenidən qurulur. Respublika stadionunun təmirində Cənubi Koreyadan olan mütəxəssislər də iştirak edirlər. Bundan başqa maraqlı məqamlardan biri də budur ki, stadionda Azərbaycana ilk dəfə olaraq ot örtüyünün altında qızdırıcı sistemin quraşdırılması nəzərdə tutulub. Bunun üçün Almaniyadan xüsusi qızdırıcı qurğu gətirilir. Bu qurğu ilin soyuq vaxtlarında ot örtüyünün ideal vəziyyətdə qalmasına şərait yaranacaq. Yenidənqurma işlərindən sonra stadionda VİP lojalar quraşdırılacaq və belə yerlərin sayı minə çatdırılacaq. Stadiondakı ümumi oturacaqların sayı isə 40 minə çatdırılacaq.
Tikilməkdə olan Bakı Kristal Zalı
Gənc müğənnilərimiz Eldar və Nigarın “Avrovizion” mahnı müsabiqəsində birinci yerə çıxaraq, bu beynəlxalq mədəni tədbirə ev sahibliyi etmək imkanını ölkəmizə qazandırmasından sonra Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksinin inşa edilməsinə başlanılıb. Dövlət başçısının 2011-ci il iyulun 7-də imzaladığı sərəncamına əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi bir sıra əməli tədbirlər həyata keçirib. Müasir beynəlxalq standartlara uyğun olaraq kompleksin layihələndirilməsinin və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi məqsədilə əlaqədar dövlət qurumlarının iştirakı ilə bir sıra xarici şirkətlərlə danışıqlar aparılıb. Danışıqlar nəticəsində müvafiq sahədə beynəlxalq nüfuza və təcrübəyə malik olan, inkişaf etmiş Avropa ölkələrində və dünyanın digər bölgələrində müxtəlif idman və mədəni məqsədlər üçün çoxsaylı layihələri uğurla başa çatdırmış Almaniyanın Alpine Bau Deutchland AG şirkəti podratçı kimi seçilib. Ötən il avqustun 2-də bu şirkətlə müqavilə imzalanıb, kompleksin inşa ediləcəyi ərazi müəyyən olunub və tikinti işlərinə başlanıb. 8 ay müddətində tikilib təhvil veriləcək “Bakı Kristal Zalı” adlandırılan İdman-Konsert Kompleksi müasir standartlara uyğun olacaq. Xarici görünüşü və daxili dizaynı ilə xüsusi fərqlənən kompleks beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün tələblərə və standartlara cavab verəcək.
Yay Olimpiya oyunlarına ev sahibliyi arzusu
Bunlarla yanaşı, Azərbaycan bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsi, Olimpiya hərəkatının genişlənməsi və geniş coğrafi məkanda təbliğinin təşkil edilməsi məqsədi ilə Bakı şəhərinin 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyini irəli sürüb. Ötən ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ilin Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Bunun ardınca prezident İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda Təşkilat Komitəsinə tapşırılıb ki, Bakı şəhərinin 2020-ci ilin XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etsin. Bildirilib ki, belə mötəbər yarışların Azərbaycanın paytaxtında keçirilməsi dünya idman aləmində ölkəmizin nüfuzunun daha da artmasına şərait yaradacaq.
Xatırladaq ki, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüb. İlk təqdimatın 2012-ci ilin fevral ayında baş tutması gözlənilir. BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq. Xatırladaq ki, vaxtilə Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürüb. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.
Ən nəhayət, möhtəşəm idman layihələrinin davamı kimi Bakı şəhərində Bədi Gimnastika Kompleksinin inşasına da başlanılıb. Bu idman obyekti dünyada ən gözəl kompleks olacaq. Kompleks özündə bədii gimnastika, akrobatika və tamblinq məşq zallarını birləşdirəcək və şəhərin incisinə çevriləcək. Bu da imkan verəcək ki, Azərbaycan bədi gimnastika üzrə beynəlxalq idman tədbirlərinə bundan sonra da ev sahibliyi eləsin.
Ümumiyyətlə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və ölkəmizdə idman növləri üzrə fəaliyyət göstərən federasiya, idman klub və cəmiyyətlərinin sıx əməkdaşlığı sayəsində həyata keçirilən tədbirlər, respublikamızda idman sahəsində əldə olunmuş nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq yarışlarında qazandığı uğurlar, eləcə də müasir standartlara uyğun yeni idman komplekslərinin istifadəyə verilməsi imkan verəcək ki, Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi, xüsusən də idmanın gündən-günə tərəqqisi naminə bu sahədə görülən işlər böyük bir fəaliyyət proqramının tərkib hissəsi kimi “İdman ili”ndə də uğurla davam etdirilsin.
Rufik İSMAYILOV